AZ

Baba Vəziroğlu: "Bu yaşa çatsam da, Füzulinin məzarını ziyarət edə bilməmişəm"

"Sovet dövründə ulu öndərin rəhbərliyi zamanı Füzulinin, hətta Nəsiminin məzarının Azərbaycana gətirilməsi məsələsi müzakirə olunmuşdu. Ulu öndər bu məsələdə ziyalıları müəyyən qədər qınadı. İndi illər keçib və mən hesab edirəm ki, bu təşəbbüs tamamilə düzgün idi".

Bunu Demokrat.az-a açıqlamasında əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu deyib.

O bildirib ki, Yaxın Şərq, xüsusən də oradakı şərait, cəhənnəmi xatırladır, orada Füzulinin və Nəsiminin qəbrinin qalması məqbul deyil:

"Dünya ənənəsi budur ki, harada olursa-olsun, öz xalqını və vətənini tanıdan ən böyük şəxsiyyətlərin nəşi doğma torpağa gətirilir. Məsələn, Müslüm Maqomayev Rusiyadan, Lütfi Zadə isə Birləşmiş Ştatlardan gətirildi və Azərbaycan torpağına tapşırıldı. Bu çox böyük və əlamətdar hadisə idi. “Qürbətdə xan olunca, vətəndə dilən gəz” deyiblər. Bu həm dirilərə, həm də dünyadan köçmüşlərə aiddir. Bu, sadəcə bir deyim deyil, dünya miqyasında tanınmış böyük şəxsiyyətlər üçün də keçərlidir".

Baba Vəziroğlu qeyd edir ki, o, bu yaşa çatıb, Füzulinin məzarını ziyarət edə bilməyib:

"Mən çox istərdim ki, kumirlərimin ziyarətinə gedə bilim. Ona görə də hesab edirəm ki, bu böyük şəxsiyyətlərin nəşinin Azərbaycana gətirilməsi çox doğru addım olardı.
Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə malik bir xalqdır. Bizim “real Azərbaycan”ımız var, onun tarixi və mədəniyyəti kifayət qədər böyükdür. Ona görə də xəstə ideyalara qapılmadan, real addımlar atmaq lazımdır".

Şair bildirib ki, bu baxımdan, həm Füzulinin, həm də Nəsiminin nəşinin Azərbaycana gətirilməsi düzgün qərar olardı.

Qeyd edək ki, Nəsiminin məzarının Azərbaycana gətirilməsi ilə bağlı danışıqlar başlayıb. Mədəniyyət adamları bu məsələni birmənalı qarşılamayıb.


Əfsanə Kamal
Demokrat.az
Seçilən
1
1
demokrat.az

2Mənbələr