AZ

Tədrisə uğurlu başlanğıc: şagirdlər üçün adaptasiya dövrü...

Şagirdlərin yay tətilinin bitməsinə və məktəblərin açılmasına sayılı günlər qalıb. İstirahətdən sonra yenidən dərs rejiminə keçmək, uyğunlaşmaq, intizam və motivasiyanı bərpa etmək bir qədər çətin olur. Yay tətilində şagirdlər gündəlik dərs rejimindən uzaqlaşır, daha çox sərbəst vaxt keçirir, müxtəlif fəaliyyətlərə qatılır və nəticə etibarilə dərs mühitindən müəyyən qədər uzaq düşürlər. Üç aylıq fasilədən sonra məktəbə dönüş, xüsusilə yeni tədris ilinin ilk həftələrində adaptasiya  çətinliklərinə səbəb olur.

Şagirdlərin ağır ev tapşırığı yükü: Onları bundan necə azad etməli?

Psixoloji baxımdan adaptasiya - insanın yeni şəraitə uyğunlaşma prosesi deməkdir. Məktəb kontekstində bu, şagirdin dərs rejiminə, müəllimlərlə və sinif yoldaşları ilə qarşılıqlı münasibətlərə, qaydalara və tədris yükünə yenidən uyğunlaşmasıdır. Yay tətilindən sonra bu keçid birdən-birə baş verdikdə şagirdlərdə motivasiya çatışmazlığı, diqqət yayını, yorğunluq, hətta davranış problemləri meydana çıxır. Tətil müddətində yuxu və qidalanma rejimi dəyişdiyindən, şagirdlər dərs saatlarına uyğunlaşmaqda çətinlik çəkirlər. Dərs ilinin əvvəlində şagirdlərin əksəriyyəti öyrənmə motivasiyasını təkrar formalaşdırmalıdır. Yay aylarında dərsdən uzaq olan şagird üçün intensiv tədris prosesinə qoşulmaq stress yaradır. Yeni sinif, yeni müəllimlər və bəzən yeni məktəb mühiti də şagirdlərdə narahatlıq doğurur.

Əgər məktəbə adaptasiya dövrü pedaqoji və psixoloji baxımdan düzgün yönləndirilərsə, şagirdlər daha tez motivasiya olar, öyrənməyə maraq göstərərlər və tədris prosesinə effektiv şəkildə qoşularlar.

Həkim psixoloq Nailə İsrafilovanın sözlərinə görə, şagirdlərdə adaptasiya problemi 7-14 gün arasında olur. Amma bu müddətin daha uzun olması da istisna deyil. Bu şagirdin psixologiyasından asılı olaraq dəyişir: “Tətildən sonra məktəblilərdə həm dərsə adaptasiya olmaq, həm də diqqətin cəmlənməsi ilə bağlı problemlər özünü göstərir. Çünki 3 aylıq yay tətilindən sonra hər gün ən azı 4-5 saat parta arxasında oturmaq, dərsə hazırlaşmaq, ev tapşırığı etmək insana çox çətin və yorucu gəlir. Adaptasiya dövründə ən çox müşahidə olunan hallar arasında diqqət yayını, motivasiya azalması, sosiallaşma çətinlikləri və emosional gərginlik yer alır. Bəzi şagirdlər üçün məktəbə qayıtmaq sevincli olsa da, bəziləri üçün bu, narahatlıq və stres mənbəyinə çevrilə bilər. Ona görə də xüsusi diqqətə ehtiyacı olan şagirdlərə fərdi dəstək göstərməlidirlər.Unutmaq olmaz ki, adaptasiya prosesi hər uşaq üçün fərqlidir və zaman tələb edir. Əsas məqsəd -uşağın məktəb mühitində özünü təhlükəsiz, dəyərli və dəstəklənmiş hiss etməsidir”.

