AZ

Zəngəzur dəhlizi: Erməni gömrükçülər azərbaycanlıları yoxlayacaq? Mirzoyandan CAVAB

ain.az, Turkstan.az portalına istinadən məlumat verir.

Sünikdən (Zəngəzurdan) keçəcək infrastrukturun yerləşdiyi torpaq yalnız Ermənistana məxsus olacaq.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Onun sözlərinə görə, “99 illik icarə” barədə səslənən fikirlərin heç bir əsası yoxdur:

“Həmin yol və torpaq Ermənistanın suveren ərazisi olaraq qalacaq, mülkiyyət məsələsi heç bir halda mübahisə mövzusu deyil”, – deyə Mirzoyan H1 telekanalına müsahibəsində vurğulayıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp avqustun 8-də Vaşinqtonda keçirdiyi mətbuat konfransında yolun 99 illiyə icarəyə götürülməsi barədə bəyanat verib.

Mirzoyan azərbaycanlı yük və sərnişinlərin Ermənistan ərazisindəki hərəkətinin gömrük nəzarətinə cəlb olunub-olunmayacağı ilə bağlı suala isə birbaşa cavab verməyib.

O, yayımlanmış sənədə və baş nazir Nikol Paşinyanın açıqlamalarına istinad edərək, qarşılıqlı istifadə mexanizmini izah edib:

“Azərbaycan bizim infrastrukturdan, biz isə Azərbaycanın infrastrukturlarından istifadə edəcəyik. Ermənistan ərazisi ilə Naxçıvana maneəsiz yol açılacaq. Bu, həm beynəlxalq, həm də daxili nəqliyyat əlaqələri üçün üstünlüklər gətirəcək. Əlbəttə, bütün bunlardan öncə sərhədin delimitasiyası aparılmalıdır. Bir tərəfdə Ermənistanın, digər tərəfdə Azərbaycanın bayrağı olacaq, sərhəd-keçid məntəqələri qurulacaq, xidmətlər fəaliyyət göstərəcək. Yəni bu, hər iki ölkənin suverenliyi və hüquq çərçivəsində baş verəcək”, – deyə Mirzoyan bildirib.

XİN rəhbərinin sözlərinə görə, bu razılaşmalar Ermənistanla Azərbaycan arasında əldə olunmuş sənədlərdə də öz əksini tapıb.

Avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında sülh sammiti keçirilib. Görüş zamanı sülh sazişi paraflanıb, TRIPP adlandırılan Zəngəzur dəhlizinin açılması razılaşdırılıb. Dəhlizin 42 kilometrlik Ermənistan ərazisinə düşən hissəsinə 99 il ərzində ABŞ nəzarət edəcək.

Dəhliz vasitəsilə insanlar və yüklər Azərbaycanın əsas hissəsindən Naxçıvana və əksinə hərəkət edə biləcəklər. Lakin bununla yanaşı xarici vətəndaşların da bu dəhlizdən tranzit üçün istifadəsi baş tutacaq. /Modern.az/

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
4
icma.az

5Mənbələr