AZ

“Şükr edirik ki, Laçından birbaşa Naxçıvana getmək arzumuz reallaşır” - Qəzənfər Hüseyn

Yazını böyüt
Yazını kiçilt

Bu gün - avqustun 26-sı “Laçın şəhəri günü”dür. Azərbaycan xalqı, laçınlılar bu tarixi günü xüsusi vurğu, xüsusi diqqət və sevgi ilə qeyd edir. Çünki “Laçın şəhəri günü”ndə bu ecazkar diyarın bir güllə atılmadan azad edilməsi, Laçın-Xankəndi yolunda gənclərimizin düşmənin ekoloji dağıntılar və maddi-mənəvi sərvətlərimizin talanmasına qarşı 138 gün davam edən aksiyası, nəhayət, Azərbaycan əsgərinin Sus və Zabux kəndlərini tam olaraq öz nəzarətinə götürməsi və ümumən tam azad olunması prosesində yaşanan hadisələrin mənzərəsi üzərində təqvimə düşüb və təhlil olunur.

“Laçın şəhəri günü” ilə bağlı hafta.az-a hazırda Laçında məskunlaşan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Laçın rayon təşkilatının sədri Qəzənfər Hüseyn danışıb.

- Bu gün, 26 avqust Laçın şəhəri günüdür. Hazırda Laçın şəhərində yaşayan bir laçınlı olaraq bu şəhərin bir güllə atılmadan azad olunması ilə bağlı hansı təəssüratları bizimlə bölüşmək istərdiniz?

- 2020-ci il dekabrın 1-də işğalçı erməni dəstələrinin qalıqları silahı yerə qoyaraq Laçından çıxdılar. 2022-ci avqustun 26-da Azərbaycan Ordusu Zabux və Sus kəndlərini nəzarətə götürdü. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən avqustun 26-sı Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu gün hər bir laçınlının, bütövlükdə Azərbaycan xalqının qürurla qeyd etdiyi günlərdən biridir. Buna görə ordumuza, Ali Baş Komandana, bu yolda canından, qanından keçən şəhidlərimizə, qazilərimizə borcluyuq, minnətdarıq. Ali Baş Komandan həmin gün bütün xalqımızı, laçınlıları təbrik edərkən Laçın rayonunun işğaldan azad olunmasını tarixi hadisə adlandırdı. Prezident dedi ki, - “Bir güllə atmadan Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə elə bir gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları həmin gün bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”. Təbii ki, bütün bunlar özbaşına baş vermədi. Laçın rayonunun 1 güllə atılmadan azad olunmasını 2020-ci ilin 27 sentyabrından başlayaraq cəmi 44 gün davam edən Vətən müharibəsi, Müzəffər Ordumuzun ermənilərə qarşı əks-hücumu zamanı Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini, “məğlubedilməzlik” miflərini cəsarətlə yarıb keçən əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin qanı və canı bahasına əldə etdik. Bu gün tezliklə ata-baba yurdlarına dönəcəkləri günü gözləyən laçınlılar qəti əmindirlər ki, qısa müddət ərzində Laçın rayonu ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında əvvəlkindən də gözəl inkişaf etmiş bir bölgəyə çevriləcəkdir.

- Laçın gözünüzün qarşısında necə canlanır, necə bərpa olunur?

- Təbii ki, dövlətimiz Laçının bərpa-tikinti işlərinin tezliklə başa çatdırılmasında maraqlıdır. Dövlətimiz öz keçmiş məcburi köçkünlərinin, eləcə də bütün laçınlıların öz doğma yurduna qayıdışı, təhlükəsiz, sülh içində yaşaması, məşğulluğunun təmin edilməsi üçün əlindən gələni edir. Çünki Laçın Ermənistanla sərhəddə yerləşən strateji əhəmiyyətə malik rayondur və onun hərtərəfli inkişafı, əhalinin sıx məskunlaşdığı əraziyə çevrilməsi strateji əhəmiyyətə malikdir. Amma Ermənistanın 30 illik işğalı dövründə Qarabağ və Şərqi Zəngəzur bölgəsində törətdiyi ağlasığmaz vəhşilikləri, dağıntıları aradan qaldırıb tez bir vaxtda bərpa etmək elə də asan deyil. İnanırıq ki, Laçın daha gözəl və yüksək səviyyədə bərpa olunacaq və hər bir laçınlı öz yeni evlərinə dönəcəklər.

