AZ

Bakının Trampdan daha bir kritik gözləntisi

  ABŞ lideri mürtəce 907-ci düzəlişin ləğvi üçün Konqresi ram edə biləcəkmi? - mövqe
“ABŞ Prezidenti Donald Tramp tərəfindən "907-ci düzəliş"in ləğvi barədə sənəd Prezident İlham Əliyevin iştirakı ilə imzalandı”.

Bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, bu addım Azərbaycan-ABŞ tərəfdaşlığının real mahiyyətini əks etdirir: “Ümidvarıq ki, Prezident Trampın komandası bu düzəlişin tamamilə ləğvi üçün Konqreslə iş aparacaq”.

Amma Konqresin ləğvi üçün Trampın siyasi iradəsi və respublikaçıların təsiri ciddi faktordur. Çünki Demokratlar müqavimət göstərəcəklər. Onlara himayədarlıq edən erməni lobbisi də buna əngəl olmağa çalışacaq. Odur ki, Bakının ciddi gözləntisi var.

Ümumiyyətlə, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğv olunması və strateji əməkdaşlıq formatına başlanması tarixi hadisədir. Bu düzəlişin məhz Prezident İlham Əliyevin iştirakı ilə ləğv edilməsi son dərəcə tarixi və rəmzi xarakter daşıyır. Hazırda donor ölkəyə çevrilən Azərbaycanın xarici dəstəyə, yardıma ehtiyacı yoxdur. Ona görə də Prezident Trampın bu qərarı rəmzi xarakter daşımaqla yanaşı, həm ədalətin bərpası, həm də Prezident Tramp tərəfindən Azərbaycan üçün siyasi jestdir.

 1992-ci ilin oktyabrında Ermənistanın lobbi qruplarının təsiri altında olan konqresmenlərin təşəbbüsü ilə qəbul olunan bu ədalətsiz qərar ölkəmizi ABŞ-nin birbaşa dəstəyindən məhrum etdi və respublikamız sanksiyalara məruz qalmışdı. ABŞ hökumətinin Əfqanıstanda dəstəyə ehtiyacı olduğuna görə Azərbaycan bu dəstəyi nəqliyyat vasitəsilə onlara təqdim etdiyi üçün sonradan bu düzəliş hər il müvəqqəti olaraq dayandırılırdı. 2023-cü ildə Bayden administrasiyasının həmin sanksiyaları yenidən Azərbaycana tətbiq etməsi mənfi münasibətin və yanaşmanın kulminasiyası idi.

"907-ci düzəliş" Azərbaycana ABŞ hökumətindən birbaşa yardım göstərilməsini qadağan edirdi. Məhz bu sənədlə humanitar yardımlar istisna olmaqla, Vaşinqtonun Bakı ilə iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı məhdudlaşmışdı. Ermənistan və Gürcüstan ABŞ-dən milyonlarla dollar dəyərində dəstək aldığı halda, Azərbaycan bu imkanlardan qərəzli şəkildə məhrum olunmuşdu. "907-ci düzəliş"in tam ləğvi yalnız siyasi jest deyil, həm də gecikmiş ədalətin bərqərar olması deməkdir.

Xüsusilə Zəngəzur dəhlizinin istismarı məsələsində ABŞ-nin iştirakı birbaşa olacaq. Bu baxımdan, "907-ci düzəliş"in ləğvi həm Azərbaycan-ABŞ münasibətləri, həm də Cənubi Qafqazda Azərbaycan-ABŞ-Ermənistan əməkdaşlığı üçün yeni imkanlar açacaq. Bu da, təbii olaraq, müsbət və strateji baxımdan əhəmiyyətli bir hadisə kimi dəyərləndirilə bilər.

Bundan əlavə, ABŞ Hesablama Palatasının məlumatına görə, 2002-2020-ci illərdə Azərbaycan təxminən 808 milyon dollar yardım alıb, onun 164 milyonu yalnız prezidentin istisna səlahiyyəti sayəsində mümkün olan “təhlükəsizlik” istiqamətlərinə sərf olunub. Məhz buna görə 2025-ci il avqustun 8-i sadəcə diplomatik təqvimdə bir tarix deyil. Bu, köhnə baryerlərin yeni etimad səviyyəsinə yol verdiyi, Cənubi Qafqazın isə Vaşinqtonun Bakı ilə strateji tərəfdaşlıq qurmağa sözdə deyil, real layihələr və siyasi təminatlar əsasında hazır olduğunu nümayiş etdirdiyi məqamdır.


Referans xəbər verir ki, Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, sözügedən qanun mürtəce bir qərardır və dünyanın ən ədalətsiz nəticələrindən biridir: “Tarixdə görünməyib ki, işğala məruz qalan ölkəyə hərbi yardımlar qadağan olunsun. O vaxtkı Amerika rəhbərliyi bu ləyaqətsiz addımı atıb. Bu sənəddə Baydenin xüsusi iştirakı var. Bu adam ermənipərəst idi və layihənin müəlliflərindən biridir. Ona görə də Azərbaycan torpaqlarını azad etməklə Amerikası, Rusiyası, Fransası başda olmaqla, dünya ictimaiyyətinə bu məsələlərdə bir dərs keçdi. Beynəlxalq ictimaiyyət haqlı ilə haqsızı ayırd etmək istəmədi. Bu gün də ermənilərə qahmar çıxanlar var. Onları ABŞ-də, Avropada çox görmək olar. Sadəcə, Azərbaycan bu qüvvələri haqlı addımları ilə susdurub”.

Onun fikrincə, “907-ci düzəliş” adlanan axmaq sənəd ABŞ adına rüsvayçılıqdır: “Bu qərarın hələ də yaşaması demokratik ölkə adına biabırçılıqdır. Axı harada görünüb ki, işğalçı deyil, torpağı yağmalanan tərəf sanksiyaya məruz qalsın? Bu qərar dünya tarixində ən absurd addımlardan biridir. İndi yeni hakimiyyət Azərbaycanla dostluq əlaqələri qurur. Biz inanırıq ki, hazırkı ABŞ rəhbərliyi Konqresə təsir edəcək. Düzdür, Konqresin bir qanun layihəsini ləğv etməsi müşkül məsələdir, amma mümkündür. Bunun üçün siyasi iradə və obyektiv yanaşma lazımdır”.

Professor qərar ləğv edilməsə belə, Azərbaycanın bundan zərər görməyəcəyini düşünür: “Biz müasir silahlar alırıq. Azərbaycana "907-ci düzəliş" əngəl ola bilmir. Vətən torpaqlarını azad edəndə də bu sanksiya yolumuzda hasar ola bilmədi. Yəni işləməyən, əhəmiyyətsiz sanksiyadır. Bununla belə, ədalətin yerini tapması üçün onun ləğvi mütləqdir. Dünya ictimaiyyətinə də, Amerika siyasətində olanlara da, erməni lobbisinə də dərs olmalıdır ki, ədalət gec də olsa yerini tapır".  

Seçilən
6
1
referans.az

2Mənbələr