Psixoloq deyir ki, məktəbə getmək istəməyən, adaptasiyada çətinlik yaşayan uşaqlara valideynlərin sərt yanaşması məktəbə uyğunlaşma prosesinə mənfi təsir göstərir: “ Valideynin münasibəti, davranışı və yanaşması uşağın məktəbə necə baxacağını və necə uyğunlaşacağını formalaşdırır. Tətil boyunca sərbəst həyata öyrəşmiş şagird üçün dərsə və rejimə qayıtmaq birdən-birə baş verdikdə, bu stres və narahatlıq yarada bilər. Əgər valideyn bu prosesi anlayışla qarşılayıb, dəstək göstərərsə, uşaq daha rahat və sürətli şəkildə məktəb həyatına uyğunlaşa bilər. Əgər uşaq məktəbə getmək istəmirsə və ya narahatlıq hiss edirsə, onu danlamaq və ya məcbur etmək əvəzinə dinləyin və səbəbləri anlamağa çalışın. Bəzən sadə bir söhbət uşağın özünü rahat hiss etməsinə kifayət edir”.

Nailə İsrafilovanın dediyinə görə, dərs başlamazdan bir neçə gün əvvəl tədricən məktəb rejiminə uyğun yuxu vaxtı qurulmalıdır. Gec yatmaq və gec oyanmaq vərdişini artıq tədricən dəyişmək lazımdır. Xüsusilə səhər növbəsində təhsil alan şagirdlər üçün vaxtında yatmaq və rejimə əməl etmək onların həm fiziki sağlamlığı, həm də təhsil uğurları baxımından böyük əhəmiyyət daşıyır. Gec saatlara qədər oyaq qalmaq, səhərlər çətin oyanmaq və yuxusuz halda dərsə getmək həm zehni fəaliyyətə, həm də ümumi əhval-ruhiyyəyə mənfi təsir göstərir: “Uşaqların və yeniyetmələrin orqanizmi daim inkişafda olduğu üçün onların yuxuya daha çox ehtiyacı var. 10-16 yaşlı şagirdlərin gündə orta hesabla 8-10 saat yuxuya ehtiyacı olur. Yuxu zamanı beyin gün ərzində öyrənilən məlumatları emal edir, yaddaş möhkəmlənir, orqanizm bərpa olunur. Davamlı yuxu rejimi uşaqda diqqətin cəmlənməsi, öyrənmə qabiliyyəti və emosional tarazlıq üçün əsas şərtdir. Səhər dərslərinə yuxusuz gələn şagirdlərdə dərs zamanı diqqət dağınıqlığı və tez yorulma, motivasiya və maraq azalması, baş ağrısı, halsızlıq, əsəbilik, tapşırıqları vaxtında yerinə yetirməmək, müəllimlərlə və sinif yoldaşları ilə münasibətlərdə gərginlik müşahidə edilir. Bu hallar uzunmüddətli davam etdikdə həm akademik nəticələrə, həm də uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərir”.

Uşağın təhsildə uğurlu olması təkcə dərslə deyil, onun fiziki sağlamlığı və gündəlik rejimi ilə sıx bağlıdır. Düzgün qidalanan şagird daha enerjili, diqqətli və balanslı olur. Ona görə də şagirdin qidalanmasına xüsusilə diqqət yetirilməlidir.

Qida məsələləri üzrə ekspert Ağa Salamov vurğulayıb ki, günün əsas qidalanma saatları - xüsusilə səhər yeməyi - şagirdin enerji və diqqət səviyyəsini artırır. Yay tətilindən sonra adaptasiya təkcə dərsə başlamaq deyil, həm də rejimə, qaydalara, sosial və emosional mühitə alışmaq deməkdir. Bu dövrün düzgün idarə olunması şagirdlərin tədris ilinə daha motivasiyalı və uğurlu başlamasına zəmin yaradır:

Ağa Salamov: “Gəlib deyir, zibil vedrəsi burada yox, orada olmalıdır”

“Düzgün qidalanma – uğurlu öyrənmənin açarıdır. Uşaqların beyni sürətlə inkişaf etdiyi üçün onların gündəlik qida rasionunda vitaminlərə, minerallara, zülallara və sağlam yağlara ehtiyac duyulur. Qidalanma nə qədər balanslı olsa, uşaq bir o qədər dərslərdə diqqətini cəmləyə bilir, fiziki aktiv olur, yaddaş gücü və motivasiyası artır, xəstəliklərə qarşı müqavimətli olur”.