Bu gün Laçın yenidən qurulur, doğma sakinləri öz yurduna qayıdır. Artıq 3500-dən çox sakinin daimi məskunlaşması təmin edilib. Bu günə qədər Laçına köçənlər olub. Amma şəhər sakinlərinin çox az bir hissəsi burada məskunlaşıb. Köç edənlərin çoxunun evləri, bizim də evimiz bərpa olunub. Yenidən tikiləcək evlər azdır. 7-8 ay ərzində şəhər bərpa olunub, küçələr salınıb, kinoteatrlar, xəstəxanalar tikilib. Laçın kinoteatrı düşmənin işğalı zamanı tamamilə yandırılmışdı. İndi LaCinema klub adlanır. Onun necə dağıdılması, yandırılması barədə vidolar var. Bu gün yenə də Laçın günü ilə bağlı orada Azərbaycanın general qubernatoru Xosrav bəy Sultanov haqqında film nümayiş olunacaq. Laçında Hoçaz film kinostudiyası var.

Bununla yanaşı, Laçında hələ çox evlər tikilməlidir. Məsələn, dediyim kimi, mənim və bir çoxlarının evləri bərpa edilib, pis-yaxşı, qüsurları olsa da tikilib, əsas odur ki, içində yaşayırıq. Amma elə evlər də var ki, tamamilə  dağıdılıb, yeri belə itib. Həmin evlər sıfırdan tikilməlidir. Yəqin ki, dövlət pul vəsaiti ayırdıqdan sonra bu işlər görüləcək. Hamı gözləyir. Hamı öz evinə qayıtmaq istəyir. Amma onu da bilirik ki, bu çətin prosesdir. Məcburi köçkünlük dövründə insanlarımız bir ilin içində harda imkan var, məskunlaşmışdı. Kimlərsə qohum evlərində, kimlərsə ictimai binalarda, yataqxanalarda… heç kim küçədə qalmadı. Amma dağıdılmış yerləri bərpa edib, ora yenidən həyat vermək çətindir. Məlumdur ki, Laçında olan 125-dən çox kənddən üçü bərpa olunub. Bu proses tək Laçında getmir. Bu günlərdə Kəlbəcərə köç oldu.

İş gedir. Şuşada, Xocalıda, Xankəndidə, Şərqi Zəngəzurun rayonlarında. Füzuli, Ağdam, Cəbrayıla köçlər edildi və hazırda bərpa işləri davam edir.

- Laçında fəaliyyət göstərən marketlər, iş yerləri haqqında da məlumat verərdiniz?

- Laçında ilk gündən "Rahat" market fəaliyyətə başladı. Sonra "Araz" və “Oba" marketləri də xidməti göstərməyə başladı. Bunlardan başqa da tərəvəz, ət satışı, təsərrüfat malları və xırdavat mağazaları fəaliyyətdədir. Şəhərdə gündəlik bazar da işləyir. Gözlənilir ki, Laçından kənarda gündəlik böyük bazar fəaliyyət göstərsin.

- Laçınlılar sülh danışıqları prosesində Böyük Qayıdışı necə təsəvvür edirlər?

- Laçından Naxçıvana - Sisian (Qarakilsə) və Görusdan keçmək üçün təxminən 80 kilometr civarında yol var. Mənim  həyətimdən baxanda Şisanın, Gorusun üstündəki üçtəpələr görünür. Sol tərəfdə Qafan görünür.

Qısa bir haşiyə çıxım: Laçında yaşasam da, heç vaxt Naxçıvana getməmişəm. Bir çox xarici ölkələrə, getsəm də, əksər rayonlarımızda olsam da, Naxçıvana getməmişəm. Mən vaxtilə komsomal təşkilatında işləyən bir naxçıvanlı yoldaşla danışanda, o mənə deyirdi ki, sən darıxma, səni Laçından birbaş Naxçıvana aparacam. Bu söhbət 20 il əvvəl olub. Şükür ki, bu gün tarxi torpaqlarımıza qayıdışla bağlı arzularımız Zəngəzur dəhlizi ilə gerçəkləşəcək. Qəbi Zəngəzura getmək arzumuz reallaşır. Bizim azərbaycanlıların o yerlərdə böyük tarixi izləri var. Bu böyük dəyərdir. Buna böyük ümidimiz var. ABŞ-da avqustun 8-də baş tutan Tramp-Əliyev-Paşinyan görüşü regionumuzda sülh müqaviləsinin bağlanmasına dair böyük ümidlər yaradıb. Hazırda aparılan sülh danışıqları və sülh sənədinin paraflanması İlham Əliyevin qətiyyəti sayəsində baş verib. Onun qətiyyəti olmasaydı, biz yenə də ATƏT-in turist səfərlərini izləyər, yenə də BMT-nin qısır təşkilatının danışıqlarını gözləyərdik. Amma zaman başqadır, biz öz yurdumuza qayıdır və hər gününü bayram edirik.

Seçilən
24
hafta.az

1Mənbələr