AZ

Fransada siyasi böhran: Makrona qarşı impiçment tələbi

Fransa yeni siyasi böhrana doğru addımlayır.

Turkustan.az xəbər verir ki, Fransa hökuməti qeyri-populyar qənaət büdcəsi və borc azaldılması planı ilə bağlı ciddi siyasi fikir ayrılıqları fonunda yeni bir siyasi böhranla üzləşir. Baş nazir Fransua Bayrounun rəhbərlik etdiyi azlıq hökumətinin gələn ay keçiriləcək etimad səsverməsində devriləcəyi demək olar ki, qaçılmaz sayılır.

Bayrou sentyabrın 8-də 43,8 milyard avro dəyərindəki büdcə ixtisarı planı ilə bağlı Milli Assambleyada etimad səsverməsi keçirəcəyini açıqlayıb. O, bu addımın riskli olduğunu etiraf etsə də, Fransanın bu məsələni "aydınlaşdırmalı" olduğunu vurğulayıb. L’Express qəzetinə verdiyi açıqlamada isə Bayrou, hakimiyyətdə qalmaq üçün "it kimi mübarizə aparacağını" deyib.

74 yaşlı Fransua Bayrou prezident Emmanuel Makronun yaxın müttəfiqlərindən biri hesab olunur. Lakin həm ifrat sağ, həm də sol müxalifət onun devriləcəyinə əmindir. Bayrou hələ vəzifəyə gəlməsinin 9 ayı tamam olmamış etimad səsverməsində məğlub ola bilər.

Sosialist fraksiyasının lideri Boris Vallaud bu fikri belə ifadə edib: “Biz siyasəti dəyişdirməliyik və bunun üçün baş naziri dəyişməliyik.”

Prezident Makronun sentyabrın 8-də parlamentin növbədənkənar iclasını çağırması və etimad səsverməsi təşkil etməsi ekspertlər tərəfindən "qumar" kimi qiymətləndirilir. Bu, Mişel Barnierin hökumətinin büdcə səbəbilə cəmi üç ay sonra devrilməsindən cəmi bir il sonra təkrarlanan yeni siyasi böhran ehtimalını gündəmə gətirib.

Siyasi qeyri-müəyyənlik maliyyə bazarlarına da təsir edib. Çərşənbə axşamı Paris birjasında səhmlər ucuzlaşıb, xüsusilə Fransa banklarının səhmlərində düşüş müşahidə olunub və investorların narahatlığı artıb.

Bu gərginlik fonunda ifrat solçu “Tabe olmayan Fransa” (LFI) partiyasının liderlərindən Jan-Lyuk Melenşon Bayrou hökumətinin etimad səsverməsindən keçməyəcəyi təqdirdə, prezident Emmanuel Makrona qarşı impiçment proseduruna başlayacaqlarını bəyan edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
13
1
turkustan.az

2Mənbələr