AZ

İmtahansız tələbə olan bacı-qardaşın hekayəsi - “Bacım çox çalışırdı, mən o qədər yox...”

Lənkəran rayonunun Tütəpeştə kəndindən olan Məlahət və Əliyyiəkbər Şirinlilər bu il heç bir imtahan vermədən ölkənin ən nüfuzlu universitetlərinə qəbul olublar.

Belə ki, Respublika Fənn Olimpiadasının bürünc medalçısı Məlahət Şirinli Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına, qardaşı Respublika Fənn Olimpiadasının ikiqat bürünc medalçısı, Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasının bürünc medalçısı Əliyyiəkbər Şirinli isə ADA Universitetinin Kompüter elmləri ixtisasına qəbul olub.

Bizim.Media xəbər verir ki, ailədə iki uşaq olduqlarını deyən Əliyyiəkbər “qafqazinfo.az”a açıqlamasında qeyd edib ki, bacısı ondan bir yaş böyükdür. Məlahət 12-ci sinfi ABŞ-nin Texas ştatında oxuduğu üçün onlar ikisi də bu il universitetə qəbul olublar.

Məlahət bildirib ki, o, ilk dəfə 10-cu sinifdə oxuyarkən Kimya Fənn Olimpiadasından bürünc medal qazanıb:

“11-ci sinfin buraxılış imtahanından 292 bal toplayaraq məktəbi “Qızıl döş nişanı” ilə bitirmişəm. Həmin vaxt IV qrupa hazırlaşırdım. Qəbul imtahanında 627 bal toplamışdım. Lakin mən bundan imtina etdim və Amerikada 12-ci sinfi oxumağa getdim. Oradan qayıdandan sonra isə mənim fikirlərim tamamilə dəyişdi və kimya sahəsini seçdim. Məktəb illərindən kimyaya marağım var idi. Amma Amerikadakı təhsilimin, orada tanış olduğum mütəxəssislərin də burada rolu çox oldu. Məhz elə buna görə də BANM-i seçdim. Gələcəkdə isə təhsilimi xaricdə davam etmək istərəm”.

Onların hər ikisi olimpiadalarda bürünc medal əldə etsələr də, əslində tamamilə fərqli şəkildə hazırlıq proqramları olub.

Əliyyiəkbər deyir ki, bu yolunda ona işıq saçan elə bacısı olub: “Mən ilk dəfə elə bacımdan ilhamlandım. Düşündüm o bacarırsa, eyni ailədən çıxmışıq, mən də bacararam. Bacım çox dəstək oldu. “Online” olimpiadalarda iştirak edirdik və uğur qazanmayanda ruhdan düşürdüm, lakin bacım məni həvəsləndirirdi. Biz heç vaxt dərsləri birlikdə hazırlaya bilməmişik. Çünki hazırlıq proqramımız tamamilə başqa idi. Seçdiyimiz sahə də, hədəflərimiz də fərqlidir. Buna görə də fərqli universitetlər seçmişik. Bacım kimya sahəsini sevir və onu seçib. Bu ixtisas ADA universitetində yox idi. Onun planları adətən xariclə bağlıdır. Təhsilini xaricdə davam etdirmək istəyir. Məndə isə əksinə, Azərbaycanda olimpiada sahəsində nələrsə etmək istəyirəm”.
Amma bu yol heç də asan olmayıb:
 

“9-cu sinifdə oxuyurdum və ilk dəfə məktəbimizin direktoru mənim adımı olimpiadaya yazmışdı. Düzü, mənim bir o qədər marağım yox idi. Amma sırf direktorumuz yazmışdı deyə iştirak etmək qərarına gəldim. Hazırlıqsız olmağıma baxmayaraq, necə oldusa, birinci turdan keçdim. Amma yarımfinalda məğlub oldum. Sonra düşündüm ki, əgər ciddi hazırlaşsam və bütün diqqətimi bura yönəltsəm, çox da uğurlu olimpiadaçı ola bilərəm. 10-11-ci siniflərdə oxuyarkən bəzi problemlərə görə bir neçə dəfə məktəblərimi dəyişməli də oldum.


Amma bütün bunlar mənə təsir etmədi. Qərar verdim ki, heç bir imtahandan asılı qalmamalıyam və hansısa testləri əzbərləməməliyəm. Bu artıq elə bir səviyyəyə gəlib çıxmışdı ki, günümün 7-8 saatını bir sualın cavabını tapmaq üçün sərf edirdim. 11-ci sinifdə oxuyarkən heç gözləmədiyimiz bir şey oldu. İlk dəfə Sinqapurda keçirilmiş Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında azərbaycanlı məktəblilər olaraq yüksək nəticə əldə etdik. Mən orada bürünc medal əldə etdim”.

Son iki ildə isə Əliyyiəkbər heç bir hazırlığa getməyib:

“8-9-cu siniflərdə oxuyarkən mən də hazırlıqlara getmişəm. Lakin olimpiadalara yönləndikdən sonra buna ehtiyac olmadı. Sadəcə mənə yol göstərildi və mən o yolla getdim. İnternetdə açıq mənbələr çoxdur. İngilis dilində axtarış etdikdə bununla bağlı çoxlu məlumatlar əldə etmək olur. Günümü müəyyən hissələrə bölürdüm. Oyandıqdan sonra ilk işim internetə girib proqramlaşdırma haqqında məqalələr oxumaq olurdu.

Daha sonra həmin olimpiyadanın mövzularını öyrənirdim. Axşamlar isə artıq praktika edirdim. Bu strategiya ilə 10-cu sinifdə davamlı olaraq çalışdım. Bu il verilən imtahanlardan sadəcə buraxılış imtahanında iştirak etdim. İki il ərzində heç bir hazırlığa getməmişdim, buna görə də 212 bal topladım”.

Bacı-qardaş hər zaman bir-birindən ilham alıb. Amma onlara dəstək olan, hər uğurlarına inanan isə ailəsi olub: “Ailəmiz bizə hər zaman dəstək olub. Bacım çox əzmlə çalışırdı. Mən isə onun qədər deyil. Buna görə ailəmiz bir qədər narahat idi ki, birdən medal qazanmasam, necə olar?! Amma sonra bütün bu düşüncələr də yox oldu. Hər zaman arxamızda oldular”.

Bizim.Media

Seçilən
6
7
bizim.media

8Mənbələr