AZ

"Heykəli Bakıdadır, bəzi əlyazmaları İstanbulda, məzarı isə..." - Nəsiminin məzarı Azərbaycana gətiriləcəkmi?

Kulis.az Millət vəkili, ədəbiyyatşünas Elnarə Akimovanın yazısını təqdim edir.

Nəsiminin məzarının Azərbaycana gətirilməsi kifayət qədər düşündürücü məsələdir. Şairin qəbrinin Hələbdə olması 600 il əvvəl Hələbdə Azərbaycan dilinin necə böyük bir mədəniyyəti təmsil etməsinin, Azərbaycan dilinin ərazilərinin necə geniş əhatə dairəsinə malik olmasının göstəricisidir. 600 il əvvəl Azərbaycan türklərinin ərəb torpaqlarında irfan dilini necə vüsətlə poetik dil statusu qazandırmalarının təkzib olunmayan ifadəsidir.

Nəsiminin məzarını 1968-ci ilin noyabrında Hələbə səfər etmiş Rəsul Rza aşkar etmişdir. Yəni 600 il Hələb şəhəri Azərbaycan şairinin məzarını ehtiramla qorumuşdur. Məzarın yaxınlığından keçən küçə də Nəsiminin adını daşıyırdı. Eyni sözləri Füzulinin Kərbəladakı məzarına da aid etmək olar və bunu heç bir halda Hüseyn Cavidin qərib məzarının tapılıb vətənə gətirilməsi ilə müqayisə etmək mümkün deyil. Cavid sovet hökuməti tərəfindən həbs olunub sürgün edilmiş və sürgündə də dünyasını dəyişmişdi. Ümummilli lider Heydər Əliyev elə həmin rejimin mövcud olduğu dönəmdə bu tarixi addımı atdı. Onun adsız-ünvansız məzarını həbs düşərgəsinin məzarlığından tapıb vətənə gətirdi. Ümummilli liderin bu hərəkəti bütün dünyada əks-səda verdi. Dünyaya isbat olundu ki, SSRİ burada yaşayan xalqların vahid vətəni deyil.

Nəsiminin yaşadığı dövrdə isə ərəb torpaqlarında hakim qüvvə türklər olub. İstər Məmlüklü dövləti, istər Osmanlı və s. Məncə, Hələbdə Nəsiminin nəslinin nümayəndələri indi də Nəsimi baba soyadı ilə yaşayırlar. 1968-ci ildə Rəsul Rzanı Nəsimi məzarının ziyarətinə “zahirən şirvanlıya bənzəyən” Hikmət Nəsimi adlı bir nəfər aparmışdı. Və məzar Nəsimilərin ailə məzarlığındaydı.

Heykəli Bakıdadır. Bəzi əlyazmaları İstanbulda, məzarı isə Hələbdə. Nəsimi dünyası 600 ildir ki, hər üç ünvanda bərqərardır.

Seçilən
6
3
kulis.az

6Mənbələr