27 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının ölkəmizdəki səfiri Ann Buayonu Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan-Fransa münasibətləri, habelə regional və beynəlxalq məsələlər əsas müzakirə mövzuları olub.
Nazir Ceyhun Bayramov səfir Ann Buayonun ölkəmiz üçün tarixi və əlamətdar bir dönəmdə Fransanın Azərbaycanda səfiri qismində fəaliyyət göstərdiyini bildirib. Ölkəmizdə öz diplomatik fəaliyyətini yekunlaşdıran səfir Ann Buayona bundan sonrakı fəaliyyətində uğurlar arzu olunub.
Azərbaycan-Fransa münasibətlərində mövcud çətinliklər və çağırışlara baxmayaraq, dialoq kanallarının açıq saxlanılmasının vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi regional sülh gündəliyinin irəlilədilməsi istiqamətində atılan addımlar, o cümlədən tarixi Vaşinqton görüşünün nəticələri və təfərrüatları barədə məlumatlandırıb.
Ölkəmizin hər zaman sülh tərəfdarı olduğu və Vaşinqton görüşünün də bunu sübut etdiyi diqqətə çatdırılıb.