Türkmənistan, Azərbaycan və Özbəkistan: Regionda iqtisadi güc və inteqrasiya
Azərbaycan Türkmənistan və Özbəkistan kimi türk dövlətlərinin qlobal bazarlara çıxışında əsas tranzit və koordinasiya rolunu oynayır. Ölkəmizin coğrafi mövqeyi, zəngin enerji ehtiyatları və inkişaf etmiş nəqliyyat infrastrukturu regional ticarət əlaqələrinin genişlənməsini şərtləndirir. Eyni zamanda tranzit və logistika imkanları enerji və sənaye potensialı ilə birləşərək regional iqtisadi əməkdaşlıq üçün güclü baza yaradır. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan mühüm nəqliyyat – enerji layihələri Azərbaycanın regional təsirini gücləndirir. Bu strateji infrastruktur tranzit imkanları ilə yanaşı, regional iqtisadi sinerji yaradır və qlobal bazarlara çıxışı genişləndirir.
Coğrafi və resurs üstünlükləri: Azərbaycanın əhəmiyyəti
Türkmənistan, Azərbaycan və Özbəkistan güclü strateji mövqeyə malik iqtisadi aktorlardır. Dünya Bankı (2024) göstərir ki, Avrasiyada yerləşən bu üçlük qlobal ticarət dəhlizlərinin kəsişməsində mühüm yer tutur və iqtisadi inteqrasiyanın sürətlənməsinə mühüm töhfə verirlər. Lakin burada Azərbaycan mühüm üstünlüyü ilə fərqlənir. Bunun əsas səbəbi odur ki, Türkmənistan və Özbəkistan coğrafi baxımdan qapalı məkanda yerləşir. Eyni zamanda hər iki ölkə beynəlxalq bazarlara birbaşa çıxış imkanlarından məhrumdur. Özbəkistan, ümumiyyətlə, dənizə çıxışı olmayan ölkədir və qonşu ölkələrin nəqliyyat infrastrukturundan yüksək dərəcədə asılıdır. Onun Avropa bazarlarına çıxışı üçün ən qısa marşrut belə 2–3 tranzit ölkəsindən keçir. Türkmənistan Xəzər dənizi üzərindən məhdud ticarət imkanlarına malikdir, dənizin dünya okeanlarına birbaşa çıxışının olmaması onun beynəlxalq nəqliyyat və ticarət marşrutlarının çevikliyini və effektivliyini zəiflədir. Eyni zamanda Türkmənistanın əsas enerji ixrac marşrutu olan Türkmənistan – Çin qaz kəmərinin uzunluğu, təxminən, iki min kilometr təşkil edir.
Bu səbəbdən hər iki ölkənin enerji resursları və sənaye məhsullarının qlobal bazarlara çıxarılması əlavə xərc tələb edir. Təcrübə göstərir ki, dənizə çıxışı olmayan ölkələr beynəlxalq ticarətdə struktur məhdudiyyətləri ilə üzləşir. Dünya Bankının hesablamalarına görə, belə ölkələrdə ixrac və idxal xərcləri orta hesabla 50 faizə qədər yüksək olur, çünki malların dünya bazarlarına çatdırılması üçün əlavə tranzit ölkələrdən istifadə edilməlidir. Bu, logistik müddətləri uzadır və rəqabət qabiliyyətini azaldır.
BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatına əsasən, dənizə çıxışı olmayan ölkələrdə iqtisadi artım digər ölkələrdən orta hesabla 1,2 – 1,5 dəfə ləng gedir. Bu səbəbdən hər iki ölkə beynəlxalq bazarlara inteqrasiya etmək üçün tranzit dövlətlərin infrastrukturundan asılıdır. Buna görə də hər iki ölkənin geoiqtisadi strategiyası mütləq şəkildə tranzit və logistik tərəfdaşlara bağlıdır.
Məhz bu çərçivədə Azərbaycanın tranzit potensialı – Orta Dəhliz, Bakı – Tbilisi – Qars dəmir yolu və Xəzər dənizi limanları – Türkmənistan və Özbəkistan üçün alternativlər yaradır və coğrafi məhdudiyyətlərin iqtisadi təsirlərini minimuma endirir. Azərbaycan tranzit ölkə kimi Türkmənistan və Özbəkistanın qlobal bazarlara çıxışını asanlaşdırır və daha effektiv vəziyyətə gətirir. Ulu Öndər Heydər Əliyev qeyd etmişdir ki, “Azərbaycanın tarixi və coğrafi mövqeyi bu ölkəni həm Qafqazda, həm də dünyada mühüm iqtisadi mərkəzə çevirir”. Beləliklə, Azərbaycanın Xəzər dənizindən Qara və Aralıq dənizlərinə olan əlverişli çıxışı Türkmənistan və Özbəkistanın beynəlxalq bazarlara inteqrasiyasını asanlaşdırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan Avrasiyanı Qərb və Şərq arasında birləşdirən strateji bir körpüdür, ölkəmizin mövqeyi bu üç ölkənin qlobal bazarlara çıxışını asanlaşdırır”.
