AZ

Azərbaycandan ərəb dünyasına: “İnvestisiya baxımından...”

Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Türk Dövlətləri Təşkilatının (TDT) gələcək inkişaf perspektivləri diqqət çəkib.

Dövlət başçısı bildirib ki, bu qurum sadəcə məşvərətçi platforma, şura, ölkələr qrupu kimi fəaliyyətə başlamasına baxmayaraq, hazırda böyük potensiala malik güclü regional ittifaqa çevrilib.

Qeyd edib ki, Türkiyə ilə bizim çox sıx münasibətlərimiz var:

“Bu münasibətlər hazırda 2021-ci ildə Şuşada Prezident Ərdoğanla imzaladığımız, bizi hərbi və siyasi müttəfiqlər edən Bəyannaməyə əsaslanır. Bu, hüquqi cəhətdən təkcə hər iki ölkə üçün deyil, bütün Türk dünyası üçün mühüm amildir.

Keçən il biz Özbəkistanla müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Həmçinin Türk Dövlətləri Təşkilatının digər üzvləri ilə bizim strateji tərəfdaşlıq müqavilələrimiz və ya bəyannamələrimiz var. Beləliklə, bu, böyük potensialdır.

Bizi köklərimiz birləşdirir və bu, təşkilatı nadir edir. Çünki digər beynəlxalq təşkilatlara baxsaq, onların hamısını deyil, bəlkə də bir qismini ortaq etnik qrup birləşdirir. Bəli, biz müxtəlif xalqlarıq, amma hamımızın kökləri ortaqdır və bu, türk etnik mənsubiyyətimizdən irəli gəlir.

Ölkələrimizin əhalisinin sayı artır və bu da hər bir ölkə üçün vacib amildir. İqtisadi inkişafla dəstəklənəndə isə bu, üstünlük deməkdir. Ölkə kasıb olduğu zaman bəzən bunun mənfi nəticələri də olur. Amma bizim ölkələr kasıb deyil. Hər ölkə olmasa da, ölkələrimizin bir çoxu təbii sərvətlərə malikdir”.

Mözvu ilə bağlı “Cebheinfo.az”-a danışan Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Türk Dövlətləri Təşkilatı dünyanın üçüncü iqtisadi qovşağı kimi nəzərdə tutulur:

“Məhz Zəngəzur dəhlizi bu prosesin əsas açarıdır. Türk Dövlətləri Təşkilatı gücünə, inkişafına və əhatə etdiyi potensiala görə dünyanın üçüncü iqtisadi qovşağı kimi nəzərdə tutulur. Bu da imkan verir ki, Azərbaycan Şərq-Qərb arasında inkişaf xətti üzrə koordinasiyaedici rol oynasın.  Zəngəzur dəhlizi isə bunun açarıdır.

O da fəaliyyətə başladıqdan sonra bütün türk dünyasını böyük və güclü şəkildə Azərbaycan idarə etməyə başlayacaq. Prezidentin bunu səsləndirməsi təsadüfi deyil. Bu həm də ərəb dünyasına informasiya mesajıdır ki, təşkilatın gələcəyi var və bu, investisiya baxımından böyük imkanlar yaradır”.

Seçilən
57
cebheinfo.az

1Mənbələr