AZ

Laçının 100 yaşlı sakini: Daha ölsəm də qəm yemərəm

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Laçın, 27 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Laçın rayonu illərlə düşmən işğalında qalsa da, dağılıb yerlə-yeksan edilsə də, doğma sakinləri ümidini itirmədi, səbirlə gözlədi. Artıq Laçın azaddır, özünün “laçın çağlarına” qayıdıb və əsl sahiblərini qucaqlayıb. Laçında yaşayan 100 yaşlı Fatma nənə də azad torpaqda nəfəs aldığı üçün özünü həm xoşbəxt, həm də gümrah hiss edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın şəhəri günü ərəfəsində Fatma nənənin ziyarət olunması onun sevincinə sevinc qatıb. Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları ilə söhbətində Fatma nənə keşməkeşli ömür yolundan danışıb.

Fatma nənə doğma torpağına qovuşduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirib: “Laçında olduğum dövrlərdə özümü qoca hiss etməmişəm. Yalnız məcburi köçkün düşəndə elə bildim həyat dayanıb. Ötən 30 ilin hər günü mənə bir ilə bərabər oldu, elə həmin vaxtlarda qocaldığımı hiss etdim. Amma torpaqlarımızın azad edildiyi xəbərini eşidəndə sanki mənə dünyanı verdilər. Allah Prezidentimiz İlham Əliyevi, əsgərlərimizi, hərbçilərimizi qorusun. Onların sayəsində doğma yurdumuza qayıtdıq. Allah şəhidlərimizə rəhmət eləsin. İki ildir Laçındayam, ilk köçənlərdən biri də mən oldum. Övladımın biri yanımda qalır, gözəl şəraitimiz var. Bu gün çox xoşbəxtəm. Elə bilirəm yenidən dünyaya gəlmişəm. Laçına qovuşdum, daha ölsəm də qəm yemərəm”.

Qeyd edək ki, Fatma Kərimova 1926-cı il iyulun 1-də Laçın rayonunun “Mahmudlu bulağı” adlanan yaşayış ərazisində anadan olub. Onun 6 övladı, 9 nəvəsi var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
azertag.az

2Mənbələr