AZ

Azad Laçın təhlükəsiz məkan kimi inkişaf edir

2020-ci il 44 günlük savaşda döyüş meydanında ağır məğlubiyyətə uğrayan düşmən Laçını da təhvil verməyə məcbur oldu. Bu, hərbi qələbəmizin diplomatik müstəvidə davamı idi.

Təbii ki, Azərbaycan Silahlı Qüvvələri digər ərazilərimiz kimi, Laçını, Kəlbəcəri, Ağdamı da hərbi yolla azad etmək gücündə idi. Sadəcə, rayonun çox mürəkkəb relyefi və sərt hava şəraiti səbəbindən böyük itkilərin olacağı qaçılmaz idi. Döyüş meydanında əldə edilmiş parlaq qələbə nəticəsində 3 rayon bir güllə atmadan, itki vermədən azad edildi. Laçın düz 28 il işğal altında qaldı. 1992-ci ildə Laçın işğal edildikdən sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaranırdı ki, bu da işğalçı üçün strateji baxımdan əlverişli idi. 28 illik işğal dövründə Ermənistan Cenevrə Konvensiyalarının bütün prinsiplərini pozaraq, Laçın rayonunda coğrafi adları dəyişdirmiş, rayonun təbii resurslarını talan etmiş, burada demoqrafik tərkibi dəyişdirməklə qanunsuz məskunlaşma siyasəti aparmışdı. Lakin Laçının tarixini saxtalaşdırmaq cəhdləri boşa çıxdı. Laçın işğaldan azad olunduqdan sonra burada əhəmiyyətli infrastruktur layihələri icra edilir. Bu ilin mayında istifadəyə verilən, azad olunmuş ərazilərdə inşa olunan sayca 3-cü olan Laçın beynəlxalq hava limanı isə ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfədir.

Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən hava limanı ətraf ərazilərə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Beləliklə, bu gün - 26 avqust Laçın şəhər günü kimi qeyd olunur.Suverenliyimizin tam bərqərar edilməsindən sonra keçirilən şəhər günlərinin xüsusi tarixi əhəmiyyəti var. 30 ilə yaxın müddətdə Laçın şəhəri də digər yaşayış məntəqələrimiz kimi erməni vandalizminə məruz qalmışdı. Ermənistanın sərhəd tanımayan təxribatları 2-ci Qarabağ savaşından sonra da davam edirdi. Təkcə Laçın rayonu ərazisinə 2021-ci ildə, yəni müharibədən sonra 1400-dən çox yeni mina basdırılmışdı. Təbii ki, bu, açıq terror hərəkəti idi. 2023-cü il Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı bu təxribatlara da son qoydu. Antiterror əməliyyatlarından əvvəl isə - 2023-cü il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi quruldu. Bütün beynəlxlalq təzyiqlərə rəğmən heç kim rəsmi Bakını öz yolundan döndərə bilmədi.

Beləliklə, 23 apreldə sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası demək idi. Azərbaycan bunu beynəlxalq hüquq normaları çərçivəsində etdi. Avqustun 26-dan - Laçın şəhərinin azad olunmasından dərhal sonra isə Prezident İlham Əliyevin tapşırığı ilə bu ərazilərə bir neçə qrup göndərildi, bütün yaşayış fondunun təhlili, uçotu aparıldı, dəymiş ziyan hesablandı. Qısa zamanda Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən quruldu. 2023-cü il, mayın 28-də - Müstəqillik Günündə dövlət başçımız birinci qrup laçınlılara onların evlərinin açarlarını təqdim etdi. Beləliklə, Laçının dirçəliş dövrü başladı. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən, indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib. Laçının füsunkar təbiəti, turizm imkanları nəzərə alınaraq rayonda turizm infrastrukturunun qurulmasına da xüsusi diqqət yetirilir.

Bu ilin mayında dövlət baçımız burada yeni kanat yolunun təməlini qoydu. Burada yaradılan yeni infrastruktur yerli əhalinin rahatlığını təmin etməklə yanaşı, bu, bölgənin canlandırılması üçün böyük imkanlar yaradır.

Könül Nurullayeva,

Milli Məclisin deputatı 

Seçilən
8
7
azerbaijan-news.az

8Mənbələr