AZ

Tehranın 5 günü qaldı...

İran yenidən sanksiyalara məruz qala bilər - “Avro 3” qəti rəy bildirib

İranın nüvə probleminin həlli ilə bağlı növbəti danışıqlar raundu baş tutub. Belə ki, Fransa, Almaniya, Britaniya və Avropa İttifaqı (Aİ) nümayəndələri ilə keçirilən görüşdə İranı xarici işlər nazirinin müavinləri Kazem Qaribabadi və Məcid Taxt-Rəvançi təmsil edib. Cenevrədə baş tutan görüşdə hər iki tərəf 2231 saylı qətnamə ilə bağlı fikirlərini təqdim ediblər. Xatırladaq ki, görüş İsrail ilə İran arasında iyun ayında baş verən hərbi qarşıdurmadan sonra ikinci danışıqlar raundudur. İran “Avro 3” ilə danışıqların əvvəlki mərhələsini iyulun 25-də İstanbulda keçirib. Həmin vaxt avropalı nümayəndələr İran tərəfinin sentyabr ayına qədər ABŞ və MAQATE ilə nüvə proqramı üzrə dialoqu bərpa etməyə razılaşacağı təqdirdə, ölkələrinə qarşı sanksiyaların dayandırılmasını uzatmağa hazır olduqlarını bəyan etmişdilər - İranın avqustun sonuna qədər nüvə problemlərinin diplomatik yolla həllinə razılıq verməyəcəyi təqdirdə, ona qarşı BMT Təhlükəsizlik Şurasının sanksiyaları (2015-ci il nüvə sazişində nəzərdə tutulmuş snapback mexanizmi) bərpa ediləcəkdi. Amma bu təklif, avqustun 13-də “Financial Times”ın avropalı diplomata istinadən yazdığı kimi, Tehran tərəfindən cavabsız qalıb.

Zədələnmiş obyektlər yoxlanılmayacaq...

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) hələlik İranın İsrail və ABŞ-ın zərbələri nəticəsində zədələnmiş nüvə obyektlərində yoxlama aparmayacaq. “Associated Press”in məlumatına görə, tərəflər hələlik yekun razılığa gəlməyiblər, lakin diplomatlar onun əldə olunacağını gözləyirlər. Razılaşmanın şərtlərinə görə, MAQATE-nin təftişləri yalnız İranın vurulmamış nüvə obyektlərini əhatə edəcək. MAQATE-nin baş direktoru Rafael Qrossi agentlik müfəttişlərinin birinci qrupunun İrana qayıtdığını və onun nüvə obyektlərində işi bərpa etməyə hazırlaşdıqlarını bildirib: “MAQATE müfəttişlərinin birinci qrupu İrana qayıdıb. Və biz oradakı işimizi bərpa etmək üzrəyik. İranda çoxlu nüvə obyek?ləri var, bəziləri hücuma məruz qalıb, bəziləri isə yox. İşimizin bərpasını asanlaşdırmaq üçün hansı praktik mexanizmlərin işə salınmasının lazım olduğunu müzakirə edirik”.

Qeyd edək ki, bundan əvvəl İran rəhbərliyi dəfələrlə MAQATE müfəttişlərinin nüvə obyektlərinə buraxılmayacağını bəyan etmişdi.

“Snapback” mexanizmi işə düşür

Keçirilən görüşün nəticələrinə gəldikdə isə, mütləq müsbət inkişaf qeydə alınmayıb - başqa sözlə, İran və “Avro3” qrupu arasındakı görüş qeyri-müəyyənlikləri həll etməyib. “Axios”un yazdığına görə, baş verənlər bir çox sual doğurur. O baxımdan ki, Avropanın İranın nüvə proqramı ilə bağlı müəyyən etdiyi sanksiya bərpası müddətinə 5 gün qalır. Bunun qarşılığında isə İran tələblərin yerinə yetirilməsi üçün konkret addımlar təklif etməyib - söhbət ABŞ ilə danışıqların bərpası, BMT müfəttişlərinin İsrailin hücumları nəticəsində zədələnmiş nüvə obyektlərinə çıxışının təmin edilməsi və İranda qalan 60 faiz zənginləşdirilmiş uran ehtiyatlarından gedir. Qeyd edək ki, tələblərin avqustun 31-dək yerinə yetirilməyəcəyi təqdirdə Avropa ölkələri “Snapback” mexanizmini işə sala bilər. “Snapback” 2015-ci il nüvə sazişinin bir hissəsi olan hüquqi mexanizmdir və sazişi pozarsa, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarına səbəb olur.

Tehranın zəmanət tələbi...

İran isə məsələyə fərqli kontekstdən yanaşır - Tehran zəmanət istəyir. Belə ki, ABŞ və İsrailin hərbi hücumlarını bərpa etməyəcəyinə zəmanət veriləcəyi təqdirdə Tehran Vaşinqtonla nüvə dosyesi ilə bağlı dolayı danışıqları bərpa etməyə hazırdır. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Asharq Al Awsat”a müsahibəsində bildirib. “ABŞ ilə ədalətli və bərabərhüquqlu danışıqlar aparmağa hazırıq, bir şərtlə ki, Amerika tərəfi müzakirələr zamanı hərbi təcavüzə əl atmasın. Biz əmin olmalıyıq ki, danışıqlar zərbələrlə əldə edilə bilməyən məqsədlərə nail olmaq cəhdlərinə deyil, qarşılıqlı maraqlara əsaslanır”, - o deyib.

Əraqçi qeyd edib ki, İran dialoqa hazır olaraq qalır, lakin İsrail və ABŞ-nin birgə hərəkətləri nəticəsində ölkənin nüvə infrastrukturuna ziyan vurulduğu əvvəlki münaqişələrə bənzər ssenarilərin təkrarlanmasına imkan verməyəcək. O əlavə edib ki, istənilən yeni danışıqlar əvvəlki raundlardan fərqli olacaq və Tehran bütün mərhələlərdə öz maraqlarını qorumaq niyyətindədir. Əraqçinin sözlərinə görə, yeni çərçivə sazişinin hazırlanması üzrə Avropa ölkələri və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə də danışıqlar aparılır.

Beynəlxalq ekspertlərin fikrincə isə hazırda iyun müharibəsi nəticəsində yaranmış nüvə proqramının “şəffaflığını” qorumaq vacibdir. Tehran MAQATE ilə əvvəlki əməkdaşlığın sanksiyaların aradan qaldırılmasına kömək etmədiyini iddia edir - bu əməkdaşlıq İsrail və ABŞ-ın zərbələrinin də qarşısını almayıb. Bildirilir ki, İran potensial müharibə təhlükəsindən ehtiyat edir, bunun üçün də zəmanət tələbi gündəmə gəlir.

SADİQ

Seçilən
9
1
yeniazerbaycan.com

2Mənbələr