AZ

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar  

Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədov MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov, onun müavini Abduraxmon Xotambekov, Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani ilə birgə 21-22 avqust tarixlərində Şuşa və Xankəndi şəhərlərinə səfər edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC- a verilən məlumata görə, əvvəlcə Şuşa şəhərində olan qonaqlar Heydər Məmmədovun müşayiətilə Yuxarı Gövhər Ağa məscidini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü və digər tarixi-mədəni abidələri ziyarət ediblər. Şuşanın özünəməxsus memarlıq üslubu, qədim tarixi və füsunkar təbiət mənzərələri nümayəndə heyətində dərin təəssürat yaradıb. Qonaqlar şəhəri mədəni və tarixi baxımdan böyük dəyərə malik bir irs nümunəsi kimi dəyərləndiriblər.

Daha sonra səfər Xankəndi şəhərində davam edib. Zəfər meydanı ilə tanışlıqdan sonra qonaqlar Qarabağ Universitetini ziyarət edib və universitetin rektoru Şahin Bayramov tərəfindən qarşılanaraq onlara təhsil ocağı barədə məlumat verilib, ali təhsil müəssisəsində aparılan işlər, qarşıda duran vəzifələr haqqında ətraflı danışılıb.

Ziyarət zamanı nümayəndə heyəti ali təhsil müəssisəsində həyata keçirilən elmi-tədris prosesi, akademik mühit və inkişaf perspektivləri ilə tanış olublar. Nümayəndə heyətləri universitetin müasir yanaşmalar əsasında fəaliyyət göstərməsini yüksək qiymətləndirib, burada formalaşan təhsil mühitinin regionun intellektual inkişafına töhfə verəcəyini vurğulayıb, eləcə də gələcəkdə bu təhsil ocağı ilə əməkdaşlıq təklifinə müsbət yanaşıblar.

Səfər çərçivəsində nümayəndələr Xankəndi şəhərinin mərkəzində yerləşən memarlıq abidələrinə, mədəniyyət ocaqlarına və digər tarixi məkanlara da baxış keçiriblər. Qonaqlar Xankəndidə aparılan bərpa və inkişaf işlərini təqdirlə qarşılayıb, şəhərin həm tarixini qoruyan, həm də müasirliyə inteqrasiya olunan simasını yüksək qiymətləndiriblər.

Seçilən
5
20
azerbaijan-news.az

10Mənbələr