Ekspertin söylədiyinə görə, səhər yeməyi mütləq olmalıdır. Uşaqların dərsə ac getməsi diqqət dağınıqlığına və yorğunluğa səbəb olur. Səhər yeməyi enerji verir və beynin fəaliyyətini dəstəkləyir. Səhər yeməyində süd və yulaf, yumurta və çörək, pendir, tərəvəz, zeytun, meyvə və qoz-fındıq: “Hazır şirniyyatlar, qazlı içkilər, cips və fast-food tərkibli məhsullar tez doydursa da, faydasızdır və sağlamlığa zərərlidir. Onlar uşaqda halsızlıq, köklük və həzm problemləri yarada bilər. Uşaqlar uzun dərs saatlarında aclıq hiss edə bilər. Onlara çantada daşımaq üçün yüngül, lakin faydalı qidalar hazırlamaq yaxşı olar. Məsələn, bir ədəd alma və ya banan, pendirli sendviç, evdə hazırlanmış rulet və ya kekslər və.s. Gün ərzində qədərində su içmək də lazımdır  Beynin 70 faizi sudan ibarətdir. Yetərincə su içmək uşağın diqqətini və zehni çevikliyin artırır. Gündə ən azı 1 litr su içmək tövsiyə olunur”. Nailə İsrafilova bildirib ki, şagirdlərin adaptasiyası xüsusi diqqət tələb etdiyi üçün bu prosesdə müəllimlərin rolu və dəstəyi həlledici əhəmiyyət daşıyır: “Müəllim yalnız dərs keçən şəxs deyil, həm də şagirdin məktəbə alışmasında və özünü sinifdə rahat hiss etməsində əsas fiqurdur. Onun münasibəti, davranışı və yanaşması şagirdin məktəbə baxışını formalaşdırır. Yay tətilindən sonra müəllimlər aşağıdakı sahələrdə dəstək göstərməlidirlər  İlk dərs günlərində daha sakit və anlayışlı davranmaq vacibdir. Qayda-qanunları sərt tətbiq etməkdənsə, izah edərək və mərhələli şəkildə uşaqlara xatırlatmaq daha təsirlidir. Şagirdin hisslərini dinləmək, onunla empatiya qurmaq güvən yaradır. Maraqlı dərs metodlarından istifadə etməklə şagirdlərin dərsə həvəsini artırmaq mümkündür. Qrup işi, oyunlar, interaktiv üsullar və kreativ tapşırıqlarla dərs mühiti yenidən cəlbedici hala gətirilə bilər. “Sən bacararsan!”, “Sənin fikrin önəmlidir” kimi dəstəkverici ifadələr uşağın özünəinamını gücləndirir. Hər şagirdin adaptasiya tempi fərqlidir. Bəziləri dərhal uyğunlaşır, bəziləri isə daha çox vaxt və diqqət tələb edir. Müəllimlər bu fərqliliyi nəzərə alaraq daha çətin uyğunlaşan uşaqlara əlavə vaxt və dəstək verməlidirlər. Adaptasiya çətinliyi yaşayan şagirdlərlə bağlı valideynlərlə tez-tez əlaqə saxlamaq lazımdır. Valideynə uşağın məktəbdəki davranışı və əhvalı barədə obyektiv məlumat verilməli və birgə həll yolları düşünülməlidir”.

Nərmin Qarazadə

Seçilən
11
azedu.az

1Mənbələr