AZ

Mənəvi bağlar və qarşılıqlı maraqlar üzərində formalaşan strateji əməkdaşlıq

Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin yüksəksəviyyəli görüşü son aylar ərzində üç dövlətin yerləşdiyi bölgədə baş verən proseslərin məntiqi nəticəsidir. Hər üç ölkə qlobal transmilli logistika layihəsinin - Orta dəhlizin üzərində yerləşir və onun həlledici bəndlərini təşkil edirlər. Çinin qabaqcıl texnologiyalar istehsal edən bazarlarından Qərbə - Avropaya doğru uzanan ən qısa və müddət baxımından optimal marşrut olan bu xətt dörd qardaş türk dövlətinin ərazisindən keçir. 

Çindən Qırğızıstana, oradan isə Özbəkistan, Türkmənistan, Xəzər dənizi və Azərbaycandan keçərək şaxələnəcək strateji ticarət və yükdaşıma xətti bu coğrafiyanın siyasi və iqtisadi həyatında həlledici rol oynayacaq. Belə miqyaslı bir layihənin doğurduğu həlli vacib məsələlərin çözümü dövlət başçılarının Zirvə görüşünü labüd edirdi. 

Azərbaycanın yaratdığı yeni reallıq və qlobal ticarət marşrutu

Avazada təşkil edilən liderlərin Zirvə görüşünə hazırlıq prosesi son günlərin və ayların işi deyil. Dövlət başçılarının qarşılıqlı səfərləri və intensiv təmasları zamanı belə bir görüşün baş tutması üçün əlverişli zəmin formalaşmışdı. 2020-ci ilin Vətən müharibəsindəki qələbəmiz təkcə Cənubi Qafqaz deyil, daha geniş anlamda Orta Asiya və Xəzər hövzəsinin iqtisadi və siyasi həyatında sözün müsbət mənasında çevrilişə səbəb olub. Azərbaycanın tarixi qələbəsi ilə bu böyük və strateji coğrafiyanın təhlükəsizlik arxitekturasına baxış da dəyişilib. Dövlətimizin ərazi bütövlüyünü təmin etməsi Şərq-Qərb qlobal ticarət prosesinin şaxələnməsinə yeni imkanlar yaradıb ki, bu da ölkələrimizin iqtisadi həyatına birbaşa və müsbət təsir edəcək faktora çevrilib. 

Əgər logistika marşrutlarının şaxələnməsindən söhbət gedirsə, bu, şübhəsiz ki, yükdaşıma prosesinin həcminin daha da artması potensialının mövcud olması deməkdir. Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin yekun sülh sazişi istiqamətində mühüm addım atmaları və Zəngəzur dəhlizinin gələcəkdə ABŞ-nin vasitəçiliyi və iştirakı ilə faliyyətinə dair razılığın əldə olunması Orta dəhlizin qarşısında olan sonuncu maneənin də aradan qaldırılması anlamına gəlir. Bölgəmizdə baş verən bu kimi hadisələr qardaş türk dövlətlərinin liderlərinin qlobal prosesdən irəli gələn təxirəsalınmaz məsələlərin həllinə impuls vermək üçün bir araya gəlmələrini vacib edirdi.  Vaşinqton görüşü və Zəngəzur dəhlizinin fəaliyyəti ilə bağlı bütün maneələrin aradan qaldırılması qardaş türk dövlətləri tərəfindən də müsbət qiymətləndirilir. Yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatın verilməsi mərasimində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Cənubi Qafqazdakı sülh prosesinin üzərində dayanması bunun əyani sübutudur: "Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevi və qardaş Azərbaycan xalqını tarixi hadisə - Vaşinqton şəhərində Ermənistanla Birgə Bəyannamənin imzalanması münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu, igid və mətanətli Azərbaycan xalqının ümdə səylərinin həyata keçirilməsinin parlaq təzahürüdür. Hesab edirik ki, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olması iqtisadiyyat, nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlığımızın böyük potensialının tam şəkildə açılmasına imkan verəcək".

