AZ

Ali məktəblərə qəbul üzrə boş qalan plan yerlərinin sayı açıqlandı

Ali məktəblərə qəbul üzrə iki mindən çox plan yeri boş qalıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ali təhsil müəssisələrinin qəbul planı 96.27% dolub. Avqustun 28-dən sentyabrın 2-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilər bir qədər də yüksələcəkdir.

Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 1580 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 839 nəfər çoxdur. Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir.

Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub (99.80%). TC altqrupunda isə göstərici 100%-dir və boş yer qalmayıb. III qrupda müsabiqə iştirakçılarının sayı və plan yerlərinin müqayisəsi əvvəlcədən bizə imkan verirdi ki, müsabiqə vəziyyətinin yüksək olacağını proqnoz edək, həmçinin subbakalavrların şanslarının az olacağı vurğulanmışdı. Müsabiqə nəticələrinə əsasən də, III ixtisas qrupu üzrə yalnız abituriyentlər tələbə adını qazana biliblər.

II ixtisas qrupu üzrə də 98.12% olmaqla plan yerləri kifayət qədər dolub. Burada subbakalavrların da şansı var idi. Ən çox subbakalavr (3079 nəfər) məhz II qrup üzrə ixtisaslara qəbul olunub.

I qrup ixtisasları üzrə də subbakalavrların imkanları var idi və 2842 nəfər qəbul olunub. Ümumilikdə I ixtisas qrupunda plan yerləri 92.25% dolub. IV və V ixtisas qruplarında isə plan yerləri müvafiq olaraq 95.39% və 96.84% dolub.

Ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 43 mülki ali təhsil müəssisəsinin 12-də (Azərbaycan Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Bakı Avrasiya Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) plan yerləri 100 %, bundan əlavə, 26 ali təhsil müəssisəsində 90%-dən çox dolub.

Seçilən
23
27
olke.az

2Mənbələr