AZ

Laçın: Dövlət iradəsinin gücünün təntənəsi – Tənzilə Rüstəmxanlı yazır

26 avqust – Laçın şəhəri günü təkcə bir tarixi xatırlatma deyil, həm də xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və ədalətin bərpasının simvoludur. Zəngin təbii sərvətləri ilə seçilən Laçın həm yaylaqları, həm də sıx meşə massivləri ilə Azərbaycan iqtisadiyyatında mühüm yerə sahib olub. Bu coğrafi əhəmiyyət onun strateji mövqeyini də şərtləndirirdi – Laçın həm Ermənistanla, həm də keçmiş Dağlıq Qarabağ ərazisi ilə sərhəddə yerləşirdi. Məhz bu səbəbdən 1992-ci ilin mayında Laçının işğalı təkcə ərazi itkisi deyil, eyni zamanda Azərbaycanın gələcək faciələrinin başlanğıcı oldu. Şuşa və Laçının ard-arda işğalı Ermənistanla Qarabağ separatçıları arasında quru əlaqəsi yaratdı və müharibənin gedişində tarazlığı ciddi şəkildə dəyişdirdi.


Təbii ki, Azərbaycan dövləti və xalqı heç zaman işğalla barışmadı. Çünki hər bir azərbaycanlı ölkəmizin Ulu Öndər Heydər Əliyevlə başlayan uğurlu inkişaf yolunun bir gün hər birimizi ali məqsədimizə çatdıracağına şübhə etmirdi.

Prezident İlham Əliyev 50 yaşı tamam olanda Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində laçınlılara azad Laçında daha gözəl şərait vəd etmişdi. Etiraf edək ki, işğal altındakı rayonlarımız arasında azad edilməsi ən müşkül bölgə Laçın idi. Təbii-coğrafi mürəkkəblikdən əlavə Laçın Ermənistan və havadarları üçün siyasi rıçaq idi və azad olunması üçün yalnız güclü ordu kifayət etmirdi. Lakin güclü ordusu, kəskin diplomatik zəkası, mübahisəsiz üstün liderlik qabiliyyəti, ən əsası isə xalqın istisnasız inamı, sevgisi və dəstəyi ilə Prezident İlham Əliyev bütün vədləri kimi, bu vədinə də sadiq qaldı.

Xalqımız cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə digər işğal olunmuş torpaqlarımız kimi, Laçın rayonununda alınmasının sevincini yaşadı. Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqust Laçın şəhəri günü kimi müəyyən olundu.

Bu hər birimiz üçün qürurverici bir tarixidir. Artıq Laçın özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Rayonun ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində işlər fasiləsiz olaraq davam etdirilir. İstifadəyə verilən müəssisələr, elektrik stansiyaları, çəkilən yeni yollar və tunellər müasir Laçının simasına çevrilmişdir.

Böyük Qayıdış Proqramı çərçivəsində Laçın rayonundan olan keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması sürətlə davam etdirilir. MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur. 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilmişdir.

Ölkə Başçısı Prezident İlham Əliyevin Laçına göstərdiyi xüsusi diqqət və həyata keçirdiyi mühüm tədbirlər sayəsində Laçın bu gün bir çox dövlətlərin diqqət mərkəzindədir. İşğal edilmiş bütün ərazilər kimi Laçın da Azərbaycan Prezidenti İlham Əliyevin heyrətamiz zəhməti, Vətənə böyük məhəbbəti sayəsində yenidən qurulur. Genişmiqyaslı quruculuq işləri Laçını yenidən canlandırır. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Burada bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu mənada Laçın həm də Zəfər və İnkişaf simvoludur.

Seçilən
13
4
moderator.az

5Mənbələr