İqtisadi inteqrasiyanın faydaları
İqtisadi inteqrasiya hər üç ölkənin iqtisadiyyatı üçün mühüm üstünlüklər vəd edir. Bu, ilk növbədə, Azərbaycan, Türkmənistan və Özbəkistan iqtisadiyyatlarının bir-birini tamamlaması ilə əlaqədardır. Türkmənistanın enerji ehtiyatları, Azərbaycanın enerji, ticarət və nəqliyyat infrastrukturu, Özbəkistanın isə sənaye və aqrar sferası birləşərək regional ticarəti və iqtisadi inkişafı gücləndirir. Dünya Ticarət Təşkilatı bildirir ki, bu üç ölkə arasında iqtisadi sinerji qlobal ticarətə də müsbət təsir göstərir. Çünki ölkələrin hər biri öz güclü, yəni müqayisəli üstünlüyə malik olduğu sahələrdə ixtisaslaşır. Bu, onu deməyə əsas verir ki, ölkələrin iqtisadiyyatlarının struktur komplementarlığı regional inkişafı və ticarət əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
Üç ölkə arasında mövcud əməkdaşlıq modelini “üçlü inkişaf və investisiya yaradılması” kimi xarakterizə etmək olar. Burada məqsəd yalnız yerli bazarları gücləndirmək deyil, həm də “yaşıl” texnologiyalar, bərpa olunan enerji layihələri və davamlı infrastruktur sahələrində inkişafa yönəlməkdir. Qeyd edilən sahələr iqtisadi inkişafı sürətləndirir və ətraf mühitin qorunmasına xidmət edir. Yeni investisiya sahələri və texnologiyalar vasitəsilə bu üç ölkə qlobal bazarda daha dayanıqlı və çevik iqtisadi struktur qura bilir.
Ötən illərin iqtisadi göstəriciləri hər üç ölkənin iqtisadi gücünü və potensialını daha aydın şəkildə göstərir. Üçlüyün iqtisadiyyatı, təxminən, 272 milyard ABŞ dolları həcmindədir. ASEAN-5 və Mərkəzi Avropa ölkələri ilə müqayisədə üçlüyün iqtisadiyyatı orta səviyyədə olsa da, qlobal iqtisadi güclərlə olan məsafə strateji üstünlük yaradır və regional inteqrasiyasının dəyərini artırır. Əlavə olaraq üçlüyün iqtisadi dayanıqlığı və davamlı infrastruktur təşəbbüsləri üçün əlverişli şərait də mövcuddur. Son 3 ildə iqtisadiyyatın orta hesabla hər il Özbəkistanda 6,3 faiz, Türkmənistanda 3,2 faiz, Azərbaycanın qeyri-neft sektorunda isə 6,5 faiz böyüməsi buna bariz nümunədir.
Ticarət əlaqələrinə gəldikdə isə, Azərbaycan – Özbəkistan və Azərbaycan–Türkmənistan arasında ticarət dövriyyəsi müvafiq olaraq 255 milyon və 380 milyon ABŞ dolları təşkil edir. Üç ölkə arasında ümumi ticarətin həcmi 135 milyard ABŞ dollarına yaxındır. Bu göstərici yeni tranzit marşrutlarının yaradılması ilə mövcud imkanların daha da artırılması sahəsində geniş imkanların hələ mövcudluğunu göstərir. Həmçinin qlobal güclərə olan məsafə və strateji mövqe bu payı sürətlə artırmaq üçün əlverişli imkan yaradır.
Haşiyə: ölkə nümunələri
Üçlük arasında iqtisadi inteqrasiyanın möhkəmlənməsinin əhəmiyyətini anlamaq üçün digər ölkə nümunələrinə baxaq. Təcrübəyə görə, iqtisadi inteqrasiya potensialı olsa da, bəzi ölkələr arasında iqtisadi əməkdaşlıq hələ də inkişaf etməyib və bu səbəbdən qarşılıqlı ticarət zəif inkişaf edir. Məsələn, Qazaxıstan və Özbəkistan arasında illik ticarət dövriyyəsi təxminən 6-7 milyard ABŞ dolları təşkil edir, halbuki coğrafi mövqe və resurslar nəzərə alındıqda ticarət potensialı daha yüksəkdir. Əsas səbəblər tranzit və infrastrukturun tam inkişaf etməməsi (iki ölkə həmsərhəd olsa da, infrastruktur sahələri hələ tam inkişaf etməyib), maliyyə və investisiya imkanlarının məhdudluğu, institusional fərqliliklər, həmçinin alternativ iqtisadi tərəfdaşlara üstünlük verilməsidir.
