Sentyabrın 1-də ATƏT-in Minsk Qrupu (MQ) və onunla əlaqəli strukturlar haqda yekun qərar verilə bilər. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov deyib. Azərbaycanla Ermənistanın birgə müraciəti artıq təşkilata üzv ölkələr arasında yayılıb və 1 sentyabrda müsbət qərarın qəbulu gözlənilir.
Böyük ehtimalla belə də olacaq. Hər halda əksini ehtimal eləmək üçün heç bir əsas, motiv qalmayıb. Faktiki ölü qurum olan MQ-yə yeni "nəfəs" vermək istəyən ölkə özünü dünyada yalnız rüsvay etmiş olacaq.
Ləğv qərarı isə bölgənin böyük sülhə doğru növbəti və olduqca vacib daha bir addım atması anlamına gələcək. Separatçı-revanşistlərin üzdəniraq "Minsk üçlüyünə" bağladıqları axırıncı ümid də dəfn ediləcək.
Eyni zamanda, sentyabr ayı Azərbaycan xalqının yaddaşında yeni uğurlu tarixlə qalacaq -27 və 20 sentyabr kimi. Doğrudur, separatçılar 2 sentyabrı özlərinin uydurduğu "artsax"ın "müstəqillik günü" elan etmişdilər. Yeri gəlmişkən, həmin tarixin qara ildönümündə, yəni bir neçə gün sonra daşnak tör-töküntüləri İrəvanda mitinq keçirməyə hazırlaşırlar...
Bu da yaxşı yadımızdadır ki, 2023-cü il sentyabrın 2-də, antiterror əməliyyatına 17 gün qalmış baş nazir Nikol Paşinyan hətta separatçılara təbrik ünvanlamışdı. Müzəffər Azərbaycan Ordusu, komandolarımız Paşinyan başda olmaqla, erməni toplumunu buna da peşman elədi, "artsaxın müstəqilliy"ini separatçıların başına "uçurdu". Rusiya daxil, onların bütün xarici havadarlarını yasa boğdu, əllərindəki "Qarabağ kartı"nı həmişəlik aldı. 1 sentyabr Azərbaycan düşmənləri üçün növbəti yas, ağlaşma günü ola bilər.
Məhz 20.09.2023 dərsindən sonra N.Paşinyan artıq əmin oldu ki, "artsax" sevdası, "miatsum" xülyası bitib və bundan həmişəlik əl çəkmək zamanıdır. Əks halda "real Ermənistan" da əldən gedə bilər...
Heç təsadüfi deyil ki, az öncə baş nazir erməni xalqına müraciətində bildirmişdi ki, Qarabağ hərəkatına son verilməyincə (bunu o, daha əvvəl martda bəyan eləmişdi), Ermənistan müstəqil və təhlükəsiz ola bilməyəcək. Bunun əksini düşünənləri Paşinyan inqilaba çağırmışdı.
İnqilab isə olmadı. Ümumiyyətlə, erməni cəmiyyətində hər hansı ciddi separatçı hərəkətlənmə müşahidə edilmədi və edilmir. Deməli, bu cəmiyyətin mühüm hissəsi, daha dəqiqi, passiv çoxluq əslində Paşinyanın mövqeyini bölüşür, reallığı dərk edir və müharibədən yana deyil. Yəni radikal revanşistlərin ardınca getməyəcək.
Hər şey qırağa, təzə müharibə "sifarişi" Trampın da xoşuna gəlməyəcək. Bunu o, özünə qarşı, Ağ Evdə imzalanan 8 avqust Birgə Bəyannaməsinə, xüsusən də sənədin 1-ci bəndinə qarşı sayğısızlıq sayacaq - bütün mümkün nəticələri ilə birgə. Azərbaycan üçün isə əlavə fürsət yaranacaq. Zatən Bakı revanşist kəsimi dəfələrlə və ən yüksək səviyyədə xəbərdar edib...
Belədirsə, yeni erməni xalqı, yaxud çoxluq gerçəkdən sülh istəyirsə, o zaman niyə də Paşinyan hökuməti erkən seçkilərə və referenduma gedib konstitusiyada Azərbaycana qarşı torpaq iddiası ilə bağlı istinad çıxarılmasın? Bu il də olmayacaqsa, bəs nə vaxt?
Belə əlverişli tarixi şərait, unikal fürsət bəlkə heç vaxt yetişməyəcək. Çünki Rusiya bəd niyyətlərindən əl çəkməyib. Xülasə, tələsmək gərəkir.
Artıq MQ rəsmən də ləğv olunur. Sentyabrın 1-də onun "tabutu"na sonuncu mismar vurulacaq. Qalır konstitusiyaya müvafiq dəyişiklik. Əgər Paşinyan sözünün üstündə durub buna da nail olsa, Bakı və Ankara ilə diplomatik əlaqələr yarada bilsə, bəlkə də Nobel sülh mükafatını Trampdan daha çox haqq eləmiş olacaq.../Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta