AZ

İrandan Rusiyaya ağır ittiham - 12 günlük müharibədə İsrailə kəşfiyyat məlumatları ötürürdülər...


İrandakı Məsləhət Şurasının üzvü Məhəmməd Sədr İran və Rusiya arasında ixtilaf yarada biləcək açıqlamalar verib. Onun açıqlamalarından ən diqqət çəkən məqam, 12 günlük İsrail-İran savaşı zamanı Rusiyanın İrana qarşı İsrailə kəşfiyyat dəstəyi verdiyini iddia etməsi olub.

İsrailin hücumları zamanı Rusiyanın İrana gözlənilən dəstəyi verməməsindən şikayətlənən Sədr deyib ki, Rusiyaya etibar yoxdur: “İsrail bütün müdafiə sistemlərimizi necə vurdu? Hardan bilirdilər? Ruslar İsrailə məlumat ötürmüşdü".

Rusiyanın İrana S-400 hava hücumundan müdafiə sistemləri və Su-35 döyüş təyyarələri verməkdən yayındığına diqqət çəkən Sədr, ölkəsi ilə Rusiya arasında imzalanan “strateji ortaqlıq” müqaviləsini heç bir faydası olmayacan “boş” bir razılaşma adlandırıb.

"Düşünməyin ki, ABŞ və İran nə vaxtsa qarşı-qarşıya gəlsə, Rusiya ABŞ-la münaqişəyə girəcək. Belə bir şey yoxdur, hamısı fantaziyadır" – deyə islahatçılara yaxınlığı ilə tanınan keçmiş diplomat bildirib.

Xatırladaq ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, o cümlədən ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.

Hücumlarda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun baş komandanı, bir neçə yüksək səviyyəli komandir və doqquz nüvə alimi öldürülüb.

İsrailə açıq dəstək verən ABŞ isə iyunun 22-də İranın Natanz, Fordo və İsfahandakı üç nüvə obyektinə zərbələr endirib. İran ABŞ-ın hücumuna cavab olaraq iyunun 23-də Qətərdəki Əl-Udeyd aviabazasına hücum edib.

ABŞ prezidenti Donald Tramp iyunun 24-də İran və İsrail arasında atəşkəs əldə edildiyini elan edib.

TAHİR

Seçilən
3
baki-xeber.com

1Mənbələr