AZ

Yelkənə bənzəyən yeni dinozavr növü kəşf edildi

Yazını böyüt
Yazını kiçilt

Kürəyindən quyruğuna qədər uzanan yelkənəbənzər quruluşa malik yeni bir dinozavr növü kəşf edilib. Elm adamları bu xüsusiyyətin potensial yoldaşları heyran etmək üçün istifadə edildiyinə inanırlar.

Hafta.az-ın yazdığına görə, təqaüdçü tibb həkimi Ceremi Lokvud Portsmut Universitetində və Londondakı Təbiət Tarixi Muzeyində doktorluq tədqiqatı çərçivəsində İngiltərənin Uayt adasındakı Dinozavrlar adası muzeyində kolleksiyada saxlanılan fosilləri araşdırırdı.

Lokvud iguanodontia qrupundan olan dinozavrın fəqərələrinin digərlərindən fərqli olduğunu görüb və onları daha yaxından təhlil etmək qərarına gəlib.

Əvvəllər 125 milyon il yaşı olan fosillərin Uayt adasında yaşadığı bilinən iki iguanodontia növündən birinə aid olduğu güman edilirdi. Lakin Lokvud bu dinozavrın onurğasındakı sinir uclarının daha uzun olduğunu müəyyən edib. Nəticələri ekspertlərin rəyi ilə nəzərdən keçirilən “Papers in Paleontology” jurnalında dərc edilən araşdırmaya görə, heyvanın kürəyində və quyruğunda yelkənəbənzər bir quruluş var idi. Bölgədəki digər dinozavrlarda belə bir xüsusiyyət görülmədiyi üçün onun yeni bir növ olduğu təyin olunub.

Lokvud növü 2005-ci ildə dünya üzrə ən sürətli fasiləsiz yelkənli səyahət rekordunu qoyan Uayt adasının sakini Ellen MakArturun şərəfinə Istiorachis macarthurae adlandırıb, O vaxtdan bəri bir neçə dəfə əl dəyişdirən rekordun hazırkı sahibi Fransua Qabartdır.

Tədqiqatçılar bu yelkənəbənzər quruluşun hansı məqsədə xidmət etdiyinə tam əmin deyillər, lakin onların bir təxminləri var. Müasir sürünənlərdə bu cür yelkənəbənzər quruluşların tez-tez erkəklərdə görülməsi onların potensial yoldaşlarını heyran etmək və ya rəqiblərini qorxutmaq məqsədi daşıdığını göstərir.

Seçilən
33
hafta.az

1Mənbələr