Təəssüflə qeyd etməliyik ki, erkən nikahlar hələ də cəmiyyətin üzləşdiyi ən ciddi sosial problemlərdən biridir. Qızların uşaq yaşda ailə qurmağa məcbur edilməsi onların təhsil hüququnun əlindən alınması, erkən ana olma riski, sağlamlıq və psixoloji travmalarla müşayiət olunur. Bu vəziyyətdən çıxışın ən təsirli yolu isə təhsildən keçir.
Uğurlu kariyerası, istərsə də zorakılığın qurbanı olan xanımların həyat hekayələrini dinlədikcə birmənalı bu qənaətə gəlmək olur ki, təhsil qızlara güc verir.
Qız uşaqları məktəbə davam etdikcə onların dünyagörüşü genişlənir, özünəinamı artır, gələcəyini qurmaq üçün daha çox seçim imkanı yaranır. Təhsil alan qızlar yalnız savadlı və peşəkar kadr olmur, həm də ailədə, cəmiyyətdə öz sözünü deyə bilən güclü fərdlərə çevrilirlər. Araşdırmalar göstərir ki, təhsilli qızların erkən nikaha cəlb olunma riski xeyli aşağıdır.
Qızların gələcək talelərinin konturlarının cızılmasında ailələrin məsuliyyəti də əhəmiyyətli rol oynayır.
Valideynlər bilməlidirlər ki, övladlarının ən böyük təminatı onları “tez ərə vermək” yox, yaxşı təhsil almaq üçün şərait yaratmaqdır. Təhsildən yayınan və ya təhsili yarımçıq qoyan qızlar çox vaxt sosial asılılığa düşür və gələcəkdə öz həyatını müstəqil şəkildə idarə etmək imkanından məhrum qalırlar.
Son illər dövlət səviyyəsində təhsilin əlçatanlığının artırılması, məktəbə davamiyyətin gücləndirilməsi və maarifləndirici tədbirlər bu sahədə mühüm rol oynayır. Lakin cəmiyyətin dəstəyi olmadan bu problem tam aradan qaldırıla bilməz. Hər bir müəllim, valideyn, ictimai təşkilat və media təhsilin erkən nikaha qarşı ən güclü sipər olduğunu cəmiyyətə anlatmalıdır.
Unutmayaq ki, təhsil yalnız fərdi gələcək üçün deyil, bütöv cəmiyyətin inkişafı üçün də əsas şərtdir. Təhsilli qız uşaqları sağlam ailələrin, güclü cəmiyyətin və dayanıqlı gələcəyin təməlidir. Əgər biz erkən nikahlarla mübarizədə uğur qazanmaq istəyiriksə, ilk növbədə qızların təhsilini təmin etməliyik.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə mövzu ilə əlaqədar söhbət apararkən Mehriban xanım erkən nikahı qızların ən ciddi hüquq pozuntusu adlandırdı. Onun fikrincə, bu yalnız qızların şəxsi taleyinə deyil, gələcək həyatlarına, övladlarının sağlamlığına və bütövlükdə cəmiyyətin inkişafına mənfi təsir göstərir. Ona görə də bu problemi sadəcə fərdi məsələ kimi deyil, bütün cəmiyyətin faciəsi kimi dəyərləndirmək lazımdır:
"Tarix boyunca patriarxal cəmiyyətlərdə qadının “şərəfinin qorunması” adı ilə erkən evliliklər legitimləşdirilib. Qədim zamanlardan 12-15 yaşlı qızların nikaha daxil edilməsi geniş yayılmışdı. Çox vaxt bu, dinlə əlaqələndirilsə də, əslində kökündə ictimai nəzarət və stereotiplər dayanırdı. Təəssüf ki, bu yanlış yanaşmaların izləri bu gün də mövcuddur.
Azərbaycan qanunvericiliyinə görə, 18 yaşına qədər nikaha daxil olmaq qadağandır. Lakin bəzi valideynlər qızlarını “qorumaq” adı altında onların hüquqlarını məhdudlaşdırır və gələcəkdə ağır travmaların təməlini qoyurlar".
Mehriban xanımın fikrincə sosial-iqtisadi amillər və cəmiyyətin biganəliyi də erkən nikahların baş tutmasında az rol oynamır:
"Erkən nikahların kökündə yalnız maddi səbəblər deyil, həm də cəmiyyətin bu prosesi susqun dəstəkləməsi dayanır. Bəzən valideynlər qızlarının razılığı ilə ailə qurduğunu desələr də, bu, onların gələcək həyatına zərərsiz ötüşmür. Maraqlıdır ki, səbəblər çox bəsit olur: valideynin xəstəliyinə görə tez toy etmək, “yaxşı ər tapmaq” və ya gələcəyin təminatını düşünmək. Bu yanaşmalar qızları bir növ “alqı-satqı obyekti”nə çevirir".
Etiraf etmək lazımdır ki, dövlət bu istiqamətdə mühüm addımlar atır. Nişanlanmanın belə cinayət məsuliyyəti yaratması, 18 yaşdan aşağı nikahların tam qadağan edilməsi ciddi irəliləyişdir. Lakin qanunların icrasına ən böyük maneə cəmiyyətin susqunluğu və müqavimət göstərməməsidir. Halbuki məhz cəmiyyət bu prosesi dayandıracaq ən güclü qüvvə olmalıdır.
Ekspertimizin fikrincə təhsil erkən nikahlarla mübarizənin əsas vasitəsidir. Təəssüf ki, ağır təhsil proqramları, repetitor imkanlarının məhdudluğu və valideynlərin “onsuz da oxumayacaqsan” yanaşması qızlarda özgüvəni zəiflədir. Təhsildən uzaqlaşdırılan qızlar çox zaman erkən evliliyə məcbur edilirlər. Ona görə də təhsil proqramlarının yenilənməsi, hər bir qızın bərabər imkanlardan yararlanması bu mübarizənin əsas hissəsidir.
Erkən nikahların fəsadları və nəticəyə nəzər salsaq, görərik ki, erkən nikahların fəsadları çox ağır olur: ailədaxili zorakılıq, sağlamlıq problemləri, psixoloji travmalar və hətta intihar halları. Təcrübədə bunun acı nəticələrini görürük – ailəsinin köməyini ala bilməyən qızların faciəvi sonluqları ürəkağrıdıcı mənzərədir.
Bu səbəbdən erkən nikahlarla mübarizə yalnız dövlətin və qadın təşkilatlarının deyil, bütün cəmiyyətin borcudur. Hər kəs bilməlidir ki, bu, sadəcə bir ailənin problemi deyil, virus kimi bütün cəmiyyətə yayılan təhlükədir. Heç kimə güzəşt edilməməli, qanun qarşısında hər kəs cavab verməlidir.
Yazı “Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində hazırlanıb.