Əksinə, mövcud imkanlardan faydalanmaq iqtisadi inkişafı sürətləndirə və yeni texnoloji yeniliklərə yol aça bilər. Misal üçün, Türkiyə və Azərbaycan arasındakı iqtisadi əməkdaşlıq və bu əməkdaşlığın gücləndirilməsi hər iki ölkə iqtisadiyyatına mühüm təkan vermişdir. Azərbaycan və Türkiyənin müştərək layihələri və inkişaf etmiş infrastruktur ticarət əlaqələrini möhkəmləndirərək regional iqtisadiyyatı gücləndirir. Təsadüfi deyil ki, Azərbaycanın ticarət dövriyyəsində Türkiyə 13 faiz payla ikinci ölkədir.
Afrika ölkələri isə fərqli təcrübə nümayiş etdirir. Burada ölkələr arasında iqtisadi əməkdaşlığın zəif olması ticarət əlaqələrini məhdudlaşdırır və iqtisadiyyatın zəifləməsinə səbəb olur. Xüsusilə Sub-Sahara Afrikası ölkələrinin iqtisadi inteqrasiyadan faydalanmaması onların hətta ən kasıb bazarlarda belə geridə qalmasını şərtləndirmişdir. Sub – Sahara Afrikası ölkələri arasında iqtisadi əməkdaşlığın zəifliyi bu regionun qlobal ticarət dövriyyəsində, təxminən, 2-3 faiz paya sahib olmasına səbəb olur. Afrika ölkələrinin iqtisadiyyatı cəmi 2,5 – 3 trilyon ABŞ dolları həcmindədir, amma bu bölgə hələ də böyük iqtisadi potensiala sahibdir.
Mövcud iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə ölkələr arasında saziş (AfCFTA – Afrika Qitəsi Ticarət Sazişi) də imzalanmış və bu, qarşılıqlı iqtisadi əməkdaşlığın inkişafına yönələn mühüm addım olmuşdur. Sözügedən sazişin 2030-cu ilə qədər 16 milyon yeni iş yeri və 450 milyard dollarlıq əlavə dəyər yaradacağı gözlənilir. Belə əməkdaşlığın gücləndirilməsi ticarət əlaqələrini inkişaf etdirə və regional iqtisadiyyatı genişləndirə bilər.
Əksinə, Çin və Avropa İttifaqı arasındakı güclü iqtisadi əlaqələr və strateji inteqrasiya hər iki tərəfin iqtisadi inkişafına mühüm təkan vermişdir. Bu iki ölkə iqtisadi əməkdaşlığın dərinləşməsi nəticəsində 700 milyard ABŞ dolları həcmində ticarət dövriyyəsinə sahibdir. Avropa İttifaqı Çin üçün ikinci ən böyük ticarət tərəfdaşıdır. Eyni zamanda Çin Aİ-nin ən böyük ticarət tərəfdaşlarından biridir. Çin ilə Avropa İttifaqı arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində yeni texnologiyaların tətbiqi və innovativ iqtisadi modellər hər iki regionun iqtisadi böyüməsini sürətləndirmiş və qlobal iqtisadiyyata onların təsir gücünü artırmışdır.
Bütün bunlar Türkmənistan, Azərbaycan və Özbəkistan arasında iqtisadi inteqrasiyanı gücləndirmək üçün bir sıra mühüm dərslərin mövcudluğunu vurğulayır. Məsələn, Qazaxıstan və Özbəkistanın təcrübəsi göstərir ki, tranzit və infrastruktur problemləri, strateji planlaşdırmanın çatışmazlığı ticarət imkanlarını məhdudlaşdırır. Həmçinin, Sub – Sahara Afrikası ölkələrinin AfCFTA vasitəsilə əldə etdiyi nailiyyətlər göstərir ki, iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi ticarət dövriyyəsini artırır, yeni texnologiyaların tətbiqi, investisiya imkanlarının genişlənməsi və innovativ layihələrin inkişafı üçün də zəmin yaradır. Beləliklə, bu ölkələr üçün inteqrasiya təşəbbüsləri iqtisadi artımı sürətləndirir, regional layihələr və investisiyalar vasitəsilə uzunmüddətli inkişaf potensialı yaradır.
