AZ

Bu il BMU-nu seçən yüksək bal toplamış abituriyentlərin sayı iki dəfəyə yaxın artıb

Bakı Mühəndislik Universitetinə (BMU) 2025-2026-cı tədris ili üçün bakalavriat səviyyəsinə tələbə qəbulunda yüksək göstəricilər əldə olunub.

“İki sahil” xəbər verir ki,  BMU-dan bildirilib ki, bu, son iki ildə universitetin keyfiyyətli təhsil, tədris prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması, müasir infrastruktur, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı, ümumilikdə gələcəyə yönəlmiş islahatlar istiqamətindəki uğurlu fəaliyyətinin daha bir bariz göstəricisidir. Qeyd edilənlərlə yanaşı, universitetdə tətbiq olunan innovativ yeniliklər, o cümlədən ikili diplom proqramları, rəqəmsal tədris platformaları, müasir laboratoriyalar, startap yönümlü təşəbbüslər abituriyentlərin BMU-ya üstünlük verməsində mühüm rol oynayıb.

Universitetə builki qəbul planında ixtisasların sayının 36-dan 39-a çatdırılmasına və ayrılan plan yerlərinin artmasına baxmayaraq, bakalavriat səviyyəsi üzrə qəbul 96 faiz, o cümlədən IV və V qruplarda 100 faiz, II qrupda 100 faiz, I qrupda isə 92.86 faiz təşkil edib. Ali təhsil ocağını seçən abituriyentlərin 56.92 faizi dövlət sifarişi əsasında təhsil alacaq.

Birinci mərhələdən sonra universitetə 39 ixtisas üzrə ümumilikdə 2468 nəfər qəbul olub ki, bu da BMU-nun tarixində növbəti ilkdir.

Bundan başqa, BMU-ya üstünlük verən yüksək bal toplamış abituriyentlərin sayında da ötən illə müqayisədə iki dəfəyə yaxın artım qeydə alınıb. Qəbul olanların 395 nəfəri 500-dən yuxarı, 53 nəfəri isə 600-700 bal arasında nəticə göstərib. Yüksək nəticə göstərən abituriyentlərin seçdiyi ixtisaslar sırasında əsasən informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri, kimya mühəndisliyi, data analitikası, elektrik və elektronika mühəndisliyi, həmçinin, riyaziyyat, maliyyə, kimya, biotexnologiya, biznesin idarə edilməsi, sənaye mühəndisliyi, inşaat mühəndisliyi yer alıb. Ən yüksək balla BMU-ya qəbul olan abituriyent isə informasiya texnologiyaları ixtisasını (ingilis bölməsi) seçib.

Ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 6-dək (saat 18:00-dək) elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Avqustun 28-dən sentyabrın 2-dək isə boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.

Seçilən
1
7
ikisahil.az

9Mənbələr