Azərbaycanda yaxın vaxtlarda 100-ə yaxın Çin dilində danışa bilən peşəkar bələdçi hazırlanacaq.
"Cebheinfo.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Rəşad Əliyev bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə fəaliyyət göstərən Çin dili fakültələrinin tələbələri və məzunları ilə danışıqlar aparılır: “Onları xüsusi təlim proqramına cəlb edəcəyik. Bundan əlavə, Çin dili kursları təşkil olunacaq və bu kurslar vasitəsilə bələdçilərin peşəkar hazırlığı təmin ediləcək”.
R. Əliyev qeyd edib ki, artıq təlim proqramının hazırlanmasına başlanılıb: "Proqram çərçivəsində bələdçilərə çinli turistlərin davranış xüsusiyyətləri, gözləntiləri və xidmət standartları barədə praktiki biliklər öyrədiləcək. Kursu uğurla başa vuran iştirakçılara rəsmi sertifikat təqdim olunacaq".
O əlavə edib ki, layihənin əsas məqsədi Azərbaycana gələn çinli turistlərin daha rahat və keyfiyyətli xidmətlə təmin edilməsidir: “Çin bazarı Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Turistlərin sayındakı artımı nəzərə alaraq, bu istiqamətdə hazırlıq işlərini genişləndiririk”.
"Cebheinfo.az"