Bakı, 27 avqust, AZƏRTAC
"Qarabağ" dəfələrlə avrokubokların pley-off mərhələlərində iştirak edib və bu amil bu gün də komandanın xeyrinə işləyəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Aqil Nəbiyev “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün Bakıda Macarıstan təmsilçisi “Ferensvaroş”a qarşı keçirəcəyi cavab oyunu barədə danışarkən deyib.
Mütəxəssis Ağdam təmsilçisinin cavab matçına psixoloji üstünlüklə çıxacağını bildirib: “Təcrübə bu cür həlledici matçlarda çox vacibdir. Lakin “Ferensvaroş” da asanlıqla təslim olan komanda deyil. Onlar həm keyfiyyətli heyətə, həm də döyüşkən xarakterə malikdirlər. Buna görə də qarşılaşmanın olduqca gərgin və maraqlı keçəcəyini düşünürəm. Amma inanıram ki, Qurban Qurbanovun kollektivi bu şansı əldən verməyəcək”.
Onun sözlərinə görə, bu cür oyunlarda ən kiçik detallara belə, diqqət yetirmək lazımdır: “Hər şey nəticəyə təsir edə bilər. Azarkeş dəstəyi, fərdi ustalıq və ya kiçik səhvlər belə, matçın taleyini müəyyənləşdirə bilər. İlk matçda “Qarabağ” həm hücum, həm də müdafiə xəttində yaxşı oynadı. Bu gün bütün xətlərdə diqqətli olmaq lazımdır”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - “Ferensvaroş” oyunu saat 20:45-də start götürəcək. İlk matçda Ağdam təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib.