AZ

“Bakı Ağdam” qatarı 32 ildən sonra reysə çıxır

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

“Hörmətli sərnişinlər, Bakıdan Ağdama gedən sərnişin qatarı... yola düşür”. 32 ildən sonra Bakı Dəmir Yolu vağzalında bu elanı hər gün eşidəcək və qəlbimiz sonsuz fərəh hissi ilə dolacaq... “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti avqustun 30-dan Bakı-Ağdam-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verir.

Qurumdan verilən məlumata əsasən, sərnişinlərə İsveçrənin “Stadler” şirkətinin istehsalı olan “FLIRT” markalı müasir qatarlarla xidmət göstəriləcək. Hərəkət cədvəlinə uyğun olaraq, şənbə günləri saat 07:10-da Bakıdan yola düşəcək qatar saat 11:53-də Ağdama çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq.

Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarından istifadə edə biləcəklər. Onlara standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Səfər zamanı qatarda ödənişsiz “Wi-Fi” xidmətindən yararlanmaq da mümkün olacaq. Bakıdan Bərdə və Köçərli stansiyasına, Təzəkənd dayanacağına biletlərin minimum qiyməti 12 manat, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə isə 12,80 manat təşkil edir.

Bakı-Ağdam-Bakı marşrutu üzrə biletləri avqustun 7-dən ADY-nin veb-saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etmək olar. Eyni zamanda işğaldan azad edilmiş ərazilərə qatarla komfortlu səfərlərin təşkili məqsədilə Bakı-Ağdam-Bakı marşrutu üzrə bilet alışı zamanı portaldan avtomatik icazə təmin olunacaq.

Xatırladaq ki, işğal dövrünə qədər Bakıdan Ağdama kimi sərnişin daşımaları Bakı-Xankəndi-Bakı marşrutu üzrə hərəkət edən yataq tipli qatarla həyata keçirilirdi. Qatarlar Bakı-Ağdam-Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib. Həmin vaxt qatarla Ağdama kimi 371 kilometr olan məsafə 8 saat yarıma qət edilirdi.

Bakı-Ağdam-Bakı dəmir yolu Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, Ağdam və ətraf rayonların sosial-iqtisadi dirçəlişinə, Azərbaycanın bu bölgədə nəqliyyat imkanlarının genişlənməsinə, bütövlükdə, Böyük Qayıdışa mühüm töhfə verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
16
xalqqazeti.az

10Mənbələr