AZ

“Qida təhlükəsizliyi” dərsliyi təqdim edildi – HACCP və Codex Alimentarius prinsipləri izah olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi (İİTKM) və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən hazırlanan “Qida təhlükəsizliyi” adlı dərsliklə bağlı onlayn görüş keçirilib.

Finss.az xəbər verir ki, çıxış edən İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlı bildirib ki, ölkədə qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə hazırlanan kitab aktual məsələləri əhatə edir. Burada qida təhlükəsizliyinin əsas prinsipləri, beynəlxalq mexanizmlər – “HACCP” sistemi, “Codex Alimentarius” normaları, sanitar-fitosanitar tələblər, eləcə də gündəlik həyatda istifadə olunan qida məhsullarına dair təhlükəsizlik standartları izah olunur.

Bundan əlavə, dərslikdə qida mənşəli xəstəliklərin insan sağlamlığına və iqtisadiyyata təsirləri, ərzaq israfının nəticələri və qarşısının alınması yolları sadə və anlaşıqlı şəkildə təqdim ediləcək.

Görüşdə kitabın gələcək istifadəsi və tədris proqramlarında tətbiqi müzakirə olunub. Dərslik qida mühəndisliyi, kənd təsərrüfatı, biotexnologiya və əlaqəli ixtisaslarda təhsil alan tələbələr üçün əsas baza vəsaiti olmaqla yanaşı, gələcəkdə onların peşə fəaliyyətində praktik bilik və bacarıqların formalaşmasına xidmət edəcək.

Dərsliyin hazırlanmasına AQTA, Kənd Təsərrüfatı Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və UNEC-dən müəlliflər cəlb edilib.

Seçilən
0
2
fins.az

3Mənbələr