ABŞ-də Donald Tramp administrasiyası, əsasən xarici tələbələr olmaqla bəzi viza sahiblərinin ölkədə qalma müddətini məhdudlaşdırmağı hədəfləyən yeni normativ sənəd layihəsi təklif edib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) mövzu ilə bağlı açıqlama yayıb.
Açıqlamada Tramp administrasiyasının viza sahiblərinin ABŞ-də qalma müddətini məhdudlaşdırmağı nəzərdə tutan bir normativ təklif irəli sürdüyü bildirilib.
Layihə yekunlaşarsa, xarici tələbələr və ABŞ-də işləməyə icazəsi olan mədəni mübadilə proqramı iştirakçıları ölkədə maksimum 4 il qala biləcəklər. Xarici mətbuat nümayəndələrinin viza müddəti isə 240 günlə məhdudlaşdırılacaq.
Qeyd olunub ki, “Əvvəlki administrasiyalar uzun müddət ərzində xarici tələbələrin və digər viza sahiblərinin ABŞ-də demək olar ki, müddətsiz qalmasına icazə verib”.
Bu vəziyyətin “təhlükəsizlik riskləri yaratdığı və ABŞ vətəndaşlarını əlverişsiz duruma saldığı” iddia edilən açıqlamada, yeni tənzimləmənin “sui-istifadəyə son qoyacağı və federal hökumətin üzərindəki yükü azaldacağı” vurğulanıb.
Sözügedən layihə ilk dəfə 2020-ci ildə Trampın prezidentliyinin birinci dövründə təklif olunmuş, lakin keçmiş ABŞ prezidenti Co Baydenin administrasiyası tərəfindən 2021-ci ildə geri çəkilmişdi.