AZ

Gənclər Kitabxanasında Laçın Şəhəri Günü münasibətilə materiallar hazırlanıb 

Respublika Gənclər Kitabxanasında Laçın Şəhəri Günü münasibətilə “Laçın azadlığın qanadında” adlı biblioqrafik icmal və ənənəvi kitab sərgisi hazırlanıb.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, icmal Laçın şəhərinin tarixi, mədəni, sosial və ədəbi irsi haqqında mövcud nəşrləri, məqalələri və digər informasiya mənbələrini bir araya toplayaraq geniş oxucu auditoriyasına təqdim etmək məqsədilə hazırlanıb. Materialda işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamın tam mətni, publisist Yasəmən Musayevanın “Laçına qayıdış büsatı” adlı məqaləsi, “Dəmir Yumruq – Vətən müharibəsi”, “MDB-nin mədəniyyət paytaxtı – 2025” başlığı altında məlumatlar, Laçın şəhərinin mədəni irsi - tarixi abidələrinin foto görüntüləri təqdim edilib.

Biblioqrafik icmalda Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan qələbə və Laçın rayonunun işğaldan azad olunması haqqında geniş məlumat verilib, Laçın rayonunda aparılan yenidənqurma işləri, yüzlərlə laçınlıların öz doğma torpaqlarına qayıtmalarına dair görüntülər yer alıb.

Materialda Vətən müharibəsi və Laçın şəhərinin tarixi, elmi, ədəbi, mədəni irsi, folkloru, əsrarəngiz təbiəti haqqında qələmə alınan “Laçın: həqiqətlər, mülahizələr, tarixi dəyərlər”, “Ədalət zəfər çaldı”, “Böyük Qayıdış: Laçın”, “Laçın rayonu və onun toponimləri”, “Zəngəzurun altun tacı Laçın”, “Mərdlik qalası Laçın” kimi 40-dan çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövrü mətbuat nümunələrinin siyahısı öz əksini tapıb.

Biblioqrafik icmal kitabxananın rəsmi saytında yerləşdirilib.

Kitabxanada “26 avqust Laçın şəhəri günü” adlı ənənəvi kitab sərgisində kitabxananın fondunda olan nəşrlər sərgilənib.

Seçilən
13
3
azerbaijan-news.az

4Mənbələr