AZ

Ünvan

Telefonuma tez-tez zənglər gəlirdi…

- Salam, qohum! Mən Mehriban xanıma müraciət etmək istəyirəm. İş məsələsi ilə bağlıdır. Necə edə bilərəm? Elektron ünvanını tapa bilərsən?

Bir həftə keçməmiş Aprel döyüşlərində ayağını itirən qazimiz zəng edir: pizza sifarişi

- Heydər Əliyev Fonduna, Mehriban xanıma müraciət etmək istəyirəm. Evimiz uçub başımıza tökülür. Pensiyadan başqa gəlirim yoxdur. Səncə müraciət etsəm, kömək edərlərmi?

Mənim cavabım onu ümidləndirir. Bu dəfə daha inamlı danışır: 

- Bəs necə edim, sayta yazım, ya qəbula gedim?

Sonra başqa bir hərbçimiz, illərlə övlad həsrəti ilə yaşayan bir ata müraciət edir: 

- Mehriban xanıma ərizə yazmağa kömək edə bilərsən?

Onun problemini dinləyirəm, yanıma gəlir, birlikdə müraciət hazırlayırıq.

Ardınca daha bir zəng:

- Uşaq ağır xəstədir. Mehriban xanıma müraciət edəcəm, elektron poçtunu tapa bilərsən?

Sonra ard-arda şikayətlər:

- Torpağımı zəbt ediblər…

- Oğlumu şərləyib tutublar…

- Məni qanunsuz işdən çıxarıblar…

- Evim zəlzələdə dağılıb…

- Təhsil haqqını ödəyə bilmirəm…

- Əkin yerim susuzluqdan yanır, su yoxdur…

İllər əvvəl ən azı həftədə bir dəfə mənə belə müraciətlər olurdu. Problemi, ehtiyacı olan hər kəs Mehriban Əliyevanın köməyinə ümid bəsləyir, Heydər Əliyev Fonduna üz tuturdu. O, insanlar üçün sonuncu ünvan, problemlərin həll olunduğu yer idi.  

Hər kəs bilir, bura müraciət ediləndə əksəriyyət boş qayıtmırdı. İnsanların dərdi dinlənirdi, problemləri həll olunurdu. Ailə-məişət məsələsindən tutmuş sosial yardıma, sağlamlıq və təhsil problemlərinə qədər - sanki bir həyat körpüsü idi.

Təkcə birini danışım…

İllərlə övlad həsrəti ilə yaşayan bir hərbçi ailəsi vardı. Həyat yoldaşı dəfələrlə hamilə olurdu, amma uşaq ya ana bətnində tələf olurdu, ya da doğulandan az sonra həyatdan köçürdü. Nəhayət, ailə Birinci xanıma müraciət etdi. Məsələ Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürüldü. O qədər diqqətlə yanaşıldı ki, sanki öz doğmalarından övlad gözləyirdilər… 

Uzun illər müalicə, qayğı, dəstək… Və nəhayət, bir möcüzə baş verdi - ailədə sağlam körpə dünyaya gəldi. Amma bununla bitmədi. Hərbi şəhərcikdə yaşayan ailə paytaxtda mənzillə təmin edildi. O gün bu gün həmin ailənin evində bir işıq yanır və illər ötdükcə daha da gurlaşır. 

Aradan illər ötüb, ancaq ailə üzvləri yenə də Mehriban Əliyevaya dua edirlər. Hər ağızda bir dua, hər duada bir səbəb var…  

İndi fərqli dövrdəyik. Artıq heç kim məndən Mehriban xanıma müraciət üçün ünvan istəmir.

Bu o demək deyil ki, artıq problem yoxdur, hər kəsin dərdi-səri bitib. Xeyr. İnsan olan yerdə çətinlik də olacaq - bu, həyatın qanunudur. Sadəcə ona görə ki, artıq hər kəs o ünvanı əzbər bilir. Daha kimdənsə Mehriban Əliyevaya necə müraciət etməyin qaydasını soruşmağa gərək qalmayıb. 

Bu gün Mehriban xanımın doğum günüdür. Yəqin ki, bu doğum gününü də yenə qayğıya ehtiyacı olan insanlarla, yardıma möhtac ailələrlə bir yerdə keçirəcək. Bu, onun missiyasıdır! Onun üçün ən böyük təbrik - insanların xoş duasıdır. 

Bu yazıda heç bir pafosa yol vermədən sadəcə şahid olduqlarımı yazdım. Şahid olmadığım o qədər gözəlliklər var ki... Qoy onu da digər şahidlər yazsın. 

Sevinci paylaşdıqca artır, dərdi paylaşdıqca azalır.

Soydaşlarımız dərdlərini paylaşmaq üçün bir ünvan tapıb. Bu ünvanda dərd sevincə, kədər təbəssümə çevrilir. 

Ünvanımız daimi olsun!

Elnur Məmmədli

Seçilən
0
1
modern.az

2Mənbələr