AZ

Yanğınlar niyə baş verir və tüstüdən zərhərlənərkən nə etməli? ÇAĞIRIŞ

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son zamanlar ölkənin müxtəlif ərazilərində tez-tez yanğın hadisələri qeydə alınır.

Təəssüf ki, bu hadisələr təkcə maddi zərərlə bitmir, bir çox hallarda insanların tüstüdən zəhərlənməsi ilə nəticələnir.

Bəs, insanlar hansı tədbirləri görməlidir ki, zəhərlənmə halı baş verməsin və ya bu hal minimuma ensin?

Günay Lətifova: "Zərərli hava artıq qəbul olunubsa, açıq havaya çıxaraq sürətlə təmiz hava qəbul etmək lazımdır."

Günay Lətifova, terapevt

Məsələ ilə bağlı terapevt Günay Lətifova bildirib ki, yanğın zamanı nəfəs alarkən, tüstü və zərərli qazlar tənəffüs yollarında ciddi fəsadlar yarada bilər.

Onun sözlərinə görə, tüstü burun və boğazdan keçərək tənəffüs yollarını, eləcə də ağciyərin selikli qişasını zədələyə bilər:

“Bronxlarda zədələnmə baş verə bilər ki, bu da ilkin mərhələdə allergik reaksiyalarla nəticələnir. Daha ağır hallarda isə toksik zəhərlənmə müşahidə olunur”.

Həkim qeyd edib ki, yanğın zamanı insanların ilk addımı nəfəsi qorumaq olmalıdır:

“Üz dərhal örtülməlidir ki, çirkli hava daxilə keçməsin. Əgər zərərli hava artıq qəbul olunubsa, açıq havaya çıxaraq sürətlə təmiz hava qəbul etmək lazımdır. Bundan əlavə, bol maye içmək və mütləq şəkildə təcili yardıma müraciət etmək vacibdir”.

G.Lətifova vurğulayıb ki, bu cür vəziyyətlər ev şəraitində müalicə edilə bilməz:

“Yanğın zamanı zərərli havanı udmuş insanlar hospital şəraitində həkim nəzarətinə alınmalıdır. Çünki vaxtında tibbi yardım göstərilmədikdə ağır fəsadlar qaçılmaz olur”.

Orxan Musayev: "Qayda kağız üzərində qalanda nəticə vermir"

Orxan Musayev, təhlükəsizlik üzrə ekspert

Təhlükəsizlik eksperti Orxan Musayev də Bakıvaxtı.az-a bildirib ki, iri ticarət komplekslərində yanğın təhlükəsizliyi yalnız ayrı-ayrı sahibkarların yox, bütün ictimaiyyətin məsuliyyəti sayılmalıdır.

Onun sözlərinə görə, hər bir sahibkar öz mağazasına cavabdeh olsa da, ümumi təhlükəsizlik sistemi işləmədikdə risklər bütün obyektə yayılır və bir mağazada yaranan qığılcım bütün bazarı təhlükə altına ala bilər:

“Profilaktik baxımdan ən vacib tədbirlərdən biri elektrik şəbəkələrinin mütəmadi və dövrü yoxlanılmasıdır. Azərbaycanda baş verən yanğınların çoxu köhnəlmiş naqillərdən və əlavə yüklənmədən yaranır. Təəssüf ki, bu tədbirlər çox vaxt hadisədən sonra yada düşür. Halbuki yanğından əvvəl görülən profilaktika sonrakı zərərləri qat-qat az xərclə önləyir”.

Ekspert qeyd edib ki, normativ bazada problem yoxdur, amma əsas çətinlik icrada qalır:

“Qayda kağız üzərində qalanda nəticə vermir. Bu səbəbdən iri obyektlərdə müstəqil ekspertlər və sığorta şirkətləri tərəfindən məcburi auditlərin keçirilməsi vacibdir. Bu həm dövlətin yükünü azaldar, həm də sahibkarların məsuliyyətini artırar”.

Orxan Musayev əlavə edib ki, sahibkarların üzərinə əlavə öhdəliklər qoyulmalıdır. İzah edib ki, hər bir sahibkar öz sahəsində yanğın təhlükəsizliyi planına sahib olmalı, işçiləri mütəmadi təlimatlandırmalı və ən azı ildə bir dəfə təxliyə təlimi keçirməlidir:

“Çünki ən müasir sistemlər belə insan faktorundan asılıdır və hazırlıqsız bir işçi böyük fəsadlara səbəb ola bilər”.

Onun fikrincə, sığorta mexanizmlərinin tətbiqi də genişləndirilməlidir: "Sığorta yalnız ziyanın ödənilməsi üçün yox, həm də sahibkarı profilaktik tədbirləri vaxtında görməyə məcbur etmək üçün güclü bir vasitədir".

Ekspertin son olaraq vurğulayıb ki, yanğın təhlükəsizliyi təkcə bir mağazanın və ya sahibkarın problemi deyil:

“Belə hadisələr minlərlə insanın işinə, yüzlərlə ailənin dolanışığına, bütövlükdə isə ölkənin iqtisadi həyatına təsir göstərir. Ona görə də biz yanğından sonra yox, yanğın baş verməsin deyə əvvəlcədən profilaktik tədbirlər görməyi öyrənməliyik”.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
bakivaxti.az

1Mənbələr