AZ

Türk dünyasında inteqrasiya təmayülü güclənir

2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin Zirvə görüşü Türk dünyasında qarşılıqlı etimad, strateji tərəfdaşlıq və gələcəyə yönəlmiş bir inteqrasiya modelini simvolizə edir.

Görüş zamanı əldə olunan razılaşmalar iqtisadiyyat, enerji, nəqliyyat və humanitar sahələrdə əməli əməkdaşlığı təmin edir. Bu əməkdaşlıq yalnız ticarət və tranzit imkanlarını artırmır, həm də regional inteqrasiyanın sürətlənməsi, siyasi sabitliyin qorunması və qarşılıqlı etimadın dərinləşdirilməsi baxımından əhəmiyyətlidir.

Azərbaycan liderinin çıxışında vurğuladığı: “Bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır”,- fikirləri təkcə regional diplomatiyanın deyil, həm də gələcəkdə Türk dünyasının birliyini möhkəmləndirəcək strateji baxışın göstəricisidir.

Türkmənbaşı Zirvəsi göstərdi ki, sözün bütün mənalarında, Türk dünyasının birliyi yalnız sözlə deyil, əməli addımlarla təsdiqlənir. Qarşılıqlı hörmət, ortaq tarix və mədəniyyət üzərində qurulan əməkdaşlıq, gələcəkdə daha böyük məqsədlərin reallaşdırılacağına inamı gücləndirir. Türk dünyasının Avrasiya məkanında strateji nüfuzunun artırılması, regional inteqrasiyanın dərinləşdirilməsi və gələcəkdə qlobal səviyyədə təsir imkanlarının genişləndirilməsi aydın müşahidə olunmaqdadır.

Bu gün nəqliyyat və logistika sahəsində Orta Dəhliz və Lapis-Lazuli kimi beynəlxalq marşrutların səmərəliliyinin artması Türk dövlətlərinin Avrasiya məkanındakı strateji mövqeyini gücləndirir. Enerji sektorunda qaz və neft sahəsində birgə təşəbbüslər regional enerji təhlükəsizliyinə töhfə verir və qlobal bazarlara çıxışı asanlaşdırır.

Humanitar və mədəni istiqamətdə atılan addımlarda qarşılıqlı etimadın olması Türk dünyasının mədəni birliyinin əməli təsdiqini təqdim edir. Bütövlükdə götürəndə isə əməkdaşlıq modeli elmi-mədəni, iqtisadi, siyasi və strateji balansın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Zirvə görüşü zamanı bir sıra humanitar və mədəni məsələlər xüsusi diqqətə alınıb ki, bunun nəticəsində işğaldan azad olunmuş ərazilərdə yeni təhsil və mədəni obyektlərin yaradılması, sosial-iqtisadi layihələrin həyata keçirilməsi, regional mədəni mübadilə proqramlarının təşkili nəzərdə tutulur. Füzulidə Türkmən xalqının hədiyyəsi olan məscidin təməlqoyma mərasimi, yaradıcılıq mərkəzinin inşası, Xankəndidə Özbəkistan tərəfindən yaradılan böyük fabrik, orta ümumtəhsil məktəbi və s. bu kimi təşəbbüslər qarşılıqlı etimadın və qardaşlığın əməli ifadəsidir.

Görüş zamanı vurğulanıb ki, üçtərəfli əməkdaşlıq formatı regionda sülh və sabitliyin qorunmasına: ortaq enerji və tranzit layihələri ilə iqtisadi əlaqələrin gücləndirilməsinə, qarşılıqlı etimad və davamlı dialoq vasitəsilə siyasi sabitliyin təmin edilməsi, insan resursları və infrastrukturun koordinasiyası ilə gələcək inteqrasiyaya zəmin yaradılmasına xidmət edir. Bu format, mahiyyət etibarilə, Avrasiya məkanında güclü bir Türk inteqrasiya platformasının qurulmasına xidmət edir və bölgənin siyasi və iqtisadi çərçivələrini yenidən formalaşdırır.

Türkmənbaşı Zirvəsi həm də onu sübut edir ki, Azərbaycan, Türkmənistan və Özbəkistan yalnız regional əməkdaşlığı gücləndirmir, həm də Türk dünyasının qlobal geosiyasi rolunu möhkəmləndirir: qarşılıqlı etimad və ortaq strateji layihələr Türk dövlətlərini regionda sabitlik və inkişafın təminatçısına çevirir; insan resurslarının, enerji və nəqliyyat infrastrukturunun koordinasiyası, Türk dövlətlərinin Avrasiya məkanında rəqabət qabiliyyətini artırır.

Bu əməkdaşlıq modeli həm regional, həm də qlobal səviyyədə Türk dünyasında yeni standartlar müəyyən edir. Orta Dəhliz kimi beynəlxalq tranzit marşrutlarının səmərəliliyi artır, Çin və Avropa arasında Türk dünyasının strateji rolu möhkəmlənir.

Bu Zirvə strateji baxış, uzaqgörən siyasət və əməli addımlar vasitəsilə Türk dünyasının gələcəkdə qlobal güc mərkəzlərindən birinə çevriləcəyini nümayiş etdirir. Qarşılıqlı əməkdaşlıq və etimad, Türk dövlətlərini yalnız sözlə deyil, əməli addımlarla birləşdirir və regionda sabitlik, iqtisadi inkişaf və mədəni inteqrasiyanı təmin edir.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Seçilən
29
3
korrespondent.az

4Mənbələr