ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 28 avqust, AZƏRTAC
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə regionumuzda və beynəlxalq münasibətlər prosesində hazırda cərəyan edən mühüm məqamlara toxunub, Azərbaycanın yürütdüyü xarici siyasətlə bağlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bu müsahibə çox önəmli bir məqamda - dünyada geosiyasi vəziyyətin sürətlə dəyişdiyi bir dönəmdə Azərbaycanın sabit mövqeyinin bir daha möhtəşəm şəkildə nümayişidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın Qarabağın işğaldan azad olunması, suveren ərazilərini bərpa etməsi və sülh gündəliyi məsələlərində prinsipial mövqeyi onu göstərir ki, məhz Amerika Birləşmiş Ştatlarında (ABŞ) Donald Trampın vasitəçiliyi ilə imzalanan sülh razılaşması ölkəmizin və Prezident İlham Əliyevin yürütdüyü davamlı sülh gündəliyindən irəli gəlir: “ABŞ-da sülh üçün çalışan bir şəxsin hakimiyyətə gəlməsi, Azərbaycanın Ermənistanla danışıqlarda apardığı əhatəli danışıqlar prosesi bu razılaşmanın gerçəkləşməsini şərtləndirdi. Təbii ki, razılaşmanın Vaşinqtonda imzalanması onu göstərir ki, bütün bu illər ərazində Azərbaycan dövləti uğurlu, çoxvektorlu siyasət həyata keçirib, Türk dünyası, Yaxın Şərq və region ölkələri ilə ölçülüb-biçilmiş siyasət həyata keçirib. Məhz bunun nəticəsidir ki, dünyanın və regionun əksər ölkələri bu razılaşmanı alqışladı. TRİPP adlanacaq bu yol - Zəngəzur dəhlizi indiki mürəkkəb geosiyasi vəziyyətdə, hərbi toqquşmaların mövcud olduğu şəraitdə dünyanın bütün iqtisadi nəhəngləri - Çin, ABŞ, Avropa İttifaqı, Rusiya, İran, yaxın Şərq ölkələri və Türkiyə kimi dövlətlər bundan bəhrələnəcək. Azərbaycan bununla bütün qütbləri, hətta toqquşan tərəfləri bu sülh və sabitlik qovşağında birləşdirməyi bacarır, dövlət başçısının da vurğuladığı kimi Azərbaycan uzun bir müharibə yolunu keçib, öz ərazisində iki Qarabağ müharibəsi, 1 milyona yaxın əhalinin qaçqınlıq və köçkünlük həyatını yaşayıb, nəhayət, regionda sülhü bərqərar edib. İndi Yaxın Şərq ölkələri, dəqiq desək, Suriya, İsrail və digər ölkələrlə dialoq və danışıqlar prosesinə töhfə verir”.
Vüqar Əhmədov avqustun 8-də Azərbaycan və Ermənistan liderləri arasında imzalanan sazişin möhkəm təməllər üzərində qurulduğunu xatırladaraq qeyd edib: “Bundan sonra Ermənistanda hansı siyasi proseslərin baş verməsindən asılı olmayaraq, sazişin dəyişilməsi real görünmür, çünki bu razılaşma ABŞ qarantiyası altında dövlətlərarası bir sazişdir. İndi yalnız sülh müqaviləsinin imzalanması üçün əsas qalan iş Ermənistanın öz konstitusiyasına edəcəyi dəyişiklikdir. Faktiki biz burada Azərbaycanın xarici siyasətinin necə dəqiq işlədiyinin və milli maraqlardan çıxış edərək yol xəritəsi cızdığının şahidi oluruq. Artıq Azərbaycan vətəndaşları tam təhlükəsiz şəraitdə ABŞ qarantiyası ilə bu dəhlizdən istifadə edərək Naxçıvana, Türkiyə ərazisinə birbaşa və quru ərazisi vasitəsilə çıxış əldə edirlər, bütün tərəflər, hətta prosesi illərdir uzadan İrəvan razılaşmadan məmnundur. Azərbaycanın siyasi iradəsi altında bütün bunlar gerçəkliyə çevrildi. Azərbaycanın uğurlu diplomatik gedişi sayəsində əvvəllər Zəngəzur dəhlizinə rəqib kimi görünən İran da artıq öz ərazisindən Azərbaycana dəhliz verir. Bu isə ümumilikdə Cənubi Qafqazın inkişafına, kommunikasiya və yolların şaxələndirilməsinə töhfə verir, nəinki Şərq-Qərb, Şimal-Cənub dəhlizinin inkişafına təkan vermiş olacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan güclü dövlətdir və Qarabağda qazandığı möhtəşəm Qələbədən sonra heç bir qüvvə ölkəmizə qarşı məkrli planlar həyata keçirə bilməz. Qarabağın məhz hərbi yolla işğaldan azad olunması Zəngəzur yolunun sülh yolu ilə açılmasını şərtləndirən əsas amil oldu. İndi Azərbaycan Qarabağın yenidən qurulmasını və qayıdış prosesini çox uğurla həyata keçirir, regionda nəqliyyat kommunikasiyaları açılandan sonra bölgəmiz daha da inkişaf edəcək”.