Zəngin imkanlar və dinamik gündəm 

Üç dövlət başçısının səyləri ilə sözügedən beynəlxalq ticarət və logistika marşrutunun fəaliyyətinin intensivləşməsinə yönəlmiş proses bir sıra vacib məqamların həllini aktual edir. Milli nəqliyyat sistemlərinin inteqrasiyasının dərinləşdirilməsi məqsədilə regionumuzda fəaliyyətdə olan və perspektivli marşrutların birləşdirilməsi, tarif siyasəti və beynəlxalq bazarlara çıxış zamanı biznes üçün əlverişli şəraitin yaradılması, logistika infrastrukturunun inkişafı layihələri üzərində birgə iş aparılması və Xəzər dənizi vasitəsilə bərə daşımaları kimi amillər ölkələrimiz arasındakı müzakirələrin genişliyini və gündəmin zənginliyini sübut edir. Avazada təşkil edilmiş Zirvə görüşü məhz bu kimi faktorların çözülməsinə həsr olunmuşdu.

Cənubi Qafqazda bərqərar olmuş siyasi sabitlik və iqtisadi yüksəliş perspektivləri, eyni zamanda Rusiya-Ukrayna müharibəsi sayəsində şimaldan keçən ənənəvi marşrutun iflic vəziyyətinə düşməsi sülh və sabitlik coğrafiyasına çevrilən bölgəmizin logistik imkanlarını artırır. Bu gün Orta dəhliz dünya iqtisadiyyatı və qlobal ticarət prosesinin əsas trendlərindən birinə çevrilib. Bu yükdaşıma marşrutunun qarşıdakı illərdə mühüm logistika arteriyasına çevrilməsi üçün ciddi əsaslar var. 

Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov mətbuata verdiyi bəyanatda xüsusi vurğuladı ki, ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri də nəqliyyat sektorudur: "Biz Böyük İpək yolunun bərpası üçün Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində  əlaqələri genişləndirmək barədə razılığa gəldik. Xüsusən Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi imkanlarını nəzərdən keçirdik".

Orta dəhlizin ümumdünya logistika prosesindəki rolu və çəkisinin artımı meydana yeni perspektivli əməkdaşlıq sahələrini çıxarır və bunlardan ən vacibi çox güman ki, ölkələrimizin enerji daşıyıcılarının hasilatı və nəqli sahəsindəki əməkdaşlığını daha da aktual edir. Azərbaycan və Türkmənistan iri karbohidrogen yataqlarına malikdirlər və illərdir Avropa bazarlarına neft və mavi yanacaq ixrac edirlər. Azərbaycanın bu proses üçün müasir və əlverişli infrastrukturu mövcuddur. Söhbət Azərbaycandan Avropa bazarlarına neft və qaz nəql edən kəmərlərdən gedir. Orta dəhliz istiqaməti üzrə proseslərin intensivləşməsi və həcmlərin artması ticarətlə yanaşı, enerji daşıyıcıları infrastrukturunun da genişlənməsini tələb edir. Türkmənbaşıdakı görüşün mühüm bir hissəsi də məhz bu mövzuya həsr olunmuşdu. 

Üç ölkənin energetika sahəsində əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsi, karbohidrogen yataqlarının işlənməsi və hasil olunan elektrik enerjisinin ixracı üzrə perspektiv layihələr, əmtəə dövriyyəsinin böyük həcmdə artırılması və sənaye kooperasiyası miqyaslarının genişləndirilməsi danışıqların gündəliyində əsas yer tuturdu. Yeri gəlmişkən, əgər Orta dəhlizə enerji daşıyıcılarının nəqli müstəvisindən baxırıqsa, alternativ enerji mənbələri və yaxud ekoloji cəhətdən təmiz  - günəş və küləkdən əldə edilən enerji amilini də unutmamalıyıq. Azərbaycanla yanaşı, Özbəkistan da bu sahəyə iri yatırımlar edir və əldə edilən məhsulun Avropaya ixracı istiqamətində dövlətlərimiz arasında sıx işbirliyi var. Azərbaycanın təşəbbüsü ilə Gürcüstan və Qara dənizin dibi ilə Rumıniya və Macarıstana qədər uzanacaq xüsusi kabelin inşası prosesinə artıq start verilib. Bu xətlə təkcə Azərbaycan deyil, qardaş türk dövlətlərinin də istehsal etdikləri "yaşıl enerji" Avropaya nəql edilə bilər. 

Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında xüsusi vurğuladı: "Müzakirə olunan məsələlər burada artıq qeyd olundu, onları təkrar etmək istəmirəm. Amma bir şeyi deyə bilərəm, artıq müvafiq dövlət qurumlarına göstərişlər verildi ki, üçtərəfli əməkdaşlıq formatı yaradılsın və bizim növbəti görüşümüzə konkret istiqamətlər üzrə təkliflər verilsin. Bu göstərişlər verildi. Yenə də deyirəm, burada səslənmişdi - nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr. Qaldı ki, bütün bu göstərişlərin vaxtında yerinə yetirilməsinə, mənim buna da şübhəm yoxdur". 

Görüşdə o da qeyd olundu ki, əməkdaşlığın mühüm sahəsi mədəni-humanitar əlaqələrdir. Onların inkişafı prioritet əhəmiyyət daşıyır. Bu kontekstdə əməkdaşlığın mühüm tərkib hissəsi qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, təhsil, mədəniyyət, turizm, mədəni dəyərlərimizin - xalçaçılıq, atçılıq, tətbiqi sənətin inkişafı sahələrində tədbirlərin keçirilməsidir. Bu istiqamətdə mədəni mübadilə və əlaqələrin inkişafı üçün bütün imkanlar mövcuddur.

Azərbaycan-Türkmənistan əlaqələrinin keyfiyyətcə yeni mərhələsi 

Eyni regionda yerləşən və zəngin təbii ehtiyatlara, əlverişli coğrafi imkanlara malik dövlətlər arasında sıx əməkdaşlıq mühitinin olması həm vacibdir, həm də zaman, geosiyasi maraqlar və gələcəyə birgə baxış nöqteyi-nəzərindən labüddür. Ancaq bizim daha bir üstünlüyümüz ondan ibarətdir ki, dövlətlərimizi və xalqlarımızı dərin tarixi və mənəvi köklər bir-birinə bağlayır. Bu amilin çəkisi olduqca ağır və məsuliyyətlidir,  çünki mənəvi amil hər zaman siyasət, iqtisadiyyat və ticarətdən üstün olub. Qardaşlıq faktoru dövlət başçılarımızın ən mürəkkəb məsələlərdə belə tez çıxış yolunu tapmalarını və ümumi konsensusa gəlmələrini mümkün edir. 

Bu istiqamətdə qarşılıqlı səfərlər, keçirilən görüşlər, ortaq problemlərin müzakirəsi, əldə edilən uğurlara həmrəyliyin nümayiş etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqı son 4-5 ildə qardaş türk dövlətləri tərəfindən belə impulsların artdığını görür və bununla qürrələnir. Vətən müharibəsindəki tarixi qələbəmizin qardaş xalqlar, o cümlədən Özbəkistan və Türkmənistan tərəfindən də ruh yüksəkliyi ilə qarşılanması Bakıda olduqca müsbət dəyərləndirilir.

Bu kontekstdə Azərbaycan-Türkmənistan-Özbəkistan münasibətləri, əlaqələrin genişlənməsi istiqamətində son illərdə atılmış addımların böyük əhəmiyyəti var. Ölkələrimiz arasında iqtisadiyyat, siyasət, təhlükəsizlik və ümumilikdə, dünyada baş verən proseslərə müştərək yanaşma istiqamətində ciddi əməkdaşlıq perspektivləri mövcuddur. Dövlət rəhbərlərinin ölkələrimizə etdikləri səfərlər bu kimi işbirliyi potensialını daha da zənginləşdirir. 

