AZ

"Bəkir Nəbiyev məktəbi"

Ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Bəkir Nəbiyevin adı, imzası elm və ədəbiyyat adamlarına yaxşı tanışdır. O, bütün mənalı ömrünü bədii söz sənətinin, ədəbiyyatımızın inkişafına həsr edib. Bir-birindən maraqlı və dəyərli əsərlər yazıb, gənc ədəbiyyatçılar nəslinin formalaşmasında çox böyük xidmətlər göstərib. Klassik və müasir ədəbiyyatımız haqqında yazdığı əsərlər heç vaxt bədii dəyərini itirmədən daim oxunur və öyrənilir. Ona görə də Azərbaycan ədəbiyyatına böyük töhfələr vermiş görkəmli alim, akademik Bəkir Nəbiyev həmişə xatırlanır və dərin hörmətlə yad edilir.

Bəkir Əhməd oğlu Nəbiyev 1930-cu ilin avqust ayında Ağdaş rayonunun Üçqovaq kəndində ziyalı ailəsində dünyaya göz açıb. Kiçik yaşlarından ədəbiyyata maraq və həvəs göstərib. Bu maraq onu ali məktəbə gətirib. Gələcəyin böyük ədəbiyyat adamı olacaq Bəkir Nəbiyev Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinə qəbul olub. Ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirib. Məmməd Arif, Əli Sultanlı, Mir Cəlal, Cəfər Xəndan, Məmməd Cəfər, Həmid Araslı, Abbas Zamanov, Feyzulla Qasımzadə kimi böyük ustadlardan dərs alıb, biliklərini daha da zənginləşdirib. Özünü ədəbiyyat adamı kimi sabahlara hazırlayıb. Söz sənətinə, ədəbiyyata tükənməz sevgi ilə bir-birindən maraqlı əsərlər qələmə alıb. Universitetin aspiranturasında təhsilini uğurla davam etdirərək, 1960-cı ildə "Firudin bəy Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Elm aləminin gələcəyinə doğru çoxlarının qibtə edəcəyi addımlar atıb. 

Akademik Bəkir Nəbiyev gənclərə örnək olan gözəl bir ömür yaşayıb. Ədəbi fəaliyyətə "Ədəbiyyat qəzeti"nin 1951-ci ilin 4 noyabr tarixli nömrəsində dərc olunan "Dama-dama göl olar" rəyi ilə başlayıb. İlk yazısı çox uğurlu alınıb, ədəbi ictimaiyyətin diqqətini cəlb edib. Ədəbiyyatsevərlər tərəfindən böyük maraq və sevgi ilə qarşılanıb. Bundan sonra Bəkir Nəbiyev müəllim, jurnalist, tənqidçi, tədqiqatçı-ədəbiyyatşünas, redaktor, tərcüməçi kimi dövrünün bir çox nüfuzlu mətbuat orqanlarında işləyib. Qısa müddətdə biliyinin, təcrübəsinin zənginliyi sayəsində ədəbiyyat aləmində böyük şöhrət qazanıb.

Akademikin hörməti yazdığı yeni əsərləri ilə daha da artıb. Ürəyi, qəlbi daim ədəbiyyata, söz sənətinə sevgi ilə döyünən Bəkir Nəbiyev yaşadığı dövrün ədəbi proseslərinə, heç vaxt təravətini, dəyərini itirməyən klassik ədəbi irsə, poeziyada sənətkarlıq məsələlərinin tədqiqinə 50-dən çox kitab, 900-dən çox məqalə və resenziya həsr edib. Ədəbiyyatımızı, söz sənətimizi dərindən təhlil edib, araşdırıb bədii dəyər verib. Akademik yazdığı bir-birindən dəyərli əsərləri ilə təkcə ölkəmizdə deyil, keçmiş SSRİ məkanında, həmçinin sərhədləri aşaraq Türkiyə, İran və İraqda da tanınıb və öyrənilib. 

Bəkir Nəbiyev Azərbaycan Milli Elmlər Akademiyasında işə başlayandan sonra demək olar ki, elmi fəaliyyətinin daha da məhsuldar dövrünə qədəm qoyub. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna kiçik elmi işçi qəbul edilən gənc tədqiqatçı bacarığı, işgüzarlığı sayəsində bir müddətdən sonra şöbə müdiri vəzifəsinə təyin olunub. 1970-ci il Bəkir Nəbiyevin ömür kitabına böyük hərflərlə yazılıb. Həmin il o, "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. Doktorluq işinin müdafiəsindən bir müddət sonra təcrübə və peşəkarlığını nəzərə alaraq Bəkir Nəbiyevi Ədəbiyyat Muzeyinə direktor təyin ediblər. Görkəmli akademik bu vəzifədə 15 ildən çox işləyib. Bu illər ərzində o, muzeyin daha da zənginləşməsi, dövrün tələbləri əsasında yenidən qurulması, beynəlxalq aləmdə tanıdılması istiqamətində çox mühüm işlər görüb. Bütün bunlarla yanaşı, akademik həm də elmi-tədqiqat fəaliyyətini də uğurla davam etdirib. Yazdığı bir-birindən maraqlı və dəyərli əsərləri ilə ədəbiyyat tariximizi daha da zənginləşdirib. 