Türkdilli dövlətlərin yeni iqtisadi platforması
Üç ölkə arasında formalaşan iqtisadi əməkdaşlıq eyni zamanda türkdilli ölkələrin ortaq inteqrasiya platforması olan Türkdilli Dövlətlər Təşkilatının (TDT) iqtisadiyyatlarının gələcək inkişafında da mühüm mərhələdir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional layihələr TDT ölkələri arasında iqtisadi əlaqələri dərinləşdirən əsas dayaqlardan birinə çevrilmişdir. Bu layihələr türkdilli dövlətlər arasında ticarətin asanlaşdırılmasına, tranzit müddətlərinin qısaldılmasına və logistik xərclərin azalmasına xidmət edir.
Azərbaycanın liderlik rolu burada xüsusi diqqətə layiqdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin Avrasiya məkanında strateji mövqeyi Qərblə Şərqi, Şimalla Cənubu birləşdirən körpü rolunu oynayır. Bu mövqe güclü iqtisadi əməkdaşlığa və TDT ölkələrinin beynəlxalq bazarlarda daha rəqabətqabiliyyətli iştirakına imkan yaradır.
TDT çərçivəsində iqtisadi inteqrasiyanın güclənməsi bir neçə əsas istiqamətdə özünü göstərir. İlk növbədə, tranzit və logistika əməkdaşlığı diqqət çəkir. Orta Dəhlizin inkişafı və Xəzər üzərindən multimodal daşımaların genişlənməsi TDT ölkələrinin qlobal bazarlara daha sürətli və səmərəli çıxışını asanlaşdırır. Bununla yanaşı, enerji əməkdaşlığı da xüsusi əhəmiyyət kəsb edir. Türkmənistanın qaz ehtiyatları, Azərbaycanın bərpa olunan enerji imkanları və Qazaxıstanın xammal resursları potensialı ortaq enerji təhlükəsizliyi formatında inteqrasiyanı möhkəmləndirir.
Digər mühüm istiqamət sənaye və aqrar istehsalın sinerjisidir. Burada Azərbaycan və Özbəkistanın sənaye məhsulları, Qırğızıstan və Qazaxıstanın aqrar potensialı ilə birlikdə dəyər zəncirinin formalaşdırılması TDT məkanında iqtisadi dayanıqlılığı artırır. Nəhayət, yeni texnologiyalar və yaşıl iqtisadiyyat sahəsində əməkdaşlıq da diqqətəlayiqdir. Birgə innovasiya layihələri, rəqəmsal iqtisadiyyat və bərpa olunan enerji təşəbbüsləri inteqrasiyanı daha çevik və müasir mərhələyə daşıyır.
Dünya Bankı və BVF kimi beynəlxalq qurumların təhlilləri göstərir ki, regional iqtisadi blokların uğuru məhz nəqliyyat infrastrukturunun səmərəliliyi, ticarət xərclərinin azalması və qarşılıqlı etimad mühiti ilə sıx bağlıdır. Bu mənada TDT-nin qarşıdakı onillikdə iqtisadi baxımdan yeni bir güc mərkəzinə çevrilməsi real perspektiv kimi qiymətləndirilə bilər.
Nəticə olaraq, Türkmənistan, Azərbaycan və Özbəkistanın iqtisadi əməkdaşlığı yalnız üç ölkənin deyil, bütövlükdə Türkdilli Dövlətlər Təşkilatının inteqrasiya proseslərini gücləndirir. Bu əməkdaşlıq modelinin dərinləşdirilməsi TDT məkanında vahid bazarın formalaşması, birgə investisiya layihələrinin həyata keçirilməsi və qlobal dəyər zəncirlərində türkdilli ölkələrin rolunun artması üçün möhkəm zəmin yaradır.
Perspektivlər: Azərbaycanın iqtisadi liderlik rolu
Türkmənistan, Azərbaycan və Özbəkistan arasındakı iqtisadi əməkdaşlıq regional inteqrasiyanın güclənməsinə və ölkələrin qlobal bazarlardakı mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir. Bu üç dövlətin coğrafi mövqeyi və resurs potensialı onlara qlobal iqtisadiyyatda yeni imkanlar açır. Enerji, sənaye, ticarət və logistika sahələrində formalaşan sinerji isə hər üç ölkənin qlobal iqtisadi sistemdə daha fəal iştirakını təmin edir və regional inteqrasiyanı da sürətləndirir.
