AZ

Ticarət mərkəzlərini iflic edən KƏSİNTİ

Yazını böyüt
Yazını kiçilt

Bu hücumun arxasında böyük maliyyə dəstəyi olan xaricimənşəli bir neçə kiberqrup dayanırdı”

Ötən həftə ölkə üzrə internet bağlantısında yaşanan nasazlıqlar bir sıra xidmətlərdə fasilələrə səbəb oldu. Xüsusilə nağdsız ödənişlər və ödəmə terminalları vasitəsilə həyata keçirilən əməliyyatlarda problem müşahidə olundu. Vətəndaşlar kartla alış-veriş zamanı, eləcə də kommunal və digər ödənişləri terminal üzərindən edərkən çətinliklərlə üzləşdiklərini bildirdilər. Belə vəziyyətlər isə ticarət mərkəzlərinin gündəlik fəaliyyətində ciddi çətinliklər yaradır və “forsmajor” hallara hazırlığın vacibliyini bir daha ortaya qoyur.

Bəs görəsən, ticarət mərkəzləri belə hallara nə dərəcədə hazırdır?

Qeyd edək ki, ölkəmizdə iri ticarət mərkəzləri, supermarketlər və böyük mağazalar əksər hallarda nağdsız ödəniş sistemlərinə inteqrasiya olunub. Bu, əməliyyatların sürətli və rahat aparılması üçün önəmlidir. İnternetin birdən kəsilməsi vəziyyətində sistemin tam dayanması real təhlükədir. Belə hallarda müştərilər ticarət mərkəzlərində uzun növbələrdə gözləmək məcburiyyətində qalır, bəzən isə alış-veriş tam dayanır.

Ekspertlər bildirirlər ki, hər bir müəssisə üçün “forsmajor” hallara hazırlıq həyati əhəmiyyət daşıyır. Alternativ ödəniş sistemləri, offline POS-terminalları və nağd ödəniş imkanları bu hazırlığın əsas hissəsini təşkil edir. Real təcrübə göstərir ki, xüsusilə kiçik və orta ölçülü mağazalar belə vasitələrdən çox az istifadə edir. Nəticədə internet kəsintisi onların fəaliyyətini ciddi şəkildə pozur.

Böyük ticarət mərkəzlərində isə vəziyyət nisbətən daha yaxşıdır. Burada oflayn terminallar mövcuddur və müştərilər digər ödəniş metodlarından istifadə edə bilir. Bununla belə, mütəxəssislər qeyd edir ki, hazırkı sistem hələ də tam etibarlı deyil və hər bir müəssisə fövqəladə hallara qarşı ehtiyat tədbirlərini gücləndirməlidir.

Müştəri rahatlığını təmin etmək üçün ticarət obyektlərinin işçiləri də bu cür hallarda necə davranacağını bilməlidir. Ssenari təcrübələri, texniki dəstək və müştəri maarifləndirilməsi fasilələrin təsirini minimuma endirə bilər. Sosial media və SMS vasitəsilə müştərilərin məlumatlandırılması da önəmlidir. Nəticə etibarilə alternativ ödəniş üsullarının genişləndirilməsi, ehtiyat sistemlərin gücləndirilməsi və işçilərin hazırlığı gələcəkdə bu cür problemlərin minimuma endirilməsinə kömək edə bilər.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA)

İdarə Heyətinin sədri  Elvin Abbasov bildirir ki, ötən həftə baş verən hadisə xaricdən həyata keçirilən mütəşəkkil kiberhücum idi.

Onun sözlərinə görə, Azərbaycan belə hücumla ilk dəfə qarşılaşırdı:

“Bu hücumun arxasında böyük maliyyə dəstəyi olan xarici mənşəli bir neçə kiberqrup dayanırdı. Amma Azərbaycanda internetin tamamilə dayandırılması mövzusu artıq aktual deyil. Bu, əvvəlki dövr idi ki, bir xətt vardı. Bütün yük həmin xəttin üzərində idi və o xətdə problem yarananda internet tamamilə sıradan çıxırdı. İndi isə vəziyyət dəyişib. Problem olanda, maksimum 5 dəqiqə ərzində trafik digər xəttə yönləndirilir, yəni bunlar yetərlidir. Hazırda bir neçə “backbone” mövcuddur. Bunlardan biri “Baktelecom”, digəri “Azeronline”, eləcə də “Aztelekom”un yeni çəkdiyi xəttdir. Bundan başqa, Azərbaycan yaxın vaxtlarda yeni transmilli xətt də çəkəcək. Ona görə də də ölkədə internetin tamamilə kəsilməsi mümkün deyil”.

E.Abbasov vurğulayıb ki, ötən həftə baş verən hadisə ilə bağlı müvafiq işçi qrup yaradılıb. Artıq həmin işçi qrup mövcud vəziyyətlə bağlı tədbirlər planı da hazırlayıb:

“Yəni, bu məsələ ciddi nəzarətdədir. Əgər ötən həftə baş verən hücum nəticəsində internetdə beş dəqiqəlik fasilə yaranmışdısa, bu halın bir daha təkrarlanacağı təqdirdə, fasilə maksimum 3-5 saniyəlik olacaq. Ölkəmizdə internet təhlükəsizliyi baxımından ciddi risk və ya təhdid yoxdur”.

Seçilən
9
hafta.az

1Mənbələr