AZ

Fransa yenidən hökumətsiz qala və siyasi qeyri-sabitlik daha da dərinləşə bilər

Paris, 26 avqust, AZƏRTAC

Fransada siyasi gərginlik sentyabrın 8-də ən yüksək kulminasiya nöqtəsinə çata bilər. Baş nazir François Bayrou həmin gün Milli Assambleyada hökumətin taleyini müəyyən edəcək etimad səsverməsinə çıxacaq. Lakin artıq bir neçə əsas müxalifət partiyası, - Əyilməz Fransa (LFI), ifrat sağçı Milli Birlik (RN) və Sosialist Partiyası (PS), – Bayrou hökumətinə etimad göstərməyəcəklərini açıqlayıblar. Bu isə hökumətin süqutu ehtimalını real və yaxın bir təhlükəyə çevirir.

AZƏRTAC xəbər verir ki, Baş nazir Parisdə keçirdiyi mətbuat konfransında Prezident Emmanuel Makronun dəstəyi ilə sentyabrın 8-də hökumətin məsuliyyətini Milli Assambleyada ortaya qoyacağını bəyan edib. Bayrou bu addımı ilə həm parlamentariləri məsuliyyət qarşısında qoymaq, həm də ictimaiyyəti şahid tutmaq istəyir. "Əgər əksəriyyət varsa, hökumət davam edir. Yoxdursa, hökumət buraxılır", – deyə o, səsvermənin ciddi nəticələrindən danışıb.

Bayrou hökumətinin süqutu, keçmiş Baş nazir Mişel Barnye hökumətinin devrilməsindən cəmi doqquz ay sonra baş verə bilər. Əyilməz Fransa, ifrat sağçı Milli Birlik, Fransa Kommunist Partiyası kimi siyasi partiyalar, ekoloqlar hökuməti yıxmaq üçün səs verəcəklərini bildiriblər. “Xalqı əziyyətə salan bir hökumətə heç vaxt etimad göstərməyəcəyik”, - deyə ifrat sağçılar mövqelərini açıqlayıblar.

Ən sərt və həlledici açıqlama Sosialist Partiyasından gəlib. “François Bayrou artıq bilir ki, mövcud siyasi balansda müxalifətdən etimad ala bilməz. Bu, bir növ özünüburaxmadır. Sosialistlərin bu hökumətə etimad göstərməsi qeyri-real bir fikirdir. Bayrou Makron illərinin faciəvi nəticələrini özü etiraf etdikdən sonra, deputatlardan həmin siyasəti dəstəkləmələrini necə istəyə bilər?”, - deyə Sosialist Partiyasının birinci katibi O.For “Le Monde” qəzetinə açıqlamasında deyib.

Milli Assambleyada müxalifət qüvvələrinin sayı aşağıdakı kimidir:

LFI (Yeni Xalq Cəbhəsi daxilində): 71 yer,

RN (Rassemblement National): 123 yer,

Ekoloqlar: 38 yer,

Sol Demokratik və Respublikaçı Qrupu (GDR): 17 yer,

Sosialist Partiyası (PS): 66 yer.

Bu, 315 səs edir, halbuki hökumətin buraxılması üçün ən azı 288 səs lazımdır. Bu vəziyyətdə, Bayrou hökumətinin devrilməsi çox real görünür.

Əgər Bayrou hökuməti etimad səsverməsindən keçə bilməzsə, Fransa yenidən hökumətsiz qalacaq və siyasi qeyri-sabitlik daha da dərinləşəcək. Sentyabrın 8-i yaxınlaşdıqca, hökumətin taleyi və ölkənin gələcəyi daha da qeyri-müəyyən hala gəlir. François Bayrou isə artıq siyasi kreslosunda oturmuş halda deyil, birbaşa siyasi uçurumun kənarındadır.

Seçilən
0
2
azertag.az

3Mənbələr