AZ

Laçından dünyaya sülh nəğməsi

Laçında bayramdır! Musiqi bayramı... Sülh, sevgi, xoşbəxtlik  bayramı...

Dağların sinəsini ikiyə bölən yollarla Laçına sarı irəliləyən avtomobillər saya gəlməzdir. Bayram əhvali-ruhiyyəsini insanların gözlərindəki parıltıdan, üzlərindəki təbəssümdən duymamaq mümkün deyil. Bu bayram təkcə laçınlıların deyil, bütün Azərbaycan xalqının bayramıdır. 

Müqəddəs Zəfər bayrağımızla bəzədilmiş küçələr də, şəhəri əhatə edən uca dağlar da, sanki günəşin şəfəqlərinin qarşısını kəsən qol-budaqlı ağaclar da bu sevinci paylaşırlar. Adama elə gəlir ki, burada təbiət də insanların coşqusuna qoşulub - elə bu dəqiqə, başı buludlara dirənən, qürurlu uca dağlar da, bu torpaqdan güc alan qollu-budaqlı ağaclar da qonaqpərvər laçınlılar kimi gələnləri bağrına basmaq istəyir.

Laçında IX "Muğam" Televiziya Müsabiqəsinin final mərhələsi keçirilib. Tar-kamanın, insanların ruhuna sakitlik gətirən, adamın qanını coşduran musiqi səsi dağlarda əks-səda verib aləmə yayılırdı. Bir qədər aralıda - sərhəddə bu yurda sülh gətirən qəhrəman Azərbaycan əsgəri dayanmışdı, qəhrəmanlıq  nəğməsini dinləyirdi... 

Elə bil uca dağlar da, sıldırım qayalar da məmnun-məmnun insanların xoşbəxtliyini seyr edib bizə zəfər sevincini bəxş edən igid Azərbaycan əsgərinə alqış edirdi: "Yaşa Azərbaycan əsgəri, var ol" deyirdi. 

Düşüncələrimiz bizi bir qədər geri - 2022-ci il sentyabrın 21-nə qaytarır. O gün Müzəffər Ali Baş Komandan İlham Əliyev 30 ildən sonra Laçın şəhərində Azərbaycan bayrağını ucaldan zaman demişdir: "Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır". 

Budur o, ay-ulduzlu Zəfər bayrağı cəmi üç ildə cənnətə dönmüş Laçını bəzəyir. Burada insanlarla təbiət bir-birinə qovuşaraq xoşbəxtliyin ən saf anlarını bölüşürlər. 

Xatırladaq ki, Laçında keçirilən IX "Muğam" Televiziya Müsabiqəsinin final mərhələsinə yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər arasından 11 mərhələ keçərək 12 iştirakçı seçilən gənc xanəndələr Rəis Niftəliyev, Kənan Novruzov, Nərmin Mirzəyeva, Əli Rəşidi, Aycan Şükürlü, Yusif Cəfərbəyli, Aytac Bəybalayeva və azyaşlı ifaçılar Əhəd Ağayev, Kənan Tağızadə, Yusif Mustafayev, Mətləb Əhmədzadə, Murad Nəbizadə iştirak etmək hüququ qazanmışlar. Müsabiqəyə Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi münsiflik edirdilər.

Fürsətdən istifadə edib müsabiqə iştirakçısı, "İlin Gənci" mükafatçısı, əslən Laçının Sultanlar kəndindən olan Yusif Cəfərbəyli ilə söhbət edirik. Gənc xanəndə "çox həyəcanlıyam. Bəlkə də dünyaya gələndə valideynlərimin qulağıma dedikləri ilk söz "Laçın" olub. Laçın sevgisi mənə beşiyimin başında deyilən laylalarla ruhuma hopub. Bu möcüzəni gerçəkləşdirdiyinə, vətənimi, doğma yurdumu bizə qaytardığına görə ilk növbədə Prezidentimizə minnətdaram. Bu müsabiqənin ideya müəllifi, gənc xanəndələrə yaratdığı şəraitə görə Mehriban xanıma "çox sağ olsun", - deyirəm. Bu gün laçınlı kimi "Qarabağ" mahnısını ifa edəcəyəm". Yusif əlavə edir ki, bu, bir yarışmadır. Düşünürəm ki, burada iştirak edənlərin hamısını yarışmanın qalibi hesab etmək olar. Əsl qalib isə Azərbaycan əsgəridir. Qarabağ Azərbaycandır!

"Qarabağ" mahnısını oxuduqca kövrələn Yusifin əlində mikrofon titrəyir. Biz Laçındayıq - azad, bəxtəvər, bu dünyanın cənnəti, arzularımızın həsrətlə boylandığı Laçında musiqi yarışması keçirilir. Budur, Azərbaycan dövlətini dünyada qüdrətli edən. Bir zamanlar barıt qoxusundan burun tutulan bu diyara biz sülh, xoşbəxtlik gətirmişik. Biz Laçından dünyaya sülh nəğməsi oxuyuruq. "Yandırın silahları, ərşə qalxsın tüstüsü", - deyirik. Bir də analar ağlamasın, insanların gözündən kədər yaşı yox, xoşbəxtlik sevinci süzülsün.

Səhnədə gənc ifaçılar tamaşaçı alqışları ilə bir-birini əvəz edirlər. Aytac Bəybalayeva "Yaşa Azərbaycan", Nərmin Mirzəyeva "Bayatı Şiraz" kompozisiyasını, "Heydərbabaya salam" mahnılarını ifa edirlər.

Azyaşlı xanəndələrdən Əhəd Ağayev "Qaçaq Nəbi" xalq mahnısını, Murad Nəbizadə "Şirvan şikəstəsi"ni, Kənan Tağızadə "Eşqimin baharı" mahnılarını ifa edirlər. İfalar gözəl, ifaçılar ümidli, heç kim yanındakını özünə rəqib  bilmir. Səhnəyə çıxan yoldaşlarını öz ifa növbəsini gözləyənlər xeyir-dua verib uğurlayırlar. Həyəcanlı anlar yaşanır. Münsiflər heyətinin məşvərətindən sonra qaliblərin adı elan olunur. Yeniyetmə ifaçılar arasında birinci yerə Əhəd Ağayev, ikinci yerə Murad Nəbizadə, üçüncü yerə isə Kənan Tağızadə layiq görülürlər.

Gənc xanəndələr arasında isə birinci yeri Aytac Bəybalayeva, ikinci yeri Nərmin Mirzəyeva, üçüncü yeri isə Rəis Niftəliyev tuturlar. Yeniyetmə və gənclər arasında ilk üç yerin qaliblərinə Heydər Əliyev Fondunun mükafatları və diplomlar təqdim olunur.

Səhnədə əslən laçınlı Əməkdar artist Ehtiram Hüseynov görünür. Xanəndənin oxuduğu "Segah təsnifi" alqışlarla qarşılanır. Tədbir  qaliblərin ifasında səslənən "Qarabağ şikəstəsi" ilə yaddaşlara möhürünü vurur.

"Muğam" Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən muğam müsabiqələri gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılmasına, xalq musiqisinin yaşadılaraq yeni nəsillərə ötürülməsinə və Azərbaycanın muğam sənətinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verib.

Elşən QƏNİYEV,

"Azərbaycan"

Seçilən
10
azerbaijan-news.az

1Mənbələr