Türkiyədə “Bosfor-2025” kütləvi qitələrarası üzgüçülük yarışı zamanı suda yoxa çıxan rusiyalı üzgüçü Nikolay Sveçnikovun axtarışları artıq üç gündür ki, davam edir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “CNN Türk” nəşri məlumat verib.
Məlumata görə, axtarış qrupları hazırda həm suyun səthində, həm də dərinlikdə axtarışları gücləndiriblər. Sveçnikovun həyat yoldaşı və könüllülər də axtarışlara dəstək verirlər.
Prokurorluq üzgüçülük zamanı çəkilmiş bütün fotoşəkilləri və idmançının qaldığı hotelin kamera görüntülərini də araşdırırlar.
Lakin Nikolay Sveçnikovun həyat yoldaşının qohumu Alena Karaman çipin siqnal ötürməsi ilə bağlı yayılan xəbərləri və iddiaları təkzib edib, bununla bağlı məlumatlarının olmadığını bildirib.
“Bu barədə heç bir məlumatım yoxdur. Əgər belə olsaydı, bu barədə ilk mən xəbərdar olardım. Hazırda bu, təsdiqini tapmayıb”, – deyə o qeyd edib.
Eyni zamanda Türkiyə KİV-lərində Nikolay Sveçnikovun üzgüçüləri daşıyan bərədəki və qaldığı hoteldəki son görüntüləri də ortaya çıxıb.
Xatırladaq ki, rusiyalı üzgüçü və təcrübəli idman ustası Nikolay Sveçnikov Türkiyədə “Bosfor-2025” kütləvi qitələrarası üzgüçülük yarışı zamanı gözdən itib və onun sağ qalmış ola biləcəyi ehtimallar arasındadır.