Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq media subyektlərinə verdiyi müsahibələr sadəcə cari siyasi gündəliyin izahı deyil, həm də dövlətimizin mövqeyinin, strateji hədəflərinin və regionun gələcəyinə baxışının təqdimatıdır. Bu müsahibələr dünya ictimaiyyətinə Azərbaycanın ədalətli mövqeyini, müstəqil siyasətini və təşəbbüslərini birbaşa dövlət başçısının dilindən çatdırır. Onlar həm diplomatik alətlərdən biri, həm də informasiya siyasətinin vacib istiqamətidir.
Bu baxımdan Prezident İlham Əliyevin 26 avqust 2025-ci ildə Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə xüsusi əhəmiyyət daşıyır. Müsahibədə ölkə başçısı sülh gündəliyi, Zəngəzur dəhlizi və TRIPP layihəsi, Qarabağda bərpa işləri və beynəlxalq tərəfdaşlıqlar mövzusunda mühüm mesajlar səsləndirdi.
Prezident İlham Əliyev müsahibədə vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması bölgədə davamlı sabitliyin və inkişafın təmin olunması baxımından həyati əhəmiyyət daşıyır. Dövlət başçısı bildirib ki, bu müqavilənin əldə edilməsi üçün əsas şərt Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların aradan qaldırılmasıdır. Qeyd edək ki, Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqtonda birgə imzaladığı bəyannamə regionda yeni siyasi vəziyyətin formalaşmasına zəmin yaradır. Ağ Evdə baş tutan görüş yalnız iki ölkə arasında deyil, bütün Cənubi Qafqazın taleyində həlledici dönüş nöqtəsi kimi yadda qaldı. Dövlət başçısı müsahibədə vurğulayıb: “Təqribən beş il bundan əvvəl 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı. Bundan sonra prosesdə müəyyən bir boşluq yarandı, çünki o zaman vasitəçilər artıq hansı addımı atmalı olduqlarını bilmirdilər və məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif etdi. Yenə də məhz biz danışıqlar formatının təşəbbüskarı olduq. Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan-Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır. Qeyd etdiyim kimi, danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur”.
Belə ki, 2025-ci ilin avqust ayında Prezident İlham Əliyevin ABŞ-a rəsmi səfəri və bu çərçivədə Ermənistanla imzalanan sülh sazişi Cənubi Qafqazda və daha geniş geosiyasi məkanda mühüm dönüş nöqtəsi olmuşdur. Bu hadisə Azərbaycan-Amerika münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və uzunmüddətli münaqişənin diplomatik yolla həllinə doğru atılan əhəmiyyətli addım kimi qiymətləndirilir.
Digər mühüm məsələ Zəngəzur dəhlizi və TRIPP marşrutu ilə bağlıdır. Prezident İlham Əliyev qeyd edib ki, bu layihə təkcə Azərbaycan üçün deyil, bütövlükdə region və qlobal tranzit sistemləri üçün strateji əhəmiyyət daşıyır.
Bu layihə Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirəcək, Ermənistanı tranzit ölkəyə çevirəcək, bölgədə yeni əməkdaşlıq imkanları yaradacaqdır. ABŞ Prezidenti Donald Tramp tərəfindən “TRIPP – Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” adının verilməsi layihəyə beynəlxalq siyasi dəstəyin göstəricisi kimi qiymətləndirilib. Prezident İlham Əliyev deyib: “Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq”.
Prezident İlham Əliyevin sözlərinə görə, bu dəhlizin reallaşması Ermənistanın da maraqlarına cavab verir, çünki ölkə tranzit haqqı qazanmaqla iqtisadi mənfəət əldə edəcək.
Ümumiyyətlə, Azərbaycan bu gün beynəlxalq hüquqa, dostluq və əməkdaşlıq prinsiplərinə sadiqdir. Ukraynanın ərazi bütövlüyünə dəstək, Türk Dövlətləri Təşkilatının inkişafına verdiyimiz töhfələr, qlobal enerji və nəqliyyat layihələrində liderliyimiz bunun ən parlaq sübutudur.
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə sadəcə bir informasiya mübadiləsi deyil, həm də Azərbaycanın diplomatik strategiyasının açıq manifestidir. Bu çıxış həm ölkəmizin sülh gündəliyinə sadiqliyinin, həm də geoiqtisadi layihələrin reallaşdırılmasında fəal liderlik rolunun göstəricisidir.
Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, dövlətimizin əsas hədəfi regionda uzunmüddətli sabitlik, dayanıqlı inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq mühitinin yaradılmasıdır.
Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri