AZ

Paşinyan erməni xalqından nəyi gizlədir?

Ermənistanda “5-ci kolon”un hərəkətə keçməsinin ilginc səbəbləri; STM-in icraçı direktoru: “Daxildəki müqavimətin məqsədi başqadır”
Baş nazir Nikol Paşinyana ölkə daxilindən təzyiqlər artmaqdadır. Son günlər Ermənistandakı “5-ci kolon”un baş qaldırması da təsadüfi deyil. Rusiya vətəndaşı, erməni milyarder Samvel Karapetyanın həbsxanadan da bayırdakı tərəfdarlarına mübarizə ilə bağlı mesajlar ötürməsi, onun donorluq etdiyi kilsənin dirəniş göstərməsi, həmçinin Rusiyanın patronajlığı altında gizli və açıq şəkildə fəaliyyət göstərən fərdlərin, qurumların aktivləşməsi proseslərin bir mərkəzdən idarə olunduğuna şübhə yeri qoymur.

Xüsusilə də Gümrüdəki 102 saylı hərbi bazanın çıxarılmasını tələb edən qüvvələrə dirəniş göstərməyə və Rusiya hərbçilərini “xilaskar” kimi təqdim edib, onları müdafiəyə qalxan “5-ci kolon”un cəsarəti diqqət çəkir. Bütün bunlar Paşinyanı asan parlament seçkilərinin gözləmədiyini deməyə əsas verir. Amma seçkilərədək açılan qəfil atəş, yaxud törədilən terror, Ermənistana xas mübarizə üsullarına əl atılması da dəf olunan məsafəni yarıda qoya bilər.

Bu arada Paşinyan Ermənistanın 2026-cı ildə müdafiə xərclərini artırmağı planlaşdırmadığını deməklə də nəzərləri üzərinə cəmləyib. Onun sözlərinə görə, bu qərar Azərbaycanla gözlənilən sülh müqaviləsinin imzalanması ilə bağlıdır. “Hesab edirəm ki, bu, məntiqlidir. Ən azı, hazırda bizim qiymətləndirməmiz belədir”, – hökumət başçısı qeyd edib.

Paşinyana müxalif “Past” qəzeti isə yazır ki, Vaşinqtondan qayıtdıqdan sonra baş nazir “sülh” sözünü daha tez-tez işlətməyə başlayıb. “Paşinyan bəyan edir ki, “gələcək artıq gəlib”, indi bizdə sülh var, onu qorumaq lazımdır. Paşinyana görə, qarşıdan gələn seçkilərdə Ermənistan vətəndaşları sülh və qeyri-sülh arasında seçim etməli olacaqlar. Bu, şantajdan daha artıqdır. Bu, açıq-aşkar yalandır, çünki Ermənistanda heç bir sanballı siyasi qüvvə, heç bir tanınmış sima sülhün əleyhinə deyil. Cəmiyyət Ermənistan Konstitusiyasının dəyişdirilməsinə, ölkənin türkləşdirilməsinə qarşıdır. Onlar mahiyyət etibarı ilə Paşinyanın özünə qarşıdırlar, onun gətirdiyi ölkənin dağıdılmasına, itkilərinə, milli aşağılanmasına, özünü məhv etməsinə qarşıdırlar”, – məqalədə deyilir.

Erməni müxalifət partiyalarından biri – Ermənistan Milli Konqres Partiyası isə Vaşinqtonda ABŞ, Ermənistan və Azərbaycan arasında imzalanan sənədlərin dərc edilməməsindən bəhs edib. “Paşinyan avqustun 21-də keçirdiyi mətbuat konfransında guya Vaşinqton razılaşmalarının bütün məzmununun üçtərəfli bəyannamənin bir səhifəsində əksini tapdığını göstərməyə çalışıb və cəmiyyətimizə əldə olunan razılaşmalara yalnız bəyannamənin mətni əsasında qiymət verməsini təklif edib. Məsələ burasındadır ki, Zəngəzur dəhlizinin 99 illik icarəsi ilə bağlı sövdələşmə mətni erməni xalqından gizlədilən birinci memorandumda təsvir olunub. İkinci və üçüncü memorandumlar dərc olunmur. Özünü demokratik və şəffaf adlandıran Paşinyan rejiminin öz xalqına və cəmiyyətinə bu qədər açıq şəkildə etinasız yanaşması, doğrudan da, heyrət doğurur. Əgər məxfi deyilsə, imzalandıqdan 12 gün sonra da niyə dərc edilməyib?”, açıqlamada deyilir. Bəs ekspertlərimiz necə düşünür, Paşinyan erməni xalqından nəsə gizlədirmi?

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, siyasi ekspert Sahib Məmmədov açıqlamasında bu mövzuda maraqlı fikirlər söylədi: “Vaşınqton razılaşmasından sonra Paşinyana və hazırkı Ermənistan hakimiyyətinə həm daxildən, həm də xaricdən təzyiqlərin artacağını əvvəlki şərhlərimizdə söyləmişdik. Proses artıq başlayıb. Konstitusiya islahatının, sərhədlərin delimitasiya və demarkasiya işlərinin davam etməsinin, Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək yolların açılmasının əleyhidarları üçün əslində bunlar bəhanədir. Səbəb isə Paşinyan və onun komandası ilə bağlıdır. Onu devirmək istəyirlər, amma bacarmırlar”.

S.Məmmədov əlavə etdi ki, Zəngəzur dəhlizi və ya Zəngəzur ərazisindən keçəcək dəmiryol və avtomobil yolunun icarə məsələsi də sırf spekulyasiyadır: “Həmin yol vaxtilə Azərbaycana məxsus olub. Yəni həmin dəmiryolu Zaqafqaziya Dəmir Yol İdarəsinin İrəvan şöbəsi tərəfindən deyil, Azərbaycan Dəmiryol İdarəsinin Naxçıvan şöbəsi tərəfindən istismar olunurdu. İndi təxminən 42 kilometrlik bir hissə Ermənistan ərazisidir. Azərbaycan özünə aid hissədə, həm əsas hissədə, həm Naxçıvan Muxtar Respublikası ərazisində dəmir və avtomobil yollarını tezliklə hazır edəcək. Türkiyə də öz hissəsində yol infrastrukturunu qurur. Qalır 42 kilometrlik hissə. İndi Ermənistan bu yolları özü tikəcək, yaxud hansısa şirkətə tikdirəcək, bu, onların öz işidir. Bizə lazım olan budur ki, yollar ən qısa müddətdə hazır olsun və bizim yüklər, nəqliyyat vasitələri və sərnişinlər gömrük və sərhəd yoxlamasından keçmədən Naxçıvana və geriyə təhlükəsiz gedib-gələ bilsinlər”.

Siyasi ekspert digər məqamlardan da bəhs etdi: “Paşınyanı müdafiə etmək bizlik deyil, bununla belə, o, xalqdan nəyi gizlədir ki? Ola bilər yolun tikintisini 99 il icarə hüququ əldə etməklə hansısa ABŞ şirkəti həyata keçirsin. Başqa variantlar da ola bilər. Məsələn, Ermənistan özü yolları tikər, amma istismarını hansısa şirkətə, o cümlədən ABŞ şirkətinə həvalə edə bilər. Bu halda gəliri yolları istismar edən şirkət əldə edəcək və dövlətə icarə haqqı, həmçinin vergi ödəyəcək. Bu, aydın bir məsələdir”. S.Məmmədov vurğuladı ki, bu arada İranın və digərlərinin narahatlığı da spekulyativdir: “ABŞ-nin mülki bir şirkəti Ermənistanda, məsələn, zavod tikib istismar edə, işlədə bilər, amma yol çəkib istismar edə bilməz? Tam yanlış yanaşmadır. Ermənistanın daxilindəki müqavimətin məqsədi başqadır. Qalan məsələlər bəhanədir. Sabah onlar da hakimiyyətə gəlsə, həmin yolları açmağa, sərhədləri delimitasiya və demarkasiya etməyə məcbur olacaqlar. Başqa yol da yoxdur”.

STM icraçı direktoru rəsmi İrəvanın hərbi büdcə ilə bağlı mövqeyini də şərh etdi: “Ermənistanın hərbi büdcəni gələn il sabit saxlaması da səbəbsiz deyil. Onlar bilirlər ki, Azərbaycan özü təklif etdiyi və mətnini hazırladığı sülh sazişinin şərtlərinə əməl edəcək. Həmin şərtlərə görə isə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, daxili işlərinə qarışmır, silahlı yolla bir-birinin ərazilərini ələ keçirmir və sair”.

Üstəlik, Paşinyan gördü ki, hərbi xərcləri artırdığı, pulsuz silahlar aldığı halda 44+1 günə ordusu darmadağın oldu və Azərbaycan 5-6 milyard dollarlıq qənimət götürdü. Həmçinin 12 min erməni fərarilik etdi… Hər halda, Paşinyanın Azərbaycanın təklif etdiyi sülh şərtlərini qəbul etməsi təqdirolunandır və bu, həm Ermənistan üçün, həm də regionun təhlükəsiz gələcəyi naminə ən ideal həll yoludur. Erməni daşnaklarının “maşa” rolunu oynayaraq yenidən gərginlik yaratmağa cəhd göstərməsi isə Paşinyanın da etiraf etdiyi kim, bu ölkəni fəlakətin dibinə yuvarlada bilər. Amma görünür, N.Paşinyanın ictimai rəy sarıdan müəyyən rahatlığı da var. Son günlər şəhər gəzintisinə çıxması da onun bəzi məsələləri həll etməsindən xəbər verir. Əks təqdirdə, “mənimlə razılaşmırsınızsa, inqilaba qalxın”, çağırışı səssiz qalmazdı…

Beləcə, Azərbaycanın həll yolu Paşinyan üçün xilas yoluna çevrilib, sürprizlər olmasa və baş nazir özünü qəfil açıla biləcək güllədən qoruya bilsə…“Yeni Müsavat”

Seçilən
10
2
moderator.az

3Mənbələr