AZ

İsrailin Azərbaycan planı ilə bağlı mühüm detallar Səfir şifrələri açdı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

İsrailin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz APA-ya müsahibəsində bildirib ki, “Azərbaycana tərəflərin razılığa gəlməsi ilə bağlı göstərdiyi səylərə görə təşəkkür etmək üçün bir fürsətdir. Bu səylər kifayət qədər uğurlu olub və İsrail tərəfindən yüksək qiymətləndirilir. Biz belə halların gələcəkdə də davam edəcəyinə inanırıq”.

“Ümid edirəm ki, gələcəkdə İsrailin Suriya və Türkiyə ilə münasibətləri ən yaxşı vəziyyətə çatacaq. Suriya ilə bir növ təhlükəsizlik razılaşması üzərində danışıqlar gedir. Azərbaycanda insanlar sabitlik və təhlükəsizliyin mahiyyətini başa düşür və hörmət edir. Eyni hal İsraildə də mövcuddur. Ümid edirik ki, gələcəkdə ətrafımızdakı sabitlik halqalarını genişləndirəcəyik. Bizim Misir və İordaniya ilə sülh razılaşmalarımız var. “İbrahim razılaşmaları”na da nail olmuşuq. Hazırda Suriya ilə danışıqlar gedir, ümid edirik Livanla da irəliləyişlər əldə edəcəyik. Zərərli təşkilat olan Hizbullahın aradan qaldırılması müsbət əlamətdir. Ümid edirik ki, İsrailin təhlükəsizliyi gələcəkdə daha yaxşı vəziyyət alacaq”, – səfir vurğulayıb.

Globalinfo.az-a danışan millət vəkili, politoloq Hikmət Babaoğlu isə bildirib ki, Yaxın Şərq mədəniyyətlərin, ilahi fəlsəfələrin, sivilizasiyaların beşiyi olduğu kimi, münaqişə və müharibələrin də beşiyidir:

“Bütün səmavi dinlər Yaxın Şərqdə yarandığı kimi, əsrlər boyu davam edən münaqişələr də elə Yaxın Şərqdə meydana çıxıb. Bu gün isə artıq Yaxın Şərqdə tarixi sabitliyə və sülhə doğru real imkanlar yaranıb. Birgə yaşam və sülhün uzunmüddətli olması üçün qarşılıqlı etimad və ədalətli sülh əsasdır. Bu baxımdan Azərbaycan qardaş Türkiyə və İsraillə olan münasibətlərindən istifadə edərək etimada söykənən sülhün yaradılmasına çalışır. Bunun İsrail tərəfindən müsbət qiymətləndirilməsi isə təqdirəlayiq hərəkətdir.

Həmçinin oxuyun:

Prezident “Əl-Ərəbiyyə” telekanalına müsahibə verdi – CANLI

Hikmət Babaoğlu

Eyni zamanda, qardaş Türkiyənin səyləri ilə Suriyada yeni reallıq formalaşıb. Suriya həm də Ön Asiyanın qapısıdır. Azərbaycanın məhz bu mühüm regional aktorlarla sülh danışıqlarına ev sahibliyi etməsi həm Azərbaycanın regional nüfuzundan, həm sülh təşəbbüslərinə verdiyi dəstəkdən, həm də bu istiqamətdəki təcrübəsindən irəli gəlir.

Cənubi Qafqaz heç də Yaxın Şərqdən az mürəkkəb və münaqişələrlə zəngin region deyil. Azərbaycan Cənubi Qafqazda sülhün necə əldə olunmalı olduğuna dair nümunə yaradıb. Bakının bu şəkildə Yaxın Şərqdəki dost ölkələrlə münasibətlərini nəzərə aldıqda demək olar ki, ölkəmiz sülhə nail olunması üçün müəyyən addımların atılmasında yardımçı ola bilər.

Ona görə də yeni təyin olunan səfirin bu məsələlərə münasibət bildirməsi, xüsusən də Türkiyə ilə İsrail arasındakı münasibətlərin yaxşılaşması ilə bağlı ümidlərini ifadə etməsi gələcək proseslər baxımından müsbət siqnaldır. Son bir neçə ildə baş verənlər göstərdi ki, güclə, kimisə inkar etməklə nəticə əldə olunmur. Ona görə də tarixin indiki mərhələsində müdrik liderlərin və istedadlı diplomatların səyi sülhü gətirə bilər. Bu istiqamətdə intensiv addımların atılması sülhü sürətləndirəcək. Səfirin dediklərindən bu qənaətə gəlmək olar ki, dost ölkələr də buna inanır”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
globalinfo.az

3Mənbələr