Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 5 milyard 791,89 milyon kubmetr təbii qaz ixrac edilib.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 1,96 % çoxdur.
Bu müddət ərzində Azərbaycandan qaz ixracının ümumi həcmindən 5 milyard 520,98 milyon kubmetr uzunmüddətli razılaşma əsasında, 270.91 milyon kubmetr isə spot əsasında tədarük edilib.
Bu ilin iyun ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 1 milyard 19,83 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,29 % çoxdur.
Bununla da iyunda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən birinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 32,2 %-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan Türkiyəyə 996,95 milyon kubmetr təbii qaz ixrac edib.
Təkcə iyun ayında Türkiyə ümumilikdə 3 milyard 168,39 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2024-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 36,87 % çoxdur.
İyun ayında Türkiyəyə 2 790,76 milyon kubmetr qaz boru kəməri vasitəsilə ixrac olunub, 377,63 milyon kubmetr isə mayeləşdirilimiş təbii qazın payına düşüb.
İyunda Türkiyəyə qaz ixracına görə ikinci yeri Rusiya tutub. Ay ərzində Rusiyadan Türkiyəyə 970,59 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2024-cü ilin ilk arısı ilə müqayisədə 3,2 dəfə çoxdur.
İyunda üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 697,07 milyon kubmetr qaz nəql edib. 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə İrandan Türkiyəyə qaz nəqli 7,01 % artıb.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
report