“Qarabağ”ın “Loryan”ın hücumçusu Sambu Sumano ilə anlaşıb.
İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, seneqallı forvarda 3+1 illik müqavilə təklif olunub.
“Loryan”in heyətində Fransa Liqa 1-nin ikinci turunda “Renn”lə matçda qol vuran Sumanonun müqavilə müddəti gələn ilin yayına qədərdir.
Onun “transfermarkt”da dəyəri 2,5 milyon avrodur. Ağdam təmsilçisi afrikalı forvarda görə “Loryan”a təzminat ödəməyə hazırdır.
Bu barədə qarşı tərəf artıq məlumatlandırılıb. Yaxın 3-4 gün ərzində görüşmələrin nəticəsi məlum olmalıdır.
24 yaşlı oyunçu İngiltərədən “Sanderlend”, “Brentford”, “Bernli” və Şotlandiyadan “Seltik”in də gündəmindədir. İngiltərə Premyer Liqası komandalarından fərqli olaraq, “Seltik” və “Qarabağ” qarşı tərəflə rəsmi danışıqlar aparır.
Transfer danışıqlarının gedişi ilə bağlı bir qədər öncə yeni məlumat əldə edilib. Məlumata görə, “Seltik”in Çempionlar Liqasının pley-off mərhələsində “Kayrat“a uduzaraq mübarizə aparması seneqallının seçiminə birbaşa təsir göstərib. O, “Qarabağ”ın təklifini artıq müsbət cavablandırıb və şəxsi müqavilə şərtlərini razılaşdırıb.
“Köhlən atlar“ mövsümlərarası fasilədə 5 belə transfer əməliyyatı reallaşdırıb.
Dani Bolt ("Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya), Sami Mmaee ("Dinamo" Zaqreb - icarə) və Joni Montiel ("Rayo Valyekano", İspaniya) kollektivin sıralarına qoşulub.
İdman.biz