Bu gün adını böyük iftixarla çəkdiyimiz Bəkir Nəbiyevin "Görkəmli tənqidçi və ədəbiyyatşünas" (1963), "Süngüyə çevrilmiş qələm" (1970), "Ədəbi düşüncələr" (1971), "Tənqid və ədəbi proses" (1976), "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı" (1977), "Kamalın təntənəsi" (1981), "Söz ürəkdən gələndə" (1984), "Roman və müasir qəhrəman" (1987), "Özümüzdən başlayaq" (1990), "Didərgin şair" (1995), "Çətin yollarda" (2000), "İstiqlal şairi" (2001), "Xəzan vurmasın" (2006), "Hərənin öz yolu var" (2007) və başqa kitabları tənqid və nəzəri fikir tariximizi özündə böyük parlaqlıqla əks etdirir. Belə əsərlər yalnız yazıldığı dövrdə deyil, sonrakı çağlarda da dərin maraqla oxunur, bədii dəyərini həmişə özündə qoruyub saxlayır. Yazıldığı zamanın, sözün həqiqi mənasında güzgüsünə çevrilir. Çünki ədəbiyyatımıza işıq tutan bu əsərlər heç vaxt köhnəlməyən və köhnəlməyəcək təfəkkürlə, yüksək tarixilik duyğusu və ədəbiyyatımıza böyük sevgilərlə yazılıb.

Görkəmli söz adamları Bəkir Nəbiyevin yaradıcılığına yüksək dəyər veriblər. Professor Mir Cəlal Paşayev demişdir: "Bəkir Nəbiyev müasir ədəbi prosesi diqqətlə izləyən bir tənqidçi kimi tanınır. Təsadüfi deyil ki, onun əsərində müasir roman və müsbət qəhrəman, nəsrimizdə konflikt və xarakterin ifadə tərzi, psixoloji təhlil kimi yaradıcılıq problemlərinə dair mülahizələrində yorulmaz bir tədqiqatçının əməyi ilə yanaşı, fəal bir tənqidçinin təfəkkürü də özünü göstərir".

Xalq şairi Bəxtiyar Vahabzadə isə akademikin fəaliyyətinə belə dəyər vermişdir: "Mənim şeir və məqalə kitablarım haqqında Bəkirin də bir neçə məqaləsi var. Mən onun "Zirvəyə gedən yolda" adlı məqaləsindən bir məqamın üstündə dayanmaq istəyirəm. Bəkir Nəbiyev həmin məqaləsində ənənə və novatorluq istilahlarının adını çəkmədən bu iki qütbün mənim yaradıcılığımdakı təzahürünü müasir poeziyamızın müstəvisində böyük, analitik təhlillə izah etmişdir. Bu məqalə yaradıcılığımın müəyyən dövrünə işıq salıb ondan sonra keçəcəyim yollara yön verdi".

Hər bir sənətkar özündən sonra işlədiyi, çalışdığı sahədə pozulmayan izlər qoyur. Ondan sonra gələn nəsillər isə bu izlərlə gedərək daha böyük uğurlar qazanırlar. Tarixi ənənəyə sadiq qalan görkəmli alim də özündən sonra Azərbaycan ədəbiyyatında, söz sənətində həmişə qapıları elm adamlarının üzünə açıq olan "Bəkir Nəbiyev məktəbi" qoyub. Bununla da ədəbiyyatşünaslıq aləmində bacarıqlı elm adamlarının hazırlanmasına böyük təkan verib. Akademik Bəkir Nəbiyev bir çox doktorluq dissertasiyaları üzrə elmi məsləhətçi, namizədlik dissertasiyaları üzrə elmi rəhbər olub. Zaman-zaman ədəbiyyatımızın, söz sənətimizin inkişafına böyük töhfələr verən tanınmış alimlər Nizami Cəfərov, Teymur Kərimli, Məhərrəm Qasımlı, Kamran Əliyev, Şirindil Alışanlı, Muxtar İmanov, Tehran Əlişanoğlu və başqaları onun yetirmələridir. 

Akademik Bəkir Nəbiyevin ədəbiyyatımızın, söz sənətimizin inkişafındakı göstərdiyi xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. O, "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb, Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif edilib.

Görkəmli ədəbiyyatşünas, böyük alim Bəkir Nəbiyev 2012-ci il martın 15-də dünyasını dəyişib. Onun ölümü ədəbiyyatımız, söz sənətimiz üçün böyük itkidir. Təsəllimiz yalnız ondadır ki, Bəkir Nəbiyev yazdığı əsərləri ilə ölümsüzlük qazanıb. Bu günlər 95 illiyi qeyd olunan akademik B.Nəbiyev ədəbiyyat tarixində əbədi olaraq yaşayacaq, həmişə hörmətlə, ehtiramla anılacaq. 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Seçilən
12
azerbaijan-news.az

1Mənbələr