AZ

Azərbaycan dövləti və xalqı bir yumruq kimi birləşdi

2025-ci il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə səfər etdilər. Bu münasibətlə keçirilən təntənəli mərasimdə Prezident 32 illik həsrətdən sonra doğma yurdlarına qayıdan sakinləri təbrik edərək bildirdi: “Bu gün sizin həyatınızda tarixi gündür.” O, vurğuladı ki, Azərbaycan xalqı zəiflik göstərmədi, əksinə, inam və iradəsini qoruyaraq bu müqəddəs günün reallaşmasına nail oldu. Prezident çıxışında qeyd etdi ki, Kəlbəcər bu gün dünyanın ən gözəl şəhərlərindən biri kimi dirçəlməkdədir. “Böyük Qayıdış” Proqramının birinci mərhələsi çərçivəsində şəhərdə dörd yaşayış kompleksi inşa olunacaq və bu komplekslərdə 10 000-dən çox insan yaşayacaq. Eyni zamanda, bölgədə elektrik, su, qaz və yol infrastrukturu bərpa edilib, minalardan təmizləmə işləri aparılıb. Artıq modular məktəb fəaliyyət göstərir, 2026-cı ildə isə daimi məktəbin istifadəyə verilməsi planlaşdırılır. Səfər çərçivəsində Prezident İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini də qoydu. Ümumi sahəsi 11 hektar olan parkın 9 hektarı yaşıllıq zonasından ibarət olacaq. Burada mədəni-kütləvi tədbirlər, idman və əyləncə sahələri, ekstremal macəra zonaları, amfiteatr, restoran və kafelər fəaliyyət göstərəcək. Prezident İlham Əliyev çıxışında 44 günlük Vətən Müharibəsinin tarixi əhəmiyyətindən də danışdı. O vurğuladı ki, Azərbaycan dövləti və xalqı bir yumruq kimi birləşərək Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Dövlət başçısı 2020-ci il 10 noyabr tarixində müharibənin dayandırılmasının ən düzgün və uzaqgörən qərar olduğunu xüsusi qeyd etdi. Azərbaycanın uğurları yalnız 2020-ci il müharibəsi ilə məhdudlaşmayıb. Prezident bildirdi ki, 2023-cü ilin 19–20 sentyabr tarixlərində keçirilən lokal antiterror tədbirləri də 8 Noyabr Zəfəri qədər tarixi əhəmiyyətə malikdir. Bu əməliyyatlar nəticəsində strateji yüksəkliklər – Fərrux, Qırxqız, Sarıbaba kimi mövqelər azad olunub, ölkənin suverenliyi tam şəkildə bərpa edilib.Dövlət başçısı vurğuladı ki, dünyada tam qələbə ilə nəticələnən münaqişələr çox nadir hallarda müşahidə olunur. Lakin Azərbaycan xalqı bu tarixi uğura imza ataraq düşməni tam şəkildə məğlub etməyə nail olub. Ermənistan ordusu ağ bayraq qaldırmağa məcbur edilib və bu qələbə həm Azərbaycan Ordusunun gücünü, həm də xalqın birliyini və mənəvi üstünlüyünü nümayiş etdirib. Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, Kəlbəcər, Laçın və Ağdamın azad olunması yalnız hərbi yolla deyil, eyni zamanda diplomatik müstəvidə də əldə olunmuş tarixi ədalətin bərpasıdır. O, Ermənistanın törətdiyi müharibə cinayətlərinin, Xocalı soyqırımının və işğal dövründə həyata keçirilmiş vandalizm aktlarının heç vaxt unudulmamalı olduğunu bildirdi. Bununla belə, dövlətimizin məqsədi intiqam deyil, gələcəkdə istənilən təhlükə halında dəmir yumruq gücünü göstərməkdir.

Nazilə Abbasova,

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəal üzvü

Laçın Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçisi

Seçilən
2
yeniazerbaycan.com

1Mənbələr