AZ

Seyfəddin Hüseynlidən mərhum qardaşları ilə bağlı yayılan xəbərə REAKSİYA

Rusiyanın Yekaterinburq şəhərində OMON (xüsusi təyinatlı dəstə) tərəfindən amansızlıqla qətlə yetirilmiş Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə bağlı rusların "Proyekt" nəşrinin yaydığı son məlumat mərhumların yaxınlarının etirazına səbəb olub.

Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, iş üzrə zərərçəkmiş kimi tanınan mərhum Ziyəddin və Hüseyn Səfərovların qardaşı Seyfəddin Səfərov (Hüseynli) Musavat.com-a açıqlamasında qardaşlarının bədən üzvlərinin kəsilməsi ilə bağlı iddianı təkzib edib.

O qeyd edib ki, "Proyekt" nəşri çirkin məqsədlərindən ötrü təxribat törədib, bu amansız cinayəti öz oyununa alət edib:

"Bu avantürist nəşr cinayətin gerçək mahiyyətini təhrif etməklə yanaşı, mərhum qardaşlarımın adını, xatirəsini ləkələməyə çalışıb. Mən qardaşlarımın tibbi müayinəsi keçirilərkən Məhkəmə Tibbi Ekspertizada baş direktor Ədalət müəllim və digər əməkdaşlarla, istintaq qrupu ilə birgə əvvəldən sonadək orada olmuşam. Minnətdaram ki, buna şərait yaradıldı. Bəli, qardaşlarıma ölümcül, dəhşətli zərbələr vurulub, elektrik cərəyanı ilə işgəncə verilib. Həmin amansız zərbələrin, ağır işgəncələrin izləri yayılan fotolardan da açıq-aşkar görünür. Sadəcə fotolar sonradan paylaşılarkən qasıq nahiyəsi etik səbəblərə görə örtülüb. Yəni ona görə bağlamayıblar ki, orada nəsə başqa bir məsələ var. Qardaşlarımın orqanlarının kəsilməsi baş verməyib, bu, yalandır".

Zərərçəkmişin sözlərinə görə, hazırda mərhum qardaşlarının övladları həmin nəşrə yazılı etiraz bildirərək bu yalan məlumatların təkzibini tələb ediblər:

"Mənim qardaşlarıma dəhşətli dərəcədə ağır işgəncələr verilib. Daxili orqanları ölümcül zədələnib. Amma hansısa xarici əzalarının kəsilməsi yalandır. Ruslar bu təhqiramiz xəbəri yaymaqla çox çirkin niyyət güdürlər. "Proyekt"in burada öz iyrənc marağı olduğu aydındır. Amma biz - Azərbaycan mediası belə məsələdə daha həssas və dürüst davranmalıyıq. Mənim mərhum qardaşlarıma - Azərbaycanın ləyaqətli iki övladına Rusiyanın güc strukturlarının qəddar, azğın təmsilçiləri həm qardaşlarımın öz evlərində, həm də zindanda dözülməz işgəncələr veriblər. Nəhayət, onları vəhşiliklə öldürüblər. Burası gün kimi aydın və danılmazdır. Bu dəhşətli cinayətin kifayət qədər sübutu var. Ona görə də olmayan hansısa detalı buraya əlavə etmək artıqdır. Odur ki, mərhum qardaşlarım barədə yayılan bu son çirkin məlumatı qətiyyətlə təkzib edirəm".

Xatırladaq ki, bu il iyunun 27-də səhər saat 5 radələrində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlılara məxsus 9 mənzilə basqın ediblər. Nəticədə Ziyəddin və Hüseyn Səfərov qardaşları xüsusi amansızlıqla qətlə yetiriliblər. Hazırda bu hadisə ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində araşdırmalar davam edir.

Seçilən
13
15
moderator.az

10Mənbələr