Dövlətlərimiz arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub və həmin tarixdən günümüzədək qarşılıqlı əməkdaşlıq əlaqələrimiz addım-addım irəliyə gedib. Azərbaycan ilə Türkmənistan arasında yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə söykənir. Ölkə rəhbərlərinin bir-birinə hörməti, aktual siyasi məsələlərə koordinasiyalı yanaşmalar münasibətlərimizin təməlini təşkil edir. Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun əlaqələrimizi yüksək qiymətləndirməsi aramızdakı bağların əhəmiyyətinin təzahürüdür. Görüşdə bildirildi ki, Türkmənistan və Azərbaycan bu gün xarici siyasətdə, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sanballı və geniş əməkdaşlıq gündəliyinə malikdirlər. Hər iki tərəfin səyləri sayəsində əməkdaşlığımız məqsədyönlülüyü və konkretliyi ilə seçilir, sabit və davamlı xarakter daşıyır, yaxşı dinamika nümayiş etdirir. Bunun əsas, həlledici amili ölkələrimizin liderləri arasında əldə edilmiş ən yüksək səviyyədə qarşılıqlı anlaşma və etimaddır. Bu, bizə ikitərəfli əməkdaşlığın bütün məsələləri üzrə düzgün və vaxtında qərarlar verməyə, əldə olunmuş razılaşmaların həyata keçirilməsini təmin etməyə imkan yaradır.

Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun bu ilin iyul ayında Azərbaycana səfəri və bu çərçivədə işğaldan azad edilmiş ərazilərimizə baş çəkməsi, mövcud reallıqla, dövlətimizin bu bölgəni yenidənqurma və əhalimizin geridönüşü üçün həyata keçirdiyi miqyaslı işlərlə yaxından tanış olması Bakı-Aşqabad münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidində mühüm əhəmiyyət kəsb edən hadisə oldu. Avazadakı Zirvə toplantısında Türkmənistan dövlətinin Azərbaycana hədiyyə olaraq Füzuli şəhərində məscid inşa etmək qərarının bəyan edilməsi isə qardaşlığımızı dərinləşdirən və möhkəmlədən növbəti xoş məramın göstəricisi idi. Prezident İlham Əliyev iki ölkə arasında olan münasibətləri belə qiymətləndirdi: "Mənim dəvətimlə Qurbanqulu Məlikquliyeviç iyul ayında Azərbaycanda səfərdə idi. Biz iki gün ərzində həm Bakıda, həm də Qarabağ bölgəsində bərabər olmuşuq və bir çox məsələləri müzakirə etmişik. Mövqelərimiz də üst-üstə düşür. Əsas məsələ odur ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək.

Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaqdır. Bu, türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, bizim qardaşlığımızın təcəssümüdür".

Avazada Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin birgə görüşü zamanın və geosiyasi konyukturun tələbi olan təxirəsalınmaz siyasi, iqtisadi, ticarət və təhlükəsizlik məsələlərinin həlli ilə yanaşı, qardaş dövlətlər arasında əlaqələrin də intensivləşməsinə daha bir təkan olacaq. Qloballaşan və gündən-günə müxtəlif müharibələr, iqtisadi təlatümlər baxımından daha da təhlükəli və qeyri-sabit olan dünyada türk dövlətlərinin bir yerdə olmaları, ən müxtəlif məsələlərə dair vahid platformadan çıxış etmələri olduqca vacibdir. Dövlət başçıları arasında səmimi və mehriban münasibətlər, dinamik dialoq mühiti bu birliyin ən mühüm şərtidir. 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
17
azerbaijan-news.az

1Mənbələr