AZ

Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu

Masallı rayonunun Həsənli kənd tam orta məktəbindən məzun olan 15 nəfərdən ibarət bir sinif rayonda rekorda imza atıb. XI “a” sinfinin 14 nəfəri ali, 1 nəfəri isə orta ixtisas təhsili müəssisəsinə qəbul olub. Onların arasında Prezident təqaüdünə namizəd də var.

Modern.az xəbər verir ki, AzTV məktəbin uğurlu sinfindən reportaj hazırlayıb.

Prezident təqaüdünə namizəd Zəhra Ramizli reportajda qeyd edib ki, imtahanlarda 684 bal toplayaraq Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasına qəbul olunub. Bu uğuruna görə müəllimlərinə, valideynlərinə və məktəbin rəhbərliyinə çox təşəkkür edən məzunun məktəblilərə tövsiyəsi də var: “Uşaqlara tövsiyəm odur ki, dərslərini başa düşərək, sevərək və zövq alaraq oxusunlar”.

Məktəbin yüksək ballı daha bir məzunu Qarabağ Universitetini seçib

Həsənli kənd məktəbinin uğurlu şagirdləri arasında Qarabağ Universitetini seçənlər də çoxdur. Məktəbin direktoru Yaqub Ələmov bildirib ki, məktəbi qurtaranlardan 5 nəfəri 600, 5 nəfəri isə 500 baldan yuxarı nəticə göstərib. 600-dən yuxarı nəticə göstərənlərdən 4 nəfəri qızdır. Onlardan biri - Zəhra Ramizli rayon üzrə ən yüksək bal toplayıb. 1 şagirdimiz öz qardaşının yolu ilə gedir. Ötən il də qardaşı 610 balla Qarabağ Universitetini seçmişdi, bu il isə Aydan seçim zamanı həmin universitetə üstünlük verib”.

Aydan Qəriboğlu özü də bu uğuruna və seçiminə görə çox sevinclidir: “Mən çox sevincliyəm ki, Qarabağ torpaqlarında oxuyacağam”.

“Hər qız oxumalıdır”

XI “a” sinfinin məzunlarından biri də Sevinc Hüseynovadır. O, 655.4 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasına qəbul olub: “Sinfimiz yeganə sinifdir ki, əksəriyyətimiz orta təhsili fərqlənmə attestatı ilə bitirib ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmişik. Mənim fikrimcə, hər qız oxumalıdır”.

Həsənli kənd məktəbində bir sinif üzrə qəbul göstəricisi 93 faizə yüksəlib

Məktəbi fərqlənmə ilə bitirənlərdən biri Hüseyn Məmmədzadədir. O, 661 balla Azərbaycan Tibb Universitetinə qəbul olunub. 
Sinif rəhbəri Musayeva qeyd edib ki, onun sinfi məktəb illərində kimya üzrə respublika fənn olimpiadalarına qatılaraq yaxşı nəticə göstəriblər. Sinfin şagirdləri arasında hərbi məktəbə qəbul olunanlar da var.

Reportajda 50 ilə yaxındır ki, fəaliyyət göstərən Həsənli kənd tam orta məktəbinin ildən-ilə artan nailiyyəti vurğulanıb. 32 müəllimin çalışdığı məktəbdə ali təhsil müəssisələrinə qəbul nəticələri əvvəlki illərlə müqayisədə yüksək olub. Belə ki, Həsənli kənd məktəbində ötən il bir sinif üzrə qəbul göstəricisi 73 faiz idisə, bu il həmin göstərici 93 faizə yüksəlib. Ümumi Masallı üzrə isə rəqəmlər 98 faizi göstərir.

Seçilən
28
8
modern.az

9Mənbələr