O diqqətə çatdırıb ki, ABŞ-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etməsi həm dövlətimizin, eyni zamanda, bütün regionun xeyrinədir: “Yeni yolların açılması və fəaliyyətə başlaması ilə bütövlükdə Qərb, Avropa İttifaqı ölkələri bundan daha çox fayda götürəcək. Azərbaycanla yanaşı, Türkiyə və Mərkəzi Asiya ölkələlərinin bu prosesdə rolu həlledicidir. Mərkəzi Asiyanın zəngin karbohidrogen yataqları Transxəzər layihəsi vasitəsilə Qərbə daha geniş çıxış əldə edə bilər. Azərbaycanın daim sülhü, barışığı və dialoqu təbliğ etməsi və gündəmdə saxlaması nəticədə ölkəmizin dostlarının sayını daha da artırmış oldu. Azərbaycan elə bir regionda yerləşir ki, bu gün Yaxın Şərqdə gedən proseslərdə aktiv rol alır, Suriyanın qazla təchizatına töhfə verir, danışıqlar prosesində vasitəçi rolunu oynayır, eyni zamanda, Şərqlə Qərb arasında körpü rolunu oynayır. Bütün bunlar Prezident İlham Əliyevin apardığı uğurlu diplomatiya və uzaqgörənliyi, siyasi əzmi nəticəsində mümkün olub”.
Vüqar Əhmədov vurğulayıb ki, dövlətimizin başçısının müsahibəsini dinlədikcə hər bir vətəndaş bir daha qürur duyur ki, Azərbaycan nə qədər uzun və şərəfli bir yol qət etdi, uzun sürən və ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan nəticəsiz danışıqlar geridə qaldı. Azərbaycan öz gücü ilə münaqişəni həll etdi, regiona sülh gətirdi, uğurlu diplomatiyası və səbirli siyasəti sayəsində dünyanın müxtəlif qitələrindən olan ölkələrdən özünə daha çox dost qazandı, üzləşdiyi münaqişəni həll etməklə yanaşı, bu gün regional sülh və dialoq proseslərinə töhfə verir. “Bütün bunlar bir dövlət olaraq Azərbaycanın dünyada nüfuzunun artmasında çox böyük rol oynadı. Biz indi şahidi oluruq ki, həm qonşuluqda, eyni zamanda, dünyanın digər bölgələrində öz ərazi bütövlüyünü həll edə bilməyən ölkələr var. Azərbaycan nadir ölkələrdən oldu ki, öz mübarizəsi ilə BMT və ATƏT-in həll edə bilmədiyi münaqişəni özü təkbaşına həll etdi. Prezident İlham Əliyevin qətiyyəti və ordumuzun döyüşkən ruhu sayəsində dünyanın ən böyük və güclü dövləti ABŞ Azərbaycanla Ermənistan arasında sülh razılaşmasına imza atdı. Şübhəsiz ki, bütün bunlar dövlətimizin son illərdə əldə etdiyi ən böyük nailiyyətlərdir və bu uğurların arxasında güclü iradə, düşünülmüş siyasət və böyük zəhmət dayanır”,- deyə o bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.