AZ

Şəhid ailələrinin istəyi gerçəkləşdi

Goranboy rayonunun Səfikürd kəndində illərin tozlu-palçıqlı yolları artıq tarixə çevrilir. Goranboy–Aşağı Ağcakənd avtomobil yolundan Səfikürd orta məktəbinə gedən yola asfalt örtük çəkilməsi kəndə yeni nəfəs gətirib. Bu yol bir məktəbə, bir binaya deyil – şəhidlərin böyüdüyü evlərə, onların oxuduğu siniflərə, ruhuna gedən yoldur.

Yeni yolun çəkilişi Goranboy Rayon İcra Hakimiyyətinin təşəbbüsü, şəhid ailələrinin “Azəravtoyol” ASC rəhbərliyinə ünvanladığı müraciət və Səfikürd bələdiyyəsinin təşkilatçılığı nəticəsində gerçəkləşib. Bu, sadəcə bir infrastruktur layihəsi deyil - bu, vəfalı bir dövlətin, duyan bir rəhbərliyin xalqına verdiyi cavabdır.

Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev asfaltlanan yolun tamamlanmasından sonra kəndə gəldi. Yalnız yollar yox, könüllər də düzlənmişdi – başçı burada kənd sakinləri, şəhid ailələri, ağsaqqallar, ziyalılar və gənclərlə görüşdü, onlarla səmimi və dolğun söhbət etdi. Sevinən təkcə kəndlilər deyildi. Başçı özü də bu yolun çəkilməsinə şəhid ailələrinin sevincindən daha çox sevinirdi. O, sanki bu asfalt zolağında təkcə bir yol yox, həm də dövlətin və xalqın birliyini, hörmətini, övlad itkisinə göstərdiyi ehtiramı görürdü.

Sakinlər təşəkkürlərini dilə gətirdilər. Onların gözlərində minnətdarlıqla yanaşı, güvən və qürur da oxunurdu. Çünki bilirdilər - bu yol təkcə məktəbə deyil, həm də gələcəyə, yeni nəsillərin rahat təhsilinə, şəhidlərin xatirəsinə hörmətin yoludur. Onlar Prezident İlham Əliyevə, dövlət rəhbərliyinə minnətdarlıq etdilər – yalnız bu yol üçün deyil, vətəndaşın səsinə cavab verdikləri üçün.

Səfikürdün yeni yolu indi səssiz-səmirsiz danışır – hər addımda bir şəhid adı, hər qarışında bir minnət duyulur.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Seçilən
6
1
xalqqazeti.az

2Mənbələr