Əməkdaşlığın uğur qazanmasında hər bir ölkənin spesifik rolu diqqət çəkir. Türkmənistanın zəngin enerji ehtiyatları regional ixrac və enerji tədarükünün etibarlılığını artırır və region iqtisadiyyatının əsas dayaqlarından birinə çevrilir. Azərbaycanın tranzit və logistika imkanları isə bu əməkdaşlığı qlobal miqyasda əvəzolunmaz edir. Xüsusilə Transxəzər Marşrutu və Orta Dəhliz layihələri iqtisadi əlaqələri genişləndirməklə yanaşı, yaşıl iqtisadiyyat prinsiplərinə uyğun davamlı inkişaf üçün də mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycanın coğrafi mövqeyi və inkişaf edən infrastruktur imkanları dünya iqtisadiyyatında yeni əlaqələrin yaranmasına şərait yaradır və qlobal ticarət şəbəkələrinin effektivliyini artırır. Digər tərəfdən, Özbəkistanın inkişaf etmiş sənaye və aqrar sektoru da əməkdaşlıqda həlledici rol oynayır. Bu sektorların yüksək istehsal və ixrac potensialı regionun iqtisadi inteqrasiyasını gücləndirir və ölkələrin bazarlarını daha rəqabətqabiliyyətli edir.
Bu fərqli potensialların birləşməsi ölkələr arasında səmərəli əməkdaşlıq mexanizmi yaradır. Bu çərçivədə əməkdaşlıq yalnız iqtisadi əlaqələrin birləşdirilməsi ilə məhdudlaşmır; resursların optimal istifadəsi iqtisadi artımın sürətlənməsinə, yeni iqtisadi sahələrin inkişafına və yaşıl texnologiyalarla davamlı infrastrukturun təşviqinə imkan verir. Bununla da ölkələr ticarət coğrafiyasını diversifikasiya etmək və qlobal bazarlarda daha güclü mövqeyə sahib olmaq imkanı qazanır.
Əməkdaşlığın uğurlu davamı üçün əsas şərtlərdən biri makroiqtisadi sabitlikdir. BVF-nin məlumatları göstərir ki, hər üç ölkənin fərqli, lakin bir-birini tamamlayan iqtisadi göstəriciləri mövcuddur. Aşağı inflyasiya, aşağı xarici borc, tədiyə balansında müsbət cari hesab və xarici sərmayələrin artması bu ölkələrin dayanıqlı iqtisadi mühitə malik olduğunu sübut edir. Belə sabitlik qarşılıqlı etimadı gücləndirir, uzunmüddətli iqtisadi əməkdaşlıq üçün və xarici sərmayələrin daha çox cəlb olunmasına şərait yaradır.
Bütün bu amillər birlikdə üç ölkənin qlobal bazarlara inteqrasiyasını və strateji üstünlüklərini möhkəmləndirir. İri infrastruktur layihələrinin reallaşdırılması yeni investisiya imkanları açır və iqtisadi şəbəkənin genişlənməsinə səbəb olur. Əməkdaşlıq eyni zamanda regionu qlobal iqtisadi sistemdə yeni oyunçuya çevirir. Azərbaycanın təşəbbüsləri bu prosesdə xüsusilə əhəmiyyətlidir: tranzit gəlirlərinin artması, ölkənin etibarlı logistika və enerji qovşağı kimi mövqeyinin möhkəmlənməsi real strateji üstünlüklər yaradır. Xarici ticarətdən məlum olan qravitasiya modeli göstərir ki, tranzit məsafəsinin qısalması və logistika xərclərinin azaldılması ticarət həcmini əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda iqtisadi coğrafiya konsepsiyasına əsasən isə iqtisadi əməkdaşlıq sənaye və xidmətlərin klasterləşməsinə təkan verir. Bu da regionda iqtisadi inkişaf perspektivlərinin dayanıqlığını daha da gücləndirir.
Nəticə etibarilə, Türkmənistan, Azərbaycan və Özbəkistanın iqtisadi əməkdaşlığı həm regional iqtisadiyyatların güclənməsinə, həm də qlobal ticarət şəbəkəsində yeni imkanların yaranmasına şərait yaradır. Enerji və logistika sahələrində formalaşan sinerji hər üç ölkənin iqtisadi gücünü artırır, strateji mövqelərin möhkəmlənməsi isə inteqrasiyanı daha da dərinləşdirir. Hər bir ölkənin spesifik sahədə malik olduğu potensial qarşılıqlı tamamlayıcı yaratmaqla regional əməkdaşlığın dayanıqlığını artırır və qlobal iqtisadiyyatda daha güclü mövqeyə çıxış imkanı verir.
Şaiq ADIGÖZƏLOV,
iqtisad üzrə fəlsəfə doktoru