AZ

Azyaşlı uşaqlarda pnevmoniya halları artır - həkimlərdən xəbərdarlıq

Son zamanlar azyaşlı uşaqlarda pnevmoniya hallarının artması müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət valideynlərin daha diqqətli olmasını tələb edir.

AzEdu.az xəbər verir ki, həkimlər vaxtında profilaktik tədbirlərin görülməsinin və peyvəndlənmənin vacibliyini vurğulayırlar.

Pediatr-neonatoloq Aida Əliyevanın sözlərinə görə 2 yaşına qədər olan uşaqlarda pnevmoniya xəstəliyi görülür.

"Bəzi qruplara aid olan azyaşlılar - reanimasiyadan keçən, yarımçıq doğulan, allergiyası olan, ürək çatışmazlığından əziyyət çəkən və digər problemləri olan uşaqlarda pnevmoniyaya daha çox rast gəlinir. Bunun qarşısını almağın əsas yolu peyvəndlənmədir. İkinci vacib məqam isə uşaqların düzgün qidalanması, yuxu rejiminin qorunması və daim hərəkətdə olmasıdır".

Pulmonoloq Əsəd Beydullayev qeyd edib ki, kondisionerin soyuqluğu və havasız mühit balaca uşaqların tez xəstələnməsinə zəmin yaradır:

“Yay aylarında havanın isti olması səbəbindən insanların əksəriyyəti qapalı məkanlarda olur. Xüsusilə 5 yaşa qədər uşaqlarda xəstəlik daha sürətlə inkişaf edir və yayılır. Bunun qarşısını almaq üçün hər il sentyabr ayında insanlara qrip vaksini tövsiyə edirik. Xəstəlik zamanı özbaşına müalicə, xüsusilə antibiotiklərdən nəzarətsiz istifadə sağalmaz fəsadlara səbəb ola bilər".

Seçilən
10
azedu.az

1Mənbələr