AZ

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

[center]Sağlam[/center]Əhalinin çoxluqla narazı olduğu qurumlardan biri, bəlkə də birincisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Bəlli olduğu kimi, bu nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, DOST Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Sosial Xidmətlər Agentliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti, Dost İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Agentliyi və s. qurumlar fəaliyyət göstərir.

Ən çox şikayət aldığımız Dövlət Tibbi-Sosial Ekspertiza, Reabilitasiya Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Dövlət Sosial Müdafiə Fondudur.

Sabiq nazir Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyindən ayrılandan sonra çoxlarına elə gəlirdi ki, bu qurumdan şikayətlər qismən azalacaq, ən azı saxtakarlıqlara yol verilməyəcək. Təəssüf ki, burada Sahil Babayevin “siyasəti” hələ də davam etməkdədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətlərin artması, ən əsası isə insanların haqsız yerə süründürməçiliyə məruz qoyulması faktları günbəgün çoxaldığından, istər-istəməz belə düşünməyə məcbur oluruq ki, deyəsən, Anar Əliyev sələfinin “yolunu” davam etdirməkdə israrlıdır. Məsələn, əvvəllər olduğu kimi, yenə də əlil olmayan insanlar bu qurumda müayinədən keçərək, asanlıqla əlillik dərəcəsi ala bilirlər. Özü də 1-ci qrup. Əlil olan, xəstə olan bəzi insanlar isə, ənənəvi qaydada qıraqda qalırlar, necə deyərlər saxta əlillərin limiti doldurduğu üçün. Beləliklə də, çarəsiz, bir qarın çörəyə möhtac insanlar ölümə tərk edilir.

Onu da dəyərli oxucuların diqqətinə çatdıraq ki, son illər redaksiyamıza daxil olan şikayətlərin ən azı 80 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyindəndir. Düzdür, bu iki qurumu bir-biri ilə əlaqələndirmək doğru olmaz. Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidməti ən azı suallarımızı cavabsız qoymur, hətta əllərindən gələni edir, yardıma ehtiyacı olan insanlara kömək etməyə çalışırlar. Bu məqamda, xüsusilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanova dərin təşəkkürümüzü bildiririk.

Yeri gəlmişkən bildirək ki, bir neçə ay əvvəl redaksiyamıza saxta əlillik alan şəxsin və ona bu məsələdə yardım edən, özünü nazirliyin əməkdaşı kimi təqdim edən 2 xanımın video görüntüləri daxil olmuşdu. Bununla bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Bundan sonra qadın müayinə üçün agentliyə dəvət olundu və təkrar müayinələrdən keçdi. Qurumdan redaksiyamıza bildirdilər ki, “Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Qaraşova Mehparə Vaqif qızı "İnzibati icraat haqqında" Qanuna əsasən, 18.07.2025-ci il tarixində əlillik təyinatı barədə qərarın əsaslılığının yoxlanılması məqsədilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunub.

Əyani müayinə nəticəsinə əsasən, vətəndaşın hazırki vəziyyətinin əlillik səviyyəsində olmadığı müəyyən edilib. Nəticədə müvafiq qanunvericiliyə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib”.

Amma, sadəcə bu qədər! Bəs, nə üçün saxta əlilliyi düzəldən rəsmilər, saxta xəstəlik kağızları verən həkimlər barəsində heç bir tədbir görülmür?! Doğrudur, hüquq-mühafizə orqanından bildirilir ki, məsələ araşdırılır. Bu araşdırma neçə ay, yaxud neçə il çəkəcək? Hansı ki, video-görüntüdə qadınların arasında pul alverinin olduğu aşkar şəkildə görünür.

Bundan əlavə, 1 il əvvəl yenə redaksiyamıza qohumu vasitəsilə saxta əlillik dərəcəsi alan şəxsin məlumatları daxil olmuşdu. Məlumatda qeyd olunurdu ki, “Gəncə şəhər sakini Mehralıyeva Anarə Paşa qızı 1-ci qrup olmadığı halda özünə saxta əlillik düzəltdirib”. Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə məlumat verdik. Uzun araşdırmalardan sonra adıçəkilən xanım təkrar müayinə olunub və bu zaman ona 1-ci qrup yox, ona 2-ci qrup əlillik təyin edilib. Nazirliyin cavabını olduğu kimi dərc edirik: “Gəncə şəhər sakini 1985-ci il təvəllüdlü Mehralıyeva Anarə Paşa qızı "İnzibati icraat haqqında" Qanuna əsasən, 22.04.2024-cü il tarixində əlillik təyinatı barədə qərarın əsaslılığının yoxlanılması məqsədilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunub.

Əyani müayinə nəticəsinə əsasən, vətəndaşa hissəvi reabilitasiya olunması səbəbilə müddətsiz olaraq ikinci dərəcə əlillik təyin edilib”.

Maraqlıdır ki, hələ də nəyinsə müqabilində “1-ci qrup əlil” kimi pensiyaya çıxan şəxslər qrup dəyişikliyinə məruz qalır, əsaslı sübut təqdim olunan zaman isə tamamilə əlillikləri ləğv edilir. Bəs nazirliyin həkimləri bu xəstələri yoxlayan zaman hansı marağa görə onlara əlillik dərəcəsi verirlər?

Digər tərəfdən, görünür həmin həkimlərin çəkinəcək yerləri olmadığı üçün bu qanunsuzluğa əl atırlar. Həkim rəy verir, amma məsul şəxs kimi məsuliyyət daşımır. Bu addımlar dələduzluğu alovlandırmırmı?

Zənnimizcə, saxtakarlıqla pensiya təyin olunan şəxslərin aldıqları pullar məhkəmənin qərarı ilə geri alınmalıdır. Həmçinin, saxtakarlığa imza atan həkimlər, rəsmi şəxlər cəzalandırılmır. Məhz bu səbəbdən də Azərbaycan da dələduzluq halı baş alıb gedir, cinayət törədən insanlar həbs olunmur, onlar barəsində tədbir görülmür. Axı, indiyədək bizim bildiyimiz, 10-larla saxta əlillik dərəcəsi alanların statusu ləğv edilib.Olan isə yenə vətəndaşa olur, həm pulu gedir, həm də saxta əlilliyi.

Sahil Babayevin vaxtında saytlarda belə bir açıqlama getmişdi. Qeyd edilirdi ki, “hər kəs Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə güvənsinlər və rahat müraciət etsinlər. Bəzən tibb müəssisələrindən gələn natamam sənədlər səbəbindən imtina halları olur. Lakin əyani müayinədən sonra hüququnu tam şəkildə təmin edə bilirik”.

İnsanların, ən əsası da qazilərin, müharibə iştirakçılarının haqqı yeyilir. Həqiqi yataq xəstələrinin hüquqları tapdalanır. Nə görən göz var, nə də duyan qulaq.

Qeyd etdiyimiz faktların təsdiqi üçün redaksiyamıza daxil olan video-görüntünü oxuculara təqdim edirik: Buyurun, siz də baxın, görün sağlam insanlar 1-ci qrup əlilliyi necə asan yolla alırlar.

Jalə FAMİLQIZI, (Hurriyyet)

Redaksiyadan: Yazıda adları çəkilən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Seçilən
13
2
yenisoz.az

3Mənbələr