AZ

Azərbaycanın 2026-cı il üzrə əsas milli hədəfləri

Şanlı Zəfərimiz nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Azərbaycanın qarşısında yeni hədəflər qoydu. Artıq beş ildir ki, dövlətimiz qələbənin meydana gətirdiyi reallıqlardan çıxış edərək inkişaf proqramları hazırlayır, hədəflər müəyyənləşdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın və dövlətimizin Konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə sadiqliyinin təsdiqi olaraq 2025-ci ili ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan etdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyamız müasir Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasında mühüm baza funksiyasına malikdir. Prezident İlham Əliyevin “Tarixi ədaləti bərpa etdik, xalqımızın ləyaqətini bərpa etdik” fikri qalib dövlətimizin hər bir dövlət qurumunu və vətəndaşını yeni çağırışları dəf etmək üçün bundan sonra da əzmkarlıq, vətənpərvərlik və peşəkarlıq göstərməyə səsləyir.

Böyük Zəfərdən sonra düşünürdük ki, Azərbaycana qarşı təhdidlər, təxribatlar artıq geridə qalıb. Ancaq avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kəlbəcər şəhərində sakinlər qarşısında etdiyi çıxış təhlükələrin hələ də qaldığını deməyə əsas verir.

“Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq. Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb. Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq”.

Göründüyü kimi, ölkəmizin başçısı “dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz sabah nə baş verəcək” deməklə, təhlükə risklərinə qarşı Azərbaycan xalqını ayıq-sayıq olmağa çağırır.

Sərhədlərin delimitasiya və demarkasiyası

2025-ci ildə olduğu kimi, gələn il də dövlətimizin beynəlxalq hüquqa, tarixi coğrafi xəritələrə uyğun olaraq Ermənistanla sərhəd xətlərinin delimitasiya və demarkasiyasını davam etdirəcək. Ermənistanla əldə olunan sülh razılaşmalarının həyata keçirilməsi Azərbaycan hökumətinin əsas fəaliyyət istiqamətlərindən olacaq. Gələn il Avropa İttifaqının Ermənistandakı sərhəd müşahidə missiyasını ləğv ediləcəyini də proqnozlaşdırmaq olar. Çünki bu missiya patrulluq müddətdə Azərbaycan tərəfindən hansısa ciddi sərhəd pozuntusu aşkar etməyib. ATƏT-in Misnk Qrupu kimi, Aİ-nin Ermənistandakı sərhəd müşahidə missiyasının da fəaliyyətinə ehtiyac qalmayıb. 1992-ci ilin martında təsis edilmiş və çoxdan funksiyasını itirmiş ATƏT-in Minsk qrupunun ləğvi bu il əldə olunan ciddi uğurlardan biridir. Minsk qrupunun məşğul olduğu predmet 2023-cü ilin sentyabrından tamamilə aradan qalxıb.

2025-ci ildə Vaşinqtonda Azərbaycan-Ermənistan arasında əldə edilmiş razılaşmanın, xüsusilə də, Zəngəzur dəhlizi ilə bağlı anlaşmanın əsas hissələrinin gələn il icra ediləcəyinə ümidlər böyükdür. Bu kontekstdə Naxçıvanın blokadasına son qoyulması üçün Ermənistan ərazisindən dəhlizin açılışı regionda hazırki de-fakto sülhün davamlı sülhə çevrilməsinə çox ciddi töhfə verə bilər.

Ermənistanın silahlanması sülhə təhlükədir

Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, Azərbaycan 2025-ci ildə hərbi xərclərini yeni rekord - 8,4 milyard manat səviyyəsinə qaldırıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərir”. Ermənistan silahlanır, həm də kənar qüvvələr tərəfindən silahlandırılır. İkinci Qarabağ müharibəsi bitdikdən sonra Ermənistan hökuməti hər il hərbi büdcəni artırmaqda davam edib. Kapitulyasiyadan sonrakı ildə Ermənistanın hərbi büdcəsi 600 milyon ABŞ dolları olmuşdusa, yalnız 2024-2025-ci maliyyə ilində Ermənistanın Hindistandan alacağı silahların dəyəri 600 milyon ABŞ dollarına bərabərdir. 2024-cü ildə Ermənistanın hərbi xərcləri 1.37 milyard dolları keçib. Ötən il postsovet məkanında ümumi daxili məhsulda (ÜDM) hərbi xərclərin ən yüksək göstəricisi də məhz Ermənistanda oldu (4.2 %).

İdeoloji təhlükəsizliyin təmini

Seçilən
7
3
publika.az